Əsas məzmuna keç

Heca şeiri

Peyğəmbərim

Zəlimxan Yaqub

2
Həzrəti peyğəmbərimiz Məhəmməd Əleyhissəlamın məzarı önündə yaşadığım duyğular əbədiyyət duyğuları idi

Ey ulu Tanrının əziz bəndəsi, Allahın diliylə danışan insan. Yerlərin ləngəri, göylərin səsi, Varlığı Allahdan bir nişan insan!

Ey ulu göylərin yeddi qatıyla, Könül dostu kimi dil tapan insan. Ömrünün, gününün hər saatıyla Nurlu könüllərə yol tapan insan!

Məkkə möcüzəsi, Kəbə memarı, Sehrdən yoğrulan, sirr olan insan. Miskinlər həmdəmi, yetimlər yarı, İşığı dünyayla bir olan insan!

İlki də, sonu da bilən, bildirən, Ey bəşər nəslinin son peyğəmbəri. Dünyanın üzünü haqqa döndərən, Qiblə peyğəmbəri, yön peyğəmbəri!

Allahdan bəndəyə müjdələr verən, Ən uca elçisən, ya Rəsulallah! İnsana insanlıq yolu göstərən, Ən böyük ölçüsən, ya Rəsulallah!

Sənə salam üçün, ehtiram üçün, Pak əllər üzlərin xidmətindədir. Eşqinlə yaranmış bir inam üçün, Günəş gündüzlərin xidmətindədir!

Eşqinlə çırpındı, yandı, əridi, Haqqın işığına bürünən mələk. Bütün mələklərin bəxtəvəridi, İlk dəfə gözünə görünən mələk.

Dilində dil açar Quran ayəsi, Könlündə çalxanan dərya yaratdı. Düşəndə üstünə haqqın sayəsi, Dünyada ikinci dünya yaratdı!

İşıqdı məscidin, nurdu məzarın, İşıq peyğəmbərim, nur peyğəmbərim! Quran ayəsində, haqq kəlamında, Düzülüb saplara dürr peyğəmbərim!

Bərəkət sünbüldən, dəndən başlanıb, Ucalıq Tanrıdan, dindən başlanıb. Mənimçün bu dünya səndən başlanıb, Eşqi dənizlərdən gur peyğəmbərim!

Bəndələr dəyişir haqq yazanları, Qaytar həqiqətə yol azanları. Eşit çəkdiyimiz bu əzanları, Qurğunu yenidən qur, peyğəmbərim!

Möminlər üzünü qardan ağ eylə, Əyilən başları qarlı dağ eylə. Adillər yolunu çilçıraq eylə, Qatillər boynunu bur, peyğəmbərim!

İstəkli bəndənə verməzsən əzab, Müşkül suallara səndədir cavab. Quranın Qurandı, kitabın kitab, İsrafil çalsa da sur, Peyğəmbərim!!!

Mədinə, 1994, iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.