Əsas məzmuna keç

Poema

Peyğəmbər

Zəlimxan Yaqub

1

PEYĞƏMBƏR

SƏNƏ SALAMLAR OLSUN, YA MƏHƏMMƏD MUSTAFA!

İşıqlı dünyamıza işıqtək gəlişinə, Məkkədə əyilən işinə, Bədrdə sındırılan dişinə, Döyüşdə çapılan üzünə, Ühüddə yaşaran gözünə, Zərbədən qanayan sifətinə, Sonu aydınlıq olan çətinə, Ən gərgin anında da, ölümün yanında da, Haçalanmaq bilməyən böyük həqiqətinə Bizdən salamlar olsun, ya Məhəmməd Mustafa!

Həmişə ayıq-sayıq, həmişə sənə layiq, “Siddiq”lər sırasında sənə dost, sənə sadiq, Səni candan çox sevən orduna, əsgərinə, O alayın gücünə, səsinə, səngərinə, O igidin dağları titrədən ləngərinə, Basılmaz qeyrətinə, tükənməz təpərinə,

Uca “Bismillah”ına, “Allahu-Əkbər!”inə, Bizdən salamlar olsun, ya Məhəmməd Mustafa!

Kafiri lənətlə qoşa, müşriki bağrı daş gördün, Kafirin dilində zəhər, mömini uca, baş gördün. Yaşadığın illərin sayından çox savaş gördün, Dünyaya lənət üçün yox, rəhmət üçün gəldin, Sevgi üçün, barış üçün, mərhəmət üçün gəldin. Barışda rəhmli, Düşmənə münasibətdə Düşüncəli, təmkinli, fəhmli. Əhddə sədaqətli, sevgidə əlaçıq, Ən gərgin anda belə Ürəyində nə kin-küdurət, nə acıq; Sənin böyük cəbrinə, dözümünə, səbrinə Bizdən salamlar olsun, ya Məhəmməd Mustafa!

Milyonların içində Allah sanadı, saydı, İslamı bu dünyaya sənin eşqinlə yaydı. Heç vaxt qəm eləməzdin, Şeytanın, şeytanlığın

Əbu Süfyanı, Əbu Ləhəbi, Əbu Cəhli, Müaviyəsi, Mərvanı, Yezidi olmasaydı! Allahın qüdrətiylə yendin yenilməzləri, Sən özünə tanıtdın özünü bilməzləri. Sənin dara düşdüyün, ölümlə görüşdüyün, Ən narahat anlara, Adını çəkən zaman qalxıb ucalanlara Bizdən salamlar olsun, ya Məhəmməd Mustafa!

Bizim çəkdiklərimiz toya getməlidir, Bu dünyanın dərdini nə çəkdinsə, sən çəkdin. Məkkəli müşriklərdən, Mədinəli münafiqlərdən çəkdin. Müşriklər düşməndi açıq-açığına, Hər alçaqlığa gedir sənin acığına. Xeyir donunda gələn şər qorxuludur, Dilində sənə dost, Ürəyində sənə düşmən münafiqlər qorxuludur.

Üz-üzə gələndə sənin tərəfində duranlar, Sənə dost olmaqdan dəm vuranlar, Xəlvətə düşəndə möminə qəsd edib, Müslümü susduranlar qorxuludur! Hiylənin torunu toxuyanlar, Quranı yalandan görk üçün oxuyanlar, Nəfəsi küfr qoxuyanlar, Addımbaşı hiylə quranlar qorxuludur! Bunu gördük avand işin tərsinə yozulanda, Bunu gördük “Hüdeybiyyə” sülhü xaincəsinə pozulanda. Bunu gördük Bədrdə, Ühüddə, Mütədə, Xəndəkdə, Xeybərdə, Bunu gördük həqiqət libasına bürünmüş Neçə-neçə yalançı xəbərdə. Bunu gördük Məkkə müşrikləri Peyğəmbər anası Əminə anamızın Məzarını eşmək fikrinə düşəndə. Bunu gördük Hicrətin dördüncü ilində, Bayquşlar yuvasında, xəyanət mənzilində! Səfər ayında, Raci faciəsində, Asim ibn Sabitin

Altı nəfərlə birgə Şəhid olan məqamda “Allah, Məhəmməd!” deyib, Haqq çağıran səsində! Bu qədər rəzalətə, bu qədər xəyanətə, Dözüm, səbir göstərən böyük təbiətinə, böyük məhəbbətinə Bizdən salamlar olsun, ya Məhəmməd Mustafa!

Sənin görüb-bildiyin ağır müsibətləri, Çaşbaş düşən yolları, çarpaz düşən xətləri, Çəkilməyən dərdləri, ağır olan şərtləri; Kürəyə bıçaq vuran qaniçən namərdləri, Haqqa çağırmaq üçün cəsarətlə savaşdın, Rəzilliyi susdurub rəzalətlə savaşdın, Köləliyi rədd edib əsarətlə savaşdın, Cahilliyə son verib cəhalətlə savaşdın. Bütün çarpışmalarda Cahillik azarından Xilas etmək istədin bəşərin həyatını, Yaradanın yolunda Qorxu hissi bilməyən bir qüdrətlə savaşdın.

Sənin eşqin yolunda oğullar başdan keçib, Sənin sözün haqq olub, ox kimi daşdan keçib, Ömrün neçə zəfərdən, neçə savaşdan keçib, Ömür – nə gözəl ömür, həyat – nə gözəl həyat. Hər günün, hər saniyən, hər saatın mübarək! Min illərə dərs olan bu həyatın mübarək! Qaliblər sərkərdəsi, qəzavatın mübarək! Bağlandığın qüdrətə, Sənin sahib olduğun böyük əbədiyyətə Bizdən salamlar olsun, ya Məhəmməd Mustafa!

Ənsarla mühaciri, müşrik ilə mömini, Kafirlə müsəlmanı gətirib bir araya Məlhəm qoymaq istədin Təfriqədən, hiylədən Bəşərin qəlbindəki sağalmayan yaraya! “İnsan həlak olmasın avamlığın əlində, qoy çəkməsin ah!” dedin, “İnsanın, insanlığın Yeganə xilaskarı Allahdı, Allah!” dedin.

Sənin inandığına, Mənim inandığıma Bizdən salamlar olsun, ya Məhəmməd Mustafa!

Bütün vuruşmalarda Haqqın yanına varan, Bütün çaxnaşmalardan sağ-salamat qurtaran, Savaşlardan daha çox barışlara can atan, Bütün arzularına “Bismillah” deyib çatan, Sevgim, sevgilim, yarım, ey Əhmədi-Muxtarım! Allahın vergisiydi ağlın, elmin, ədəbin, Ömür-gün yollarında bircə idi məramın, bircə idi mətləbin. Hər gün sayı çoxalsın “İnsani-kamil”lərin, İşləri dolaşmasın “Allah” deyən dillərin. İnsan haçalanmasın, Tapsın səadətini Allaha inamında, Dinin, ruhun, məsləkin bütövündə, tamında. İnsanların üstünə şər suyu calanmasın, Haqqa doğru yönəlsin, yollar parçalanmasın. Bu möhtəşəm niyyətə,

Allah qarşısındakı böyük məsuliyyətə Bizdən salamlar olsun, ya Məhəmməd Mustafa!

Sən hər dəfə çəkəndə Yaradanın adını, Gərirdi başın üstə Cəbrayıl qanadını. Sənlə çiyin-çiyinə mələklər savaşırdı, Sənin qələbən üçün Girib mələk donuna Səhrada qasırğalar, küləklər savaşırdı. “əz-Zuha” surəsini sənə endirən Allah, Səni peyğəmbər kimi şirin dindirən Allah, “Axirət bu dünyadan xeyirlidir” deyəndə, Səni peyğəmbər kimi qaldıranda, öyəndə, Yetim bir uşaq ikən sığınacaq verəndə, Qırx yaşa çatan kimi Quranı göndərəndə, Canında, cövhərində Uca peyğəmbərliyi toxum kimi əkəndə, Rəbbin heç vaxt, heç zaman səni tərk etməyəndə, Səni qalib yaratdı qələbələr naminə. Sənin ölməz ruhunu “əl-Kövsər”lə süslədi,

Hökmüylə, fərmanıyla Ancaq səni çağırdı, ancaq səni səslədi. Ruhun ucadan-uca, ağlın dərindən-dərin, Sənə sonsuz deyənin özünə sonsuz dedi, Verdi sərt cavabını As ibn Vaillərin, Qıfıl vurdu ağzına yaman deyən dillərin. Şərəf bəxş etdi Tanrı Haqdan gələn zatına, Qiyamət gününədək gətirəcək yadına, Salavat göndərəcək onlar sənin adına. Qiyamət gününədək Onların ömrü-günü toydan, yasdan keçəcək, Səni sevən nəsillər Ən müqəddəs qapıdan – “əl-İxlas”dan keçəcək. Özü hər şeydən uca, sözü hər şeydən baha, Həmd olsun, şükür olsun Bizləri xəlq eləyən Yaradana, Allaha! Ey uca Yaradanım! Gözümdə qoyma mənim istəyimi, kamımı, Yazdığım bu əsərlə Peyğəmbərə sən yetir mübarək salamımı!!!

MİNACAT

De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (“əl-Ənam” surəsi, 162-ci ayə)

Düşdüm Peyğəmbərdən yazmaq eşqinə, Sidq ilə, sevgiylə “Bismillah” dedim. “Məndən əsirgəmə məhəbbətini, Güc ver varlığıma, ya Allah!” dedim. Ağırdı bu işin altına girmək, Çətindi bu yükə çiynimi vermək. İradəm bu işə gətirməsə tab, Sirdaşım dərd olar, qismətim əzab. Səndən verilməsə xeyir-duası, Səndən yetişməsə nuru, ziyası, Səndən yoğrulmasa xəmri, mayası, Nə əsər yaranar, nə kitab olar. Alimin qazancı ürəkağrısı, Şairin qazancı iztirab olar.

Qarşıda bir eşqin imtahanı var, Etmə bu yollarda meydanımı dar! Səndən umacağım, umduğum budur, Qırma ürəyimi, ey Pərvərdigar! Kövsər irmağıtək durulsun qanım, Eşqindən od ver ki, alışsın canım. Ruh ver, nəfəsinlə sağalsın yara, Nur ver, işıq salım qaranlıqlara! Dil ver, bal eləsin sözüm dilləri, Yol ver, rahat keçim bu mənzilləri. Söz ver, islam adlı dinindən yazım, Toxumundan yazım, dənindən yazım. Göz ver, bir qatında yeddi qat görüm, Zahiri anlayım, batini seçim. Uzaq bir səfərə ehtiyat görüm, İslamın pirindən, mərdindən yazım. Yazım Məhəmmədin səadətindən, Yazım Peyğəmbərin dərdindən, yazım.

İslamın eşqinə tikib-qurduğum Qalanı göstərim, bürcü göstərim. Öhdəmə düşəni çatdırım başa, Qaytara bildiyim borcu göstərim. Ağırmı, yüngülmü, boşmu, dolumu, Bu elmin yükünü axtarım, tapım. Fürsət ver, bugünkü dərdlərimizin Dünəndə kökünü axtarım, tapım. Təpər ver, əlimdə qələm əsməsin, Mən öz kitabıma nöqtə qoymamış Başımın üstünü əcəl kəsməsin. Elə yazmalıyam bu əsəri mən, Mənim taleyimə savab yazılsın, Mənim ünvanıma suç yazılmasın. Allahın eşqiylə yazılmayan söz Bəndənin əliylə heç yazılmasın. “Ey ulu Yaradan, ey qadir Allah!

Səndən mənə gələn bağları kəsmə, Qəlbimdə səslənən teli qırma sən. Zəlimxan qulunu, şair bəndəni Peyğəmbər yanında utandırma sən!” Nə çörək, nə sudur murazım mənim, Tanrıdan tək budur murazım mənim! Bir Qədr gecəsi istəyirəm mən, Yerdən də, göydən də savab göndərə, Saça işığını qaranlıqlara, Gizli suallara cavab göndərə. Bir Qədr gecəsi istəyirəm mən, Hər sətri Allahın nuruyla dolu “Peyğəmbər” adında kitab göndərə. Tanrı sevgisiylə dinəm, dindirəm, Yazdıran Haqq ola, yazan mən olam. Ala salamımı göydən mələklər, Bilalın çəkdiyi azan mən olam.

Haqq məni döndərə haqq aşiqinə, Bu eşqin yolunda ozan mən olam. Bir Qədr gecəsi istəyirəm mən, Məni sübhə kimi oyaq saxlasın. Versin Yaradanım istədiyimi, Mələklər yanımda ayaq saxlasın. Bir Qədr gecəsi istəyirəm mən, “Qurani-Kərimi” endirən gecə; Basıb öz bağrına Peyğəmbərimi, Allahın diliylə dindirən gecə. İdrak da, ağıl da, ruh da, nəfəs də, Canda nizam olsun, başda cəm olsun. Çatdırsın fikrimi qadir Allaha, Ayların içində min aydan baha, “Min aydan xeyirli bir gecə”m olsun. Bütün qapıları taybatay açan Bir istək, bir sevgi, bir qılıq olsun.

Mənim də qapımı mələklər açsın, Bu mənə ən böyük yaxşılıq olsun. Yerbəyer eləsin ağır-yüngülü, Qursun tərəzidə hər mizanımı. Versin Zəlimxanın ixtiyarına Ayların sultanı Ramazanımı. O gecə dan yeri sökülənədək, Ulduzlar göylərdən çəkilənədək, Təzə tarlalara təzə toxumlar Təzə arzu kimi əkilənədək! Qədr gecəsinə tutum üzümü, Qədr gecəsinə deyim sözümü. Deyim: “Ey Allahın qadir gecəsi, Saysız gecələrin nadir gecəsi, Dayaz sahillərdə çox üzmüşəm mən, İzin ver, bu dəfə keçim dərindən, İzin ver, söz açım Peyğəmbərindən”. Bu əhdi yerinə yetirmək üçün,

Peyğəmbər bağından çiçəklər dərib, “Peyğəmbər” əsərin bitirmək üçün, Ulu Məhəmmədin çox istədiyi Bir dua gecəsi, hacət gecəsi, Bir ətir gecəsi istəyirəm mən! Bir ulu mərhəmət, bir uca hörmət, Bir xətir gecəsi istəyirəm mən! Könül dastanını başa vurmağa İradə gecəsi, dözüm gecəsi, Bir səbir gecəsi istəyirəm mən! Bir Qədr gecəsi istəyirəm mən!!!

SİRR GİZLƏDƏN, SƏNDƏN MƏDƏD!

(niyyət)

Mənim hüzuruma çıxanda öz hərəkət və əməllərinizlə deyil, öz niyyətinizlə çıxın. (“Hədisi-Şərif”)

Yağış kimi yağa-yağa, bulud kimi dola-dola, Çıxmışam bir doğru yola, sirr gizlədən, səndən mədəd!

Dəniz sənin, dərya sənin, üzmək üçün güc ver mənə, Sədəfində saya gəlməz dürr gizlədən, səndən mədəd!

Mənzil də çox, məkan da çox, gəlim harda qərar tutum, Göstər mənə öz yerimi, yer gizlədən, səndən mədəd!

Mənə də ver Məhəmmədin alnındakı yanan nurdan, Nuru məndən əsirgəmə, nur gizlədən, səndən mədəd!

Peyğəmbərdən söz açıram, bir körpü sal ondan mənə, Pir içində neçə-neçə pir gizlədən, səndən mədəd!

ADƏMDƏN XATƏMƏ

Peyğəmbərdən soruşdular: “Ya Rəsulullah, sən nə zaman peyğəmbər oldun?” Peyğəmbər: “Adəm əleyhissəlam hələ ruh və cəsəd arası bir var ikən” buyurdu. (“Hədisi-Şərif”)

Yoğurdu palçığı, verdi nəfəsi, Tanrı möhür vurdu, bəndə yaratdı. Adəm adı verdi ilk bəndəsinə, Onu ən işıqlı gündə yaratdı.

Oxşadı hüsnünü, sevdi boyunu, Artırdı nəslini, çaldı toyunu. Verdi çörəyini, verdi suyunu, Qisməti sünbüldə, dəndə yaratdı.

Duydu ləzzətini, daddı tamını, Sevgiylə doldurdu eşqin camını. Göylərdən endirdi yer adamını, Onu ən müqəddəs dində yaratdı.

Dünyaya nə qədər peyğəmbər gəlib, İlki Adəm oldu, sonu Məhəmməd! Bütün insanlığın babası kimi Başına tac bildi onu Məhəmməd!

Nurdan xəlq olundu bu İlahi zat, Göylərdən verildi ona bu həyat. Cəbrayıl quş kimi çalanda qanad, Tanıdı nəfəsi, ünü Məhəmməd!

Fikrin tarlasını şumladı, əkdi, Əkilən torpağa səpin gərəkdi. Məscidül-Əqsadan Kəbəyə çəkdi, Dəyişdi qibləni, yönü Məhəmməd!

Əqidə yolunda yollar yorğunu, Haqqın aşiqiydi, eşqin vurğunu. Cavabsız qoymadı sual-sorğunu, İşıqla doldurdu dini Məhəmməd!

Dedi: “Bilmək dilərsənsə, buyur, eşit cavabımı, Bu dünya xəlq olan günü mən dünyada dünya idim.

İçim işıq, çölüm işıq, Rəbbim işıq, özüm işıq, Gur işıqlar qucağında bir çalxanan dərya idim.

Günəş məndə doğub-batar, Ay mənə ehtiram eylər, Alnımdakı nur nişandı, aləmlərə ziya idim.

Məni seçən qadir Allah gözəl əxlaq bağışladı, Bəşər üçün ismət idim, abır idim, həya idim.

İlahinin ən mübarək arzusundan hasil olan Varlıq idim, həyat idim, yuxu idim, röya idim.

Həqiqətlə görür işi Haqqa aşiq olan kişi, Mən Allahın, Yaradanın mülkündə tutiya idim.

Adəm hələ palçıq ikən bu dünyada var olmuşdum, Haqqın “Ümmül-kitab”ında Xatəmül-Ənbiya idim”.

BİR İŞIQ DOĞULUB GƏLDİ DÜNYAYA

(Peyğəmbərin mövludu)

Arzu uca idi, ümid mötəbər, Duyğular getdikcə çözələnirdi. Xəbər gözləyirdi dünya, şad xəbər, Səs-səs, nəfəs-nəfəs təzələnirdi.

Cahillik insanın faciəsiydi, Nadanlıq tarixin baş qəhrəmanı. Ancaq xilas yolu Haqqın səsiydi, Qaramat basmışdı əsri, zamanı.

Yol yoxdu haqq yolu tutub getməyə, Cəhalət dünyası dağılmalıydı. Köhnə fikirləri alt-üst etməyə Ruhun xilaskarı doğulmalıydı. Tanrını tanıyan, Haqqa yüksələn

Bir məqam gəzirdi xalqın niyyəti. Tövratda səslənən, İncildən gələn Müjdə gözləyirdi bəşəriyyəti!

Adəmin dilində adı səslənən “Əhməd” gəlməliydi dünya üzünə. Duyğuda yetişən, ruhda bəslənən Rəhmət gəlməliydi dünya üzünə.

İtirib ruhunu, qalmışdı darda, Bu dünya özünü tanımalıydı. Qibləsi hardadı, Zəmzəmi harda, – Bulağın gözünü tanımalıydı!

Dərmansız ağrıyan, məlhəmsiz qalan, Qövr edən yaralar bitişməliydi. Bütün zamanları sahmana salan Zamanın sahibi yetişməliydi. Tapıldı ən böyük dərdin əlacı, Gəldi, xoş niyyətin xəbəri gəldi.

Gözlərin işığı, başların tacı, Qolların qüvvəti, təpəri gəldi.

Min illər keçmişdi o vaxtdan bəri, Həzrət İbrahimin duasıydı o! Mələklər qatında dillər əzbəri, Əminə ananın röyasıydı o!

Bir işıq doğulub gəldi dünyaya, Rəbiül-əvvəlin ortalarında. Yaydı ziyasını Günəşə, Aya Yazın çiçəyində, qışın qarında.

Körpə bir vücudda nələr var, nələr... O, Ay parçasıydı, nur topasıydı. İşıqsız ürəklər, tutqun çöhrələr Onun gəlişiylə nur tapasıydı. Duyğular sirdaşı, könüllər yarı, Cənnət bağçasında uçan quşdu o.

Barmağı tuşlanıb göylərə sarı, Tanrıya səcdədə doğulmuşdu o!

Göydəmi kəsildi göbəyi onun? Dünyaya göbəyi kəsili gəldi. Əvvəlin, axırın, əzəlin, sonun, Bütün diləklərin hasili gəldi.

O günün tarixi şərəfli, şanlı, Allaha imanı ürəyindədi. Peyğəmbər möhürlü, Rəsul nişanlı “Xatəmün-nübüvvət” kürəyindədi.

Eşqini gül kimi dərdilər onun, Sözünü eşq dedi, məhəbbət dedi. Adını göylərdə verdilər onun, Bir səs pıçıldadı, “Məhəmməd” dedi. Yerdə peyğəmbərim doğulan kimi, Göydə bir peyğəmbər ulduzu doğdu.

Nuru qucaqladı yeddi iqlimi, Gur yanan işıqlar zülməti boğdu.

O sirli nəfəsə hey qulaq asdı, Gördü ətri güldü, nəfəsi çiçək; Süveybə anamız bağrına basdı Körpə Məhəmmədi öz balasıtək. Çəkdi diqqətini doğmanın, yadın, Beləcə ötüşdü vaxt da, vədə də; Həzrəti Həmzəyə süd verən qadın Süd verdi körpəcə Məhəmmədə də!

Həlimə ananın kasıb daxması Onun gəlişiylə aşıb-daşırdı. Toy-düyün olurdu ələmi, yası, Bərəkət bu evlə doğmalaşırdı.

Gah meh tərpədirdi, gah sərin külək, Bulud qanadını gərirdi göyə.

Onu qoruyurdu göz bəbəyitək, Səhranın istisi vurmasın deyə.

Məhəmməd qədəmi hara toxunur, Məhəmməd nəfəsi hara dəyirdi – Orda güllər açır, xalı toxunur, Ora cənnət kimi gülümsəyirdi.

Göylər verilmişdi ixtiyarına, Onun hökmündəydi çaylar, dəryalar. Odlu baxışları gəlir karına, Yağışdan doyurdu qumlu səhralar!

Canından can verdi Həlimə ana, Böyütdü beş-altı yaşına qədər. Sevdi Məhəmmədi tər çiçək kimi, Öpdü kirpiyinə, qaşına qədər. Seçdi Yaradanım sıradan onu, Mələklər səslədi Hiradan onu. Beləcə yaratdı Yaradan onu,

Alnında aydınlıq, üzündə həya, Məhəbbət doğulub gəldi dünyaya!

Yerlərin ləngəri, göylərin qatı, Zamanın ən şirin vaxtı, saatı, Həyatın cövhəri, dinin həyatı Saflıqdan yük tutdu, halaldan maya, Ünsiyyət doğulub gəldi dünyaya!

Dillərin “Allahu-Əkbər!”indədir, Sözlərin yükündə, ləngərindədir. İslamın həmişə səngərindədir, Dar gündə Xızırtək yetişdi haya, Cəsarət doğulub gəldi dünyaya!

Yağdırana şükür, yağana şükür, Damlanın içinə sığana şükür. Doğulana şükür, doğana şükür, Min şükür zamana, həftəyə, aya, Məhəmməd doğulub gəldi dünyaya! Həqiqət doğulub gəldi dünyaya!!!

ZAHİRİ GÖRMƏK ASAN, BATİNDƏN NƏ BİLİRSƏN?

Düz yoldasan! (Doğru yol üzrə göndərilən peyğəmbərlərdənsən. Allahın əsl tövhid dini olan islam dinindənsən. Bu yolu tutub gedən haqqa yetişər.) (“Yasin” surəsi, 4-cü ayə)

Hansı gecədə gəldi, nurlandırdı yuxumu, Hardan düşdü qəlbimə bu arzunun toxumu? Mələklər asta-asta necə qondu çiynimə, Nur dağının işığı necə düşdü beynimə? Məni havalandıran bu istək, həvəs nədir, Uzaqdan qulağıma dolub gələn səs nədir? Bu nə külək səsidir, nə tar, nə də ney səsi, Nə şikayət səsidir, nə də bir giley səsi. Bu nə bir iniltidir, nə də kaman səsləri, Allah özü göndərir qəlbə daman səsləri! Bunlar adi səs deyil, söz səsidir, söz səsi, Hər damlanın öz rəngi, öz ahəngi, öz səsi.

Səs sözü gətirəcək, söz Quranı, ayəti, Mələklər danışacaq min dürlü hekayəti. Bu duyğular içində mən də işıq saçıram, Peyğəmbərdən danışıb, Qurandan söz açıram. Ey qələmim, əsmə sən! Fikirləş dönə-dönə, fikirləş, tələsmə sən! Peyğəmbərdən söz açsan, buyruğun Haqdan gərək, Məhəbbətin Qurandan, gücün torpaqdan gərək! Adəmnən Məhəmmədə sənələrcə yol gələn, Mərifət dəryasında gur suları bol gələn, Nuru, hökmü, işığı heç zaman azalmayan, Daima yollar gedən, ancaq yolda qalmayan, İslamın imanında müqəddəs qaynaq tapan, Namaz adlı sütunda sarsılmaz dayaq tapan, İbrahimə, Yaquba, Yusifə, İsmayıla Gün kimi agah olan, Mənzili, mərtəbəsi ən uca dərgah olan, İslam adı daşıyan bu dindən nə bilirsən? Zahiri görmək asan, batindən nə bilirsən?

Öyrənə bilmisənmi Əminə anamızın cövhərini, əslini? Tanıya bilmisənmi Əbdülmüttəlib oğlu Abdullahın nəslini? İçdikləri sərin su hansı bulaqdan gəlir, Hansı qatdan süzülür, hansı torpaqdan gəlir? Zəmzəm adi çeşmədir, yoxsa dirilik suyu? Necə əfsanələşdi Qupquru səhralara həyat verən bir quyu? Suya təşnə ürək nə, quruyan dodaq nədir? Qızıl qumlu səhrada qaynayan bulaq nədir? Quranın ruhundakı sehrli avaz nədir? Tutulan oruc nədir, qılınan namaz nədir? Peyğəmbər Məhəmmədin neçə sirli adı var? Neçə kökü, budağı, neçə qol-qanadı var? Məkkə nədir, Kəbə nə, Kəbədəki daş nədir? Din yolunda şəhidlik, haqq üçün savaş nədir? Öyrənə bilmisənmi mələklərin dilini? Mələklərdən güc alan fələklərin dilini?

Yox müəllim, yox ustad, yox məktəb, yox mədrəsə, Ata-ana sarıdan yetim qalan bir kəsə, Ata üzü görməyən, Doyunca anasına ürəyini verməyən, Qırx yaşında oğula Peyğəmbərlik qatında vergini verən Allah, Nə üçün Məhəmmədə “Peyğəmbərimsən” dedi, “Göydə göyümsən” dedi, “Yerdə yerimsən” dedi? Sual sual dalınca, cavab axtarır, cavab, Sual verməyə nə var, oğulsan, cavabı tap! Düşündükcə bunları biz-biz olur tüklərim, Azdı, min dəfə azdı Bu suallar önündə Mənim öyrəndiklərim, mənim düşündüklərim!!! Götürdüyüm yük ağır, girdiyim meydan geniş, Mənzilə varmaq üçün min yoxuş var, min eniş. Sərt yoxuşlar çıxanda polad dizim bükülsə, Uçrumları enəndə eniş üstümə gülsə, Bu yükü götürməyə əgər gücüm çatmasa, Ürəyimdən keçəni ilhamım yaratmasa,

Məni sevindirməsə bu zaman, bu ərəfə, Zəhmətim çatdırmasa ömrümü bu şərəfə, Bəxtimi yarıtmasa bu yolda arzum, kamım, Ya susub şairliyim, ya da susub ilhamım. Mənə güc ver, Allahım! Enişləri enməyə, yoxuşları çıxmağa, Yazdığım bu əsərlə Həzrəti Məhəmmədin əllərini sıxmağa! Peyğəmbərdən yazıram, eşqi dayağım olsun! Onun arxalandığı Sur dağı dağım olsun!

RƏSMİNDƏ RƏSMİMİZİ YAŞADAN SÜBHAN NƏDİR?

İlk salamı ilk dəfə kim verdi mələklərə, “Adəm ata” deyilən ilk qədim insan nədir?

Ruhla palçıq qovuşdu, nəfəslə bədən oldu, İlk insanı yolundan çıxardan şeytan nədir?

Niyə Yaradan Nuhu tufanlara vermədi, Nuh qövmünü batıran qasırğa, tufan nədir?

Qırx günün yağmuruyla nə deyirdi Yaradan, Bir gəmiyə yüklənən quş, böcək, heyvan nədir?

Qarışqayla dil tapan, quşlar ilə danışan, Yerə-göyə hökm edən Həzrət Süleyman nədir?

Həzrəti İbrahimi od niyə yandırmadı, Atəşlərin içində gülən gülüstan nədir?

Bıçaq niyə kəsmədi qurban deyilən kəsi, İsmayılın eşqinə kəsilən qurban nədir?

Yaz yağışına döndü Yaqubun göz yaşları, Yusifin Misirdəki düşdüyü zindan nədir?

Buzova “Allah” deyən duymadı Peyğəmbəri, Cahilliyin atası küt nədir, nadan nədir?

İlk dəfə dilə gəlib Cəbrayılın diliylə, Allahın Peyğəmbərə verdiyi fərman nədir?

Min qəlbin sevincidir bir qəlbin genişliyi, Bəs onun könlündəki Cənnəti-Rizvan nədir?

Haqq nədir, nahaq nədir, əyri nədir, düz nədir, Nədir “İlahi vəhy”lər, bax gör bu “Furqan” nədir?

Alimin mürəkkəbi şəhid qanından baha, Mərifət nə deməkdir, bəs əhli-irfan nədir?

Dayağı hardan tapır şər oğlu şər olanlar, Ucalıq məqamına atılan böhtan nədir?

Nədir islamın ruhu, müsəlmanın mətləbi, Gözəl əxlaq, tərbiyə, halallıq, vicdan nədir?

Əzən kim, əzilən kim, döyən kim, döyülən kim, Fasiləsiz, vurhavur döyülən xırman nədir?

Çərxi-fələk gücünü kimdən alıb fırlanır, Gecə-gündüz işləyən çarxsız dəyirman nədir?

Min bir dərdin əlacı, yaraların məlhəmi, Xəstəliyin şəfası, dərdlərə dərman nədir?

Kimdən ötrü döşədi Yaradan yer üzünü, Başımızın üstündə göy qübbə, tavan nədir?

Allaha şəkk gətirən kimlərə şərik oldu, Sınaq üçün insana verilən meydan nədir?

Kimdən ötrü açıqdı tövbənin qapıları, Tanrı bağışladığı, verdiyi imkan nədir?

Dərk etmək mümkündümü onun böyüklüyünü, Günahlar bağışlayan Rəhməti-Rəhman nədir?

Ərəsət ayağında kafirin cəzası nə, Qiyamət günündəki mömin, müsəlman nədir?

Dirilərin ruhunu nədir diri saxlayan, Ölənlərin ruhuna verilən ehsan nədir?

Haqq acılı-şirinli iki dəniz yaratdı, Suları qarışmayan dəniz nə, ümman nədir?

Müşriklərə ən ağır cəzalar hazırlayan, Gözün içinə çökmüş qaranlıq, duman nədir?

İsmində ismimizi, cismində cismimizi, Rəsmində rəsmimizi yaşadan Sübhan nədir?

Yer üzündə Allahın yersiz heç nəyi yoxdur, Tanrının yaratdığı səliqə-sahman nədir?

Altmış üç yaşında nöqtələnən bir ömrə İyirmi üç il yol gələn söz adlı karvan nədir?

Özünü bilmiş olan Rəbbini bilmiş olar, Candan xəbər bilməyən nə bilsin, cahan nədir?

PEYĞƏMBƏRİN ÜRƏYİ

Ağ libaslı iki adam qar dolu qızıl bir ləyənlə yanıma gəldi. Məni tutub köksümü yardılar. Qəlbimin içindən qara və laxtalanmış bir qan parçasını çıxarıb atdılar! Hz. Peyğəmbər (M.Asim Köksal, “İslam tarixi”, II cild, səh. 39)

Gül-çiçək naxışlı göy çəmənlərin, Ulduz haşiyəli üfüqlərin də, Göylərə dirənən ağ zirvələrin, Günəş təmtəraqlı şəfəqlərin də, Dolu dənizlərin, dəli çayların, Yerin də, göyün də, asimanın da, Əski tarixlərin, yeni çağların, Hər günün, saatın, hər zamanın da, Dillərin, dinlərin, təriqətlərin, Qadir Allahın da, Peyğəmbərin də, Sevincin, şadlığın, toy-düyünlərin, Hər cür ayrılığın, dərdi-sərin də

Bircə mərkəzi var, bircə mərkəzi – Ünvanı ürəkdi, adı ürəkdi. Ulu Yaradanın yaratdıqları Nə varsa, hər şeyin dadı ürəkdi. Payızın, baharın, çiçəyin, qarın Rəngi, təravəti, ətri ürəkdi. Bütün sevənlərin, sevilənlərin Sevgisi, istəyi, xətri ürəkdi. Alim ürəyində duyğu, düşüncə, Şair ürəyində şeiriyyət yaşar. Şəhid ürəyində Vətən sevgisi, Qazi ürəyində hərarət yaşar. Cəllad ürəyində qan hərisliyi, Aşiq ürəyində məhəbbət yaşar. Ürəklər içində bir ürək də var, İşığı Tanrıdan, hünəri Haqdan; Eşqi, möcüzəsi min illər boyu Silinməz könüldən, düşməz dodaqdan.

Peyğəmbər ürəyi – nur içində nur, Məhəbbət, mərhəmət, əzəmət, qürur! Peyğəmbər ürəyi – qədimdən qədim. Mən onun sehrinə dalmaq, düşünmək, Mən onun sirrini bilmək istədim. İlk dəfə dünyanın ilk peyğəmbəri Adəmin köksündə döyünüb ürək. Allahın, bəndənin məhəbbətinə Sirdaş olmasıyla öyünüb ürək. İbrahim ürəyi, Musa ürəyi, İsmayıl ürəyi, İsa ürəyi... Dünya nizamlanıb, sahmana düşüb, Taxt qurub ən böyük ürəklər üstə. Çalıb havasını, deyib sözünü, Ən şirin arzular, diləklər üstə. Məhəmməd böyüyür bir məhəllədə, Zaman gələcəyə səsləyir onu. Hələ yanındadı süd anasının,

Ana doğmasıtək bəsləyir onu. Hər gün gözlərinin üstə saxlayır, Bilir ki, yanında anası yoxdur. Körpələr sevgiylə böyüməlidir, Sevgisiz həyatın mənası yoxdur. Çəkir qayğısını ulu bir zatın, Onun süd anası Həlimə xatın. O hardan bilsin ki, kimə süd verir, O nədən bilsin ki, kimdi böyüyən? – Könüllər sultanı, ruhlar fatehi, Bir dinə özüldü, himdi böyüyən. Hələ çoxlarının xəbəri yoxdur, Beş-altı yaşında körpədir hələ. Görənlər “Nə gözəl uşaqdır!” deyir, Heyrətlə başını tərpədir hələ. Bir gün süd qardaşı Abdullah ilə Quzu otarırdı çöldə Məhəmməd. Möcüzə baş verdi, birdən möcüzə,

Göydənmi atıldı, yerdənmi çıxdı, O, iki ərmişlə gəldi üz-üzə. Ağ libas geyinən bu iki nəfər Məhəmməd özünə gələnə qədər Torpağın üstünə yıxdılar onu, Əlini, qolunu tutub, saxlayıb, Yüngülcə torpağa sıxdılar onu. Dünyanın ən mahir cərrahlarıydı, Yardılar köksünü bir an içində, Bir ürək çırpındı bir can içində. Qapqara qan vardı qəlbin içində, Gözə görünürdü bir ləkə kimi. O, “şeytan qanı”ydı, atılmasaydı, Qalardı ürəkdə təhlükə kimi! Qarın suyu ilə arındırdılar, Körpə ürəyini qoyub yerinə Körpə bala kimi barındırdılar. Qardan pak eləyib qəlbi, ürəyi,

Çatdılar müqəddəs diləklərinə! Tanrı göndərmişdi Məhəmməd üçün, Belə buyurmuşdu mələklərinə: “Gedin, Məhəmmədin yarın köksünü, Qəlbinin içində bir laxta qan var, Qoy bilsin indidən, onun qəlbini Yuyan, təmizləyən, bir qurtaran var! Peyğəmbər ürəyi təmizdən təmiz, Qar kimi – ağdan da ağ olmalıdır. Təbiətdə ipək, xislətdə mələk, Görkəmdə möhtəşəm dağ olmalıdır! Şeytandır dünyanın evlər yıxanı, Şeytandır dünyanın ara vuranı. Şeytanı içindən atdırmasaydım, Göndərə bilməzdim ona Quranı!!! Ləkəli ürəklə, havalı başla Dünyanı sahmana salmaq çətindir. Əgər gedirsənsə sabaha doğru,

Şeytanla baş-başa qalmaq çətindir. Mən onu qovmuşam öz dərgahımdan, Atmışam qəlbindən Peyğəmbərin də. Onun fitvasıyla, şeytanlığıyla Nə qədər gəmilər batdı dərində. Ən şirin arzuya, diləyə çatmaq, Taleyi güldürüb, ömrü uzatmaq, Duyan könüllərdə nur kimi qalmaq, Tanrı dərgahına qalxıb ucalmaq, Dünyanı tufandan, xilas eyləmək, İnsanı şeytandan xilas eyləmək, Sevginin üstündə qurub həyatı, Nur ilə doldurub bu Kainatı, Ürəkdə haqq odu qalamaq üçün, Sevgini sevgiyə calamaq üçün Peyğəmbər ürəyi gərəkdir mənə! Allah sevgisiylə daşan, qaynayan Bir bəşər ürəyi gərəkdir mənə!!!”

PEYĞƏMBƏR YAŞINA ÇATANA QƏDƏR

Onun gəlişindən qabağa düşdü Ata ayrılığı, ana həsrəti. Dünyada kədərlə, qəmlə görüşdü, Gördü körpəlikdən hər məşəqqəti.

“Ata!” deyiləndə doldu gözləri, “Ana!” deyiləndə yandı sözləri. Əriş-arğac oldu baxışlarında Dərdin cığırları, qəmin izləri.

Ata kölgəsindən əli çıxan kəs Əmi kölgəsinə pənah gətirdi. Ürəklər yandırdı çəkilən nəfəs, Qəlbinə bir ağrı, bir ah gətirdi.

Qan-qada da gördü, savaş da gördü, Savaşlar içində qan-yaş da gördü.

Onu az güldürüb, çox ağlatdılar, Həyəcan da gördü, təlaş da gördü. Bütə tapınanlar, haqdan sapanlar, Ağacdan, taxtadan ilah yapanlar, Körpə sinəsinə köz basdıranlar, Yerə diri-diri qız basdıranlar, Şeytanla dost olub, şərə varanlar, Cansız əşyalarda can axtaranlar, Zülmü biləklərdə zəncir edənlər, Əxlaqı, vicdanı təhqir edənlər, Günaha bələnib, küfrə batanlar, Kölə insanları alıb-satanlar Ona zaman-zaman əzab verirdi. Qəlbində suallar sıralanırdı, Bütün sorğulara cavab verirdi. Heç vaxt qoşulmadı pis adətlərə, Meylini vermədi nəhs adətlərə. Ana təbiətin vergisi kimi

Alnında müqəddəs nuru saxladı. Ürəyi, idrakı, ağlı, vicdanı Zirvə qarı kimi duru saxladı. Ürəkdə məhəbbət, nəfəsdə sevgi, Duyub eşitdiyi hər səsdə sevgi. Varlığı aləmə ətir payladı, Sevildi güllərin butası kimi. Birliyə çağırdı doğmanı, yadı, Əxlaq dünyasının atası kimi. Hamının qəlbinə, ruhuna yatdı, Yatmış vicdanları nurla oyatdı Peyğəmbər yaşına çatana qədər.

Zamanın bətnində, vaxtın canında Bir işıq, bir ziya hazırlanırdı. Ulu peyğəmbərlər kəhkəşanında Xatəmül-Ənbiya hazırlanırdı.

Arzular dalınca səhralar gəzər, Səfərə çıxardı Məkkədən Şama.

Yerlərə, göylərə yetirib nəzər, Həmsöhbət olardı, sirdaş olardı Ulduzlu gecəyə, aylı axşama. Dünyanın dərdinə ortaq olardı, Dünyanın qəmindən keçib-gedərdi. Tanrı məqamında qərar tutmağa Məhəmməd Əmindən keçib-gedərdi. Aylarla yorğunluq, illərlə zəhmət, Qəflə karvan-karvan yük aparardı. Dünyanın yükünü cavan Məhəmməd Qəlbində daşıyıb tək aparardı. Gözü tox, nəfsi tox, nəfəsi halal, Saflıqda ad alıb, ün qazanardı. Özündən xəbərsiz peyğəmbərliyə Ömür qazanardı, gün qazanardı. Nə qədər arzuya, diləyə çatdı, Səsi ərşə çatdı, fələyə çatdı. Mərtəbə-mərtəbə mələyə çatdı Peyğəmbər yaşına çatana qədər.

Beləcə yaşadı çiçək ömrünü, Beləcə yaşadı mələk ömrünü. Beləcə uzatdı gödək ömrünü Mürşidim, əfəndim, ərənim mənim.

Qurutdu gözlərin axan yaşını, Kəsdi tayfaların sərt savaşını. Müqəddəs Kəbənin qara daşını Yenidən Kəbəyə hörənim mənim.

Nurdan ayrılmadı nurlu həyatda, Haqq tapdı kamını o uca zatda. Batinin altında, yeddinci qatda Yeni bir batini görənim mənim.

Ruhu ipək olub, qəlbi zər olub, Hər sözü bu gün də təzə-tər olub. Qırx ilin başında peyğəmbər olub, Peyğəmbər çiçəyi dərənim mənim.

XƏLVƏT

Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz kimsəni dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz, Rəbbin hikmət sahibi, elm sahibidir. (“əl-Ənam” surəsi, 83-cü ayə)

Allahını tanımayan insanların səcdəsinə heç vaxt mələk gəlməz. (“Hədisi-Şərif”)

Bağban necə dolanırsa bardan ötrü bağ başına, O da elə dolanırdı çox sevdiyi dağ başına. Sirdaşıydı, həmdəmiydi dağda fikir, daşda fikir, Onu rahat buraxmırdı ürəkdə od, başda fikir. Düşüncələr alovunda bir şam kimi əriyirdi, Fikir ilə yatıb-durur, fikir ilə yeriyirdi. Səs verirdi gələn səsə, bir tərəfə çəkilirdi, Girirdi bir daş qəfəsə, bir tərəfə çəkilirdi. Alnında Allahın nuru, Sevgisi çeşmədən duru, Qəlbində eşqin uğuru bir xəlvətə çəkilirdi.

O, xəlvətə çəkildikcə Mələklərin nidasıyla məhəbbətə çəkilirdi. Fikri, zikri, düşüncəsi, yayınmırdı dağa-daşa, Pıçıltıda Haqqı tapır, həqiqətə çəkilirdi. Baxdığı tək Kəbə idi, hər gün Kəbəyə baxırdı, Bir Allaha əyan idi, Məhəmməd niyə baxırdı, Məhəmməd nəyə baxırdı?! Sirr özüydü, sirr Allahı, bir xəlvətə çəkilirdi, Bir özüydü, bir Allahı, O, xəlvətə çəkilirdi.

Xəlvətə çəkilən kimsə çöldən içə doğru gedər, Əzizlənər, təmizlənər, durar günahdan yuxarı.

Bədən ruhun xidmətçisi, ruh bədənin qayğıkeşi, Qaldırar öz sahibini ağrıdan, ahdan yuxarı.

Xəlvətə açdı sirrini, xəlvətdə tapdı yerini, Şahlar onun ayaq tozu, o durub şahdan yuxarı.

“Peyğəmbərəm” deyən kimsə onu əməldə göstərər, Nəfsinə sultanlıq eylər, çıxar tamahdan yuxarı.

Könül adlı bir sarayda yapdırırdı yapısını, Yaradana tapşırırdı qəlb evinin qapısını.

Qəlb evinə qapı açan içində cənnət gəzdirər, Dilində söz xəzinəsi, sehrli sərvət gəzdirər.

Ürək bu dünyadan böyük, ürəksiz dünyaya bir yük, Ruhu sönməz olan kəslər canda məhəbbət gəzdirər.

Allah ilə dost olanın yolu qırılmaz yarıda, Yeddi qatdan yetmiş qata keçər mərtəbə-mərtəbə.

Ən istəkli peyğəmbərin bəxtinə merac yazılar, Mənzilləri, məkanları seçər mərtəbə-mərtəbə.

Allah özü əzizləyər ən sevimli bəndəsini, Könüllərdən-könüllərə keçər mərtəbə-mərtəbə.

Tanrı dostu olanlara göylər açar qapısını, Məhəbbət öz işığını saçar mərtəbə-mərtəbə.

Hirada yeri xəlvətdi, Haqq sirdaşı Məhəmməddi, Bəndə onun eşqi ilə uçar mərtəbə-mərtəbə. Mən də görmək istəyirəm xəlvətdəki gizlinləri, Peyğəmbərim işarəylə mələyi göstərir mənə.

“Lə iləhə illəllah!”la inancına doğru gedir, Boylanır Tanrıya sarı, fələyi göstərir mənə.

Külək gözə görünmür ki, tutam onun yaxasından, O, göz ilə görünməyən küləyi göstərir mənə.

Mən onun durduğu yerdə yanmış qayalar görürəm, O, qayanın yaxasında çiçəyi göstərir mənə.

* * *

Məni arxasınca bir səs apardı, Bu səsdən gücümü alınca getdim. Düzdə dayanmadım, dağda durmadım, Axırıncı nəfəs qalınca getdim.

Qəlbimə, ruhuma nur yağa-yağa Baxdıqca hey baxdım Nur adlı dağa. Səsi anlamağa, sözü duymağa Ən böyük arzunun dalınca getdim.

Hara boylanıram, hara baxıram, Gözümün önünə Yaradan gəlir. Allah kəlamını alıb mələkdən, Peyğəmbər qayıdıb Hiradan gəlir.

Yer də cilvələnir, göy də, Günəş də, Torpağa can gəlib, daşa can gəlib. Yazılıb alnına peyğəmbər olmaq, Bu hökmü, fərmanı Allahdan gəlib.

Sevgisi çəkiyə, ölçüyə gəlməz, Böyükdü dünyanın ölçüsü kimi. Gəlir kainatın əfəndisitək, Gəlir Yaradanın elçisi kimi!

Kitabla qayıdır kitabsız gedən, Gətirir “Ələq”in beş ayəsini. Bütün yer üzünə yaymaq istəyir Bütün zamanların hekayəsini.

“Oxu!” nidasıyla başlanır həyat, Eşqi qucaqlayır bütün varlığı. Onunçün dünyada müsəlman olmaq Dünyanın ən böyük bəxtiyarlığı.

Salam yağışıdır başından yağan, Kitabın şahını gətirib gəlir. Yerin ləngərini, göyün sirrini, Dinin sabahını gətirib gəlir.

Sevgiylə dolmuşdu çiçəklər, otlar, Çəmənlər ətriylə salam verirdi. Səcdəyə gəlmişdi göydən buludlar, Allah xatirinə salam verirdi.

Saysızdı sayğılar, salamlaşmalar, Salam dağ salamı, daş salamıydı.

Ona Allahının verdiyi salam Bütün salamların baş salamıydı.

Gecikmiş olsam da düz on dörd əsr, Mən də qoşuluram o salamlara. Mən də qoşuluram o gələn günü Yanan çıraqlara, yanan şamlara.

Nur dağı dönmüşdü bir xəzinəyə, Peyğəmbər ürəyi dolu gedirdi. İbrahim, İsmayıl, İshaq getdiyi, Adəm başladığı yolu gedirdi. Hər qaya gözündə məbədə dönür, Uca göylər kimi dolub gedirdi. Gəlmişdi bu dağa Məhəmməd kimi, Bu dağdan Peyğəmbər olub gedirdi. Ayağı toxunan qum dənəsi də Özünü dağlardan uca sayırdı.

Üfüq də, Günəş də, ulduz da, Ay da Məhəmməd nurunu qucaqlayırdı.

Gecələr deyirdi: “Ay sənə qurban”, Gündüzlər deyirdi: “Günəş sənindi”. Buludlar deyirdi: “Yağışlar sənin”, Səhralar deyirdi: “Atəş sənindi”.

Qaranlıq dünyaya qəndil, çilçıraq, Qovrulan səhraya gur yağışdı o! Qırx yaşla təzəcə qarşılaşsa da, Bəlkə də qırx min il yaşamışdı o!

“Oxu!” – demişdilər ona Quranı, “Əlif”dən başlayıb, “mim”dən gəlirdi. “Oxu!” – demişdilər ona dünyanı, Bilirdi bu səda kimdən gəlirdi.

Səslər də, sözlər də, pıçıltılar da Ruhuna sərinlik səpirdi onun.

Üfüqlər başına sığal çəkirdi, Torpaq ayağından öpürdü onun.

Ata sevgisinə həsrət qalanda, Ana sevgisindən əli çıxanda Uşaqtək hönkürüb ağlamışdı o, Ömrünü, gününü, təbiətini Tanrı dərgahına bağlamışdı o!

O gün Əminənin torpağı nurdu, O gün Abdullahın məzarı işıq. Onların yetirib bitirdikləri Peyğəmbər gəlirdi Haqqa yaraşıq.

İkinci Günəşi doğdu dünyanın, Günəş sevinirdi: tək olmayacaq. Daha indən belə zülmət, cəhalət Bəşər varlığına yük olmayacaq!

Paslı beyinlərə fikir, hərəkət, Günsüz ürəklərə gün gətirirdi. Dinsiz olanları dinə çatdırıb Dünyaya təzə bir din gətirirdi. Bu, ədalət dini, bu, ixlas dini, Bu, iman diniydi, insaf diniydi. İmanlar içində ən mükəmməli, Dinlərin içində ən saf diniydi.

NUR DAĞININ MƏHƏMMƏDƏ SALAMI

Eşidilən səsə, yetişən ünə, Sənin bu dünyaya gəldiyin günə, Səni yaradanın böyüklüyünə Bizdən salam olsun, ya Rəsulullah!

Yazılan dəftərə, yazan qələmə, Dilində səslənən sözə, kəlama, Sənin qazandığın haqqı-salama Bizdən salam olsun, ya Rəsulullah!

Tanrıdan başına qoyulan taca, Qalxıb ucaldığın sirli meraca, Öpdüyün Kəbəyə, getdiyin haca Bizdən salam olsun, ya Rəsulullah!

Saçına əl çəkən mehə, küləyə, Başına dolanan çərxi-fələyə,

Adını dilində tutan mələyə Bizdən salam olsun, ya Rəsulullah!

Şirin ülfətinə, şirin mehrinə, Alnında parlayan nurun sehrinə, İdrak zirvəsinə, Quran möhrünə Bizdən salam olsun ya Rəsulullah!

Gecələr qəlbində alışan şama, Haqqın əllərindən içdiyin cama, Külli-kainata, külli-islama Bizdən salam olsun, ya Rəsulullah! Bizdən salam olsun, ya Rəsulullah!!!

PEYĞƏMBƏRƏ UCA VƏHYİ, ŞAİRƏ İLHAM VERDİLƏR

(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik! (“əl-Kövsər” surəsi, 1-ci ayə)

Şirin, dərin yuxudaydım, sevgi dolu cam verdilər, Dedim, hər yer qaranlıqdı, yandırmağa şam verdilər.

Hər sözümə, söhbətimə bir şirinlik qatmaq üçün Yaradanın süfrəsindən dad verdilər, tam verdilər.

“Al, bu qələm, bu da kağız, Peyğəmbərə üz tut!” deyib, Tükənməz bir həyat eşqi, sönməz bir inam verdilər.

Göy üzünün nemətləri yer üzünə paylananda Peyğəmbərə uca vəhyi, şairə ilham verdilər.

Allah verən o vergidən bir damla da mən götürdüm, Zəmisindən sünbül yığdım, sünbülündən dən götürdüm.

Həyəcanlı ürəyimdə nur dənizi dalğalandı, Qısılmadım, basılmadım, meydanımı gen götürdüm.

O sərvəti alan gündən Haqq tərəfə yol gedirəm, Eldən-elə, yoldan-yola, səfdən-səfə yol gedirəm. Dildə zikrim, başda fikrim, ruhda şükrüm qanadlanır, Çatmaq üçün ən müqəddəs bir şərəfə, yol gedirəm.

Məkkə gördüm, Kəbə gördüm, Kəbədəki daşı gördüm, Qara daşın yaddaşında saya gəlməz yaşı gördüm. Yaradana qul olanı müdrik insan, kamil ustad, Yaranışa xor baxanın gözlərində çaşı gördüm.

Qədimlərdə Peyğəmbərə Əbu Ləhəb atan daşı Gözümüzün qabağında yenə atır nadan, naşı. Ləkələmək istədilər Günəş boyda həqiqəti, Ancaq ləkə götürmədi həqiqətin daş yaddaşı!

Bir tərəfdə sevgi, barış, bir tərəfdə kin yaşadı, Məhəbbətə tapınanlar yüz yaşadı, min yaşadı.

İslam adlı ucalığı qadağalar yıxammadı, Ən şərəfsiz kafir öldü, ən şərəfli din yaşadı.

Haqq nuruna çatmaq üçün bu eşqimi göyə yazdım, Nadanlığı döymək üçün haqqı öyə-öyə yazdım. Arxalandım Allahıma Peyğəmbərlə görüşməkçün, Çağırdım qadir Allahı, “Allah!” deyə-deyə yazdım.

Bu, qismətdi, Peyğəmbərə ayə kimi gələn qismət, Sahibinə yetişəndə “şükür” deyib gülən qismət. Ağzındakı son tikəni, dilindəki son kəlməni Arzularla, diləklərlə, insanlarla bölən qismət.

Quran ali bir nemətdi, Peyğəmbərə qismət olub, Mən yazdığım “Peyğəmbər”di, o da qismət, bu da qismət. Hökmü Haqdan verilməsə, bəndə bir iş görə bilməz, Udduğumuz bu hava da, içdiyimiz su da qismət.

Üzünü Allaha tutan nigaranlıq keçirməsin, Haqq aşiqi olanların sorağı cənnətdən gələr.

Döşünə döyməsin insan, hər alnın öz yazısı var, Nə getsə qismətdən gedər, nə gəlsə qismətdən gələr. Ey Yaradan! İltimas et, bu qismətə şükür deyim,

Harda olsam, hara varsam, ordan gələn səs qismətim, Nə bulaqdı, nə şəlalə, nə çaydı, nə coşan dəniz, Eşitdiyim ünlərə bax, sükut dostum, pəs qismətim!

Külüngünü tutan tutdu, qayasını çapan çapdı, Dünyasını bir gözəlin dünyasında gedib tapdı. Mənə qalan bir qələmdi, bir ilhamdı, bir kitabdı, Yaradanım nə veribsə, mənə bəsdir, bəs qismətim.

Quş budağa, ağac kökə, arılar şana bağlandı, Can cana körpülər saldı, cahan cahana bağlandı. Şükür Haqqın qismətinə, gəldi Qurana bağlandı, Mənim ulu, mənim uca, mənim müqəddəs qismətim!

SƏHRADAKI QUM DƏNƏSİ SAL QAYADAN NİŞANƏDİR

Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın! (“ət-Tariq” sürəsi, 4-cü ayə)

Peyğəmbərdən yazırsansa, yazdığın anı dərk elə, Könlünü aç mələklərə, yerdə insanı dərk elə.

Min-min kitab yazılsa da, başı bir kitaba bağlı, Min-min kitab oxusan da, əvvəl Quranı dərk elə.

Yollar da çox, yoxuşlar da, hansı yoldu sənin yolun? – Doğru səmtə varmaq üçün yolu – ərkanı dərk elə.

Dağı yarar, daşı kəsər, Haqq sözünü qılınc kəsməz, İsmayılın eşqi ilə enən qurbanı dərk elə.

Azan özü nə danışır, nə söyləyir insanlara? – Doğan günü, batan ayı, sökülən danı dərk elə.

Bədən ruhla, işıq gözlə, baş ağılla gözəlləşər, İmandı qəlbin işığı, dini, imanı dərk elə.

Məzlum kimdir, zülmkar kim, cənnət nədir, cəhənnəm nə? – Ölüm-dirim yollarında tökülən qanı dərk elə.

Haqqın varmı haqq yolunda qələmini çalmaq üçün? – Nəfsi öldür, tamahı boğ, ağlı, vicdanı dərk elə.

Səhradakı qum dənəsi sal qayadan nişanədir, Zərrəyə bax, bir zərrədə bir kəhkəşanı dərk elə.

Cəsarətin çatacaqmı dağı yerdən qaldırmağa, Özünə bax, qəlbindəki gücü, imkanı dərk elə.

Hər ağ üzdə bir Günəş var, hər könüldə bir atəş var, Bax Peyğəmbər camalına, bütün cahanı dərk elə.

ALLAHIM, ÖZÜN MƏNİ GÜNAHLARDAN TƏMİZLƏ!

Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! (“əş-Şəms” surəsi, 9-cu ayə)

Batdığım bir günah varsa, savaba çevir, Allahım! Sualların aç sirrini, cavaba çevir, Allahım!

Dodağımdan çıxan dua küləklərə yem olmasın, Köçür onu yaddaşlara, kitaba çevir, Allahım!

Mənəm eşqin kitabını canı-dildən yazan bu gün, Hər sözümə bir avaz ver, rübaba çevir, Allahım!

Ürəyimdən keçənləri varaqlara köçürməsəm, Yandır bağrım tikə-tikə, kababa çevir, Allahım!

* * *

Bu gün günah tutmuşam, azdı-çoxdu – nə fərqi, Allahım, özün məni günahlardan təmizlə!

Hər günah insan üçün bir ahdı, bir ağrıdı, Məni bu ağrılardan, bu ahlardan təmizlə.

Şeytan aldadıb məni, nəfsə əsir olmuşam, Nəfsimi, nəfəsimi tamahlardan təmizlə.

Mən ki heç vaxt, heç zaman bütpərəst olmamışam, İçərimi büt olan ilahlardan təmizlə.

İnsanın ürəyini nəfs adlı timsah yedi, Sən bizim içimizi timsahlardan təmizlə.

Könülləri hiylədən, gözü kindən təmizlə, Göydə mələklər gəzir, yeri cindən təmizlə.

Yalan deyən dilləri yalanlardan təmizlə, Ruhu talançılardan, talanlardan təmizlə.

Məsəldi: “Qurd ağacı çəkib içindən yeyər”, Amandı, içimizi acgöz qurddan təmizlə.

Öz əslini-kökünü unudan manqurt olar, Sən bizim ruhumuzu bu manqurtdan təmizlə.

Əli halala öyrət, yapışmasın haramdan, Məlhəm qoy, əlac elə, qan axmasın yaramdan.

Paklıq Allah işidir, verdiyi paydan gəlir, Duruluq bərəkətdi, çeşmədən, çaydan gəlir.

Allahım, odu küldən, suyu lildən təmizlə, Pak et insan qəlbini, Onu əyri əməldən, acı dildən təmizlə.

Xaini paxıllıqdan, xəyanətdən təmizlə, Cahili arif elə, cəhalətdən təmizlə.

Yazıqdı bəşər oğlu! Ona bircə sifət ver, min sifətdən təmizlə.

Mənə Məhəmməd ömrü, övliya taleyi ver, Azadlıq eşqi göndər, əsarətdən təmizlə.

Bu eşqlə gecə-gündüz alışıram, yanıram, Ölürəm, dirilirəm, yatıram, oyanıram.

Nöqtəsini qoyanda yamanlığın, pisliyin, Köklərini kəsəndə böhtanın, xəbisliyin, Ürək təmiz olanda, sevgi dəniz olanda, Allaha istəyimiz candan əziz olanda, Peyğəmbərə sevgimiz qaynar bulaq olanda, İnsan xeyrə bağlanıb şərdən uzaq olanda, Ürəkdə yandıranda məhəbbətin odunu, Dilimizdən siləndə hər cür dedi-qodunu Zülmət gecələr belə işıqlanar, dan olar, Batinimiz küfrə yox, işığa meydan olar. Xoş əmələ güvənib qüvvət, nicat taparıq, Bu dünya içində də nurlu həyat taparıq. Daha da işıqlanar nazil olan kəlamlar, Peyğəmbərə yetişər verdiyimiz salamlar!

MÖCÜZƏLƏR DÖVRÜNƏ O BİR MÖCÜZƏ GƏLDİ

Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir (cənnətlə) müjdə verən, nə də bir (cəhənnəm əzabı ilə) qorxudan kimsə gəldi!” – deməməyiniz üçün sizə Peyğəmbərimiz (Məhəmməd) gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) kəs gəlmişdir. Allah hər şeyə qadirdir! (“əl-Maidə” surəsi, 19-cu ayə)

Ulu Tanrı insan üçün görün nələr yaratdı, Ağıllara sığışmayan möcüzələr yaratdı. İlk dəfə bir insan kimi o, Adəmi yaratdı. Möcüzələrlə dolu bir aləmi yaratdı. O, atadan olmadı, doğulmadı anadan, Onu belə yaratdı Tanrı başdan-binadan. Ağac ilana döndü, ilan isə əsaya, Verdi möcüzəsini O, Həzrəti Musaya. Gəldi neçə möcüzə – Həzrət İsaya gəldi, O bir peyğəmbər kimi seçildi, saya gəldi.

Min illərdi elə bil dünya ona tanışdı, Beşiyində dil açdı, bələyində danışdı. Bəndənin üzərində olsa Haqqın nəzəri, Balığın qarnında da Sağ-salamat saxlayar Yunustək peyğəmbəri! Təfəkkürdə, ağılda nələr yaratdı, nələr, Məhəmməd zamanında yaranan möcüzələr. Ucalan sarayları çəkilən bir ah yıxar, Könül evi yıxanın evini Allah yıxar. Fili nə sərt enişlər, nə sərt yoxuşlar yıxar, Əgər Allah istəsə, filləri quşlar yıxar. Allahın əmrindədir göy üzünün quşları – Əgər Allah istəsə, Kəbə yıxmaq istəyən Əbrəhələr başına yağdırarlar daşları! Bu da bir möcüzədir, Haqqa düşmən olana nifrət möcüzəsidir, Allahın öz evinə rəğbət möcüzəsidir. Ən böyük möcüzəsin Məhəmmədə göndərən,

Quranla fikirləri gülüstana döndərən, Qadiri-qüdrət olan Yaradandı, Yaradan! Böyük möcüzələri o endirər yerlərə, Ən böyük dərdləri də o qaldırar aradan.

Dünyaya gələn kimi nurla göz-gözə gəldi, Möcüzələr dövrünə o bir möcüzə gəldi. O qədər nurlandı ki, yollar, izlər, cığırlar, Min ilin köhnəsi də hamıya təzə gəldi.

Yağıştək səpələdi ulduzlar işığını, Göylər yerlərə verdi o gün yaraşığını, Haqq sözü əzizlədi öz yetim uşağını, Onu ziyarət üçün dağ endi, düzə gəldi, Möcüzələr dövrünə o bir möcüzə gəldi.

Kürəyində görəndə peyğəmbərlik möhrünü, Doğmaları çoxaltdı ülfətini, mehrini; O bir nur parçasıydı, açdı könül şəhrini,

Baş endirdi önündə, zirvələr düzə gəldi, Möcüzələr dövrünə o bir möcüzə gəldi.

Yayıldı bu xoş xəbər Haqqa, ərşə, zəminə, Elə bil son qoyuldu bu dünyanın qəminə; Arzular qanadında ucalanda Əminə Ananın bu sevinci çoxaldı, yüzə gəldi, Möcüzələr dövrünə o bir möcüzə gəldi.

Dedi: “Gərək indidən o seçilə, sayıla, Adı, səsi-sorağı yer üzünə yayıla”; Allahın tapşırığı yetişdi Cəbrayıla, Mələk ilə Məhəmməd o gün üz-üzə gəldi, Möcüzələr dövrünə o bir möcüzə gəldi.

AND OLSUN QƏLƏMƏ

Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki... (“Nun” və ya “əl-Qələm” surəsi, 1-ci ayə)

O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (“əl-Ələq” surəsi, 4-cü ayə)

O qələm ki tarixlərə şərəf yazıb, şan yazıb, O qələm ki gözəlliyin eşqinə fərman yazıb, O qələm ki naxış vurub yaddaşına dünyanın, O qələm ki göydə mələk, yerdə də insan yazıb, O qələm ki insanları fələklərə qaldırıb, O qələm ki bəxtimizə Cənnəti-Rizvan yazıb, O qələm ki ərş üzünə “İlliyun”u nəqş edib, O qələm ki Tanrı tutub, Xaliqi-Rəhman yazıb, – And içirəm o mübarək, o müqəddəs qələmə, And içirəm bizi yoxdan var eləyən aləmə, And içirəm qələmdəki yazıların rənginə,

“And olsun səhərçağı hücum edən atlara”, And olsun cihad üçün çırpınan qanadlara, And olsun Quran üstə səslənən avazlara, And olsun gündə beş vaxt qılınan namazlara, And olsun vədəsində verilən zəkatlara, And olsun İlahidən gələn mükafatlara, Ey mənim Peyğəmbərim!!! Fikrim, zikrim, əzbərim!!! Hər zaman səninkidir ruhum, sevincim, qəmim, Sən deyəni yazacaq mənim dürüst qələmim. Heç yerdə, heç bir zaman yolunu azmayacaq, Həqiqətdən gəlməyən bir kəlmə yazmayacaq. Eşqinlə əriyəcək buzlu yolların donu, Elm Çində də olsa, tapacağam mən onu. “Oxu!” – deyilən elmi oxuyub varaq-varaq, Eşqinlə alışacaq hər ürəkdə şam, çıraq! Şeytanların fitnəsi göynətməsin bağrını, Özün qurtaracaqsan hər əzabı, ağrını. Görsək də haqsız yerə İslamın bostanına hərdən atılan daşı,

Bütöv dinim, tam dinim, ey mənim sağlam dinim, Əymə kafir önündə Haqqa əyilən başı! Şumerlər Asiyadan qaldıranda səsini, Yayanda yer üzünə elmin təntənəsini, Neçə qədim əsrdən, Neçə sirli qəsrdən, Qədim Dəclə-Fəratdan, Türküstandan, Misirdən Dünya aydın görəndə oyanan intibahı Hələ açılmamışdı Avropanın sabahı!.. Qərb şirin yuxudaydı Şərq ayağa duranda, Qərb rəngi tanımırdı Şərq naxışlar yaradıb kəşanələr quranda! İslam sevgi bəslədi Özündən əvvəl gələn kitablara, dinlərə, Qəlbini, ürəyini batırmadı kinlərə. And olsun qələmə ki, Türk-islam ellərinin düşüb dərin eşqinə, Müsəlmanın, islamın, Peyğəmbərin eşqinə, Nə şişirdib, artırıb, nə də ki kəm yazacaq, Ən böyük həqiqəti Nə var olduğu kimi, bax bu qələm yazacaq!!!

PEYĞƏMBƏR və ŞAİRLƏR

* (Müşrik və kafir) şairlərə gəlincə, onlara yalnız azğınlar uyar! * Məgər görmürsənmi ki, onlar hər bir vadidə sər- gərdan gəzib-dolaşırlar? (Hər tərəfə meyil edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!) * Və onlar etmədikləri şeyləri deyirlər! (Onların dediklərinin əksəriyyəti yalandır!) * Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını (haq- qını) alanlardan başqa! Zülm edənlər isə (öləndən sonra) hansı dönüşə dönəcəklərini (hara düşəcək- lərini, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər! ("əş-Şüəra" surəsi, 224-227-ci ayələr)

Əsli-nəcabəti, südü-sümüyü Şeytandan gələnlər həcv edər səni. Xəmiri-mayası şərdən yoğrulan, Böhtandan gələnlər həcv edər səni.

Xain tənəsindən, xəbis dilindən, Nankor toxumundan, namərd əlindən,

Nanəcib qarnından, naşı belindən, Nadandan gələnlər həcv edər səni.

İçi yamanlığın paxırı, pası, Yerlərə müxənnət, göylərə asi, Hərzə danışmağın, məkrin ustası, Hədyandan gələnlər həcv edər səni.

Gecə də, gündüz də Allah evində Çırpınan ürəklər vəsf edər səni. Müqəddəs torpağın qara bağrında Yamyaşıl çiçəklər vəsf edər səni.

Pətəkdə bal olar, çiçəkdə şirə, Çevrilər ocağa, çevrilər pirə, Yeddidən yetmişə, birdən min birə Dövr edən fələklər vəsf edər səni.

Oxuyar eşqinlə qumrular, qular, Açar qanadını nurlu duyğular.

Çağlayan çeşmələr, qaynayan sular, Qanadlı küləklər vəsf edər səni.

İrfan məclisinin xonçası, xonu, Əxlaqın libası, həyatın donu, Sonun əvvəlisən, əvvəlin sonu, Ən təmiz diləklər vəsf edər səni.

Üzündən, gözündən nur yağa-yağa Vurar naxışını qaraya, ağa. Allahın əmriylə enər torpağa, Müqəddəs mələklər vəsf edər səni.

Şairlər başqa-başqa, şairlər cürbəcürdü, Biri sakit, ağıllı, biri dəlidi, kürdü. Biri Allah eşqini öz başına tac eylər, Ağrısına təsəlli, dərdinə əlac eylər.

Bir sözünü dəyişməz min-min sərvətə, zərə, Şükr edər Yaradana, üz tutar Peyğəmbərə.

Baxar ilahi sözə “Quran ayəsi” kimi, Duyar şeirin səsini Tanrının səsi kimi! Dildən çıxan haqq sözü ocaq bilər, pir bilər, Tanrıya şəkk gətirməz, Allahını bir bilər.

Şairlər başqa-başqa, şairlər cürbəcürdü, Ona verilən ömrü hər kəs bir yolla sürdü. Biri başın töhməti, üzümüzün qarası, Düzlərin sərgərdanı, çöllərin avarası. Biri şeytana uyan kafirlərin kafiri, Biri Allah yolunun ən nurlu müsafiri. Birinin qələmindən pas tökülər, kir yağar, Birinin qələmindən şəfəq saçar, nur yağar. Şairlər var, dilindən axar ilan zəhəri, Şairlər var, dilindən həmişə “şükür” yağar. Şairlər başqa-başqa, şairlər cürbəcürdü, Birinin dedikləri saman çöpünə dəyməz, Birinin dedikləri ləldi, gövhərdi, dürdü.

Allaha qarşı çıxıb, Haqq üzünə ağ olan, Kəlməbaşı hər sözü təhqir olan, lağ olan, Yaradana yox deyən, Allaha inanmayan, İlahi sevdasına bircə dəfə yanmayan, Şeytanı möhür kimi ürəyinə həkk edən, Ən böyük həqiqətin varlığına şəkk edən, Müsibət xəbərçisi, fəlakət bayquşları, Xəbislər, yarasalar onların tay-tuşları. Peyğəmbərin gözündən tökmək üçün yaşları, Tökmür, tökmək istəmir ətəyindən daşları. Ən yaramaz bir işi özünə gərək bilən, Həcvi, məkri, təhqiri yol bilən, örnək bilən, Bu müşrik şairlərin, bu kafir şairlərin, Cəhənnəmə əbədi müsafir şairlərin Payını vermək üçün, Onların iç üzünü açıb göstərmək üçün Gəldi, vaxtında gəldi Qurandakı ayələr. Azğınlar yaxşı bilsin, Uzaq yol gedə bilməz, çürükdürsə qayələr!

Ey mənim Peyğəmbərim! Ey nurum, ey səhərim! Sənə sataşanların, həddini aşanların, Atmaca atanların, günaha batanların Adı, sanı, soyadı Cəhənnəm nişanəli nifrət dəftərindədir! Rəhmətdən uzaq olan lənət dəftərindədir! Lənət ilə anılır min dörd yüz ildən bəri Abdulla əz-Zibəri! İblis ürəklilərlə çəkiləndə haqq-hesab Lənət ilə anılır Hubayrad ibn Vahab. Şairliyi kafirlik xəmrəsində yoğuran, Nəfəsi müsibətlər, faciələr doğuran, Qəlbində cin yığnağı, çiynində günah yükü, Bu kafir şairlərin Bu günün özündə də kəsilmək bilmir kökü. İyrənc əməllərini yaşadanlar var hələ, Peyğəmbər bostanına daş atanlar var hələ. Kafir şairlər öldü, ancaq kafirlik qalır, Onların arasında şeytani birlik qalır.

Nə tapdı, nə qazandı dünənki Zibərilər, Hərçənd çoxu sonradan dönüb müsəlman oldu, Müsəlman olanadək püskürdüyü qan oldu. Lənət kitabındadı bu gün Salman Rüşdülər, Tarixin kitabına ləkə kimi düşdülər!

Ey mənim Peyğəmbərim! Taxtım, tacım, sərvərim! Məndən salamlar olsun Sənə iman gətirən Həsən ibn Sabitə, Abdullah ibn Kəbə.

Bu gün onların yeri Yaradanın yanında Ən möhtəşəm saraydı, ən uca bir mərtəbə! Zaman nurtək yaşatdı Allaha, Peyğəmbərə nur, işıq şairləri! Bu günün özündə də Peyğəmbər məqamına yaraşıq şairləri! Rəhmətlə anır bəşər Allahı, Peyğəmbəri zikr edən şairləri, Qatlandığı əzabda, yaratdığı kitabda Yaradana – Allaha şükr edən şairləri!

Bu gün kim xatırlamır Şeyximiz Nizamini? Əlişir Nəvaini, Əbdürrəhman Camini? Bu gün kim xatırlamır Cəlaləddin Rumini? Min ildi Allah deyib, “Məsnəvi”ylə titrədir ürəklərin simini! Bu gün kim xatırlamır Yəsəvini, Yunisi, Hacı Bəktaş Vəlini? Bu böyük şairlərin qoy üstündən çəkməsin Yaradan öz əlini! Bu gün kim xatırlamır Məhəmməd Füzulini? Nəsimi deyildimi danışan quş dilini?! Bu gün kim xatırlamır Adı peyğəmbər adlı Pakistanlı İqbalı? Bu günün Mövlanası ruhun cahi-calalı? Peyğəmbər ürəyinə vəhyi göndərən Allah Şairə, sənətkara sözü, ilhamı verdi. Məhəbbət çeşməsini onlara bağışladı, Söz dolu bir dəryanı, nur dolu camı verdi.

Ey mənim Peyğəmbərim! Şah sözüm, şah əsərim!

Mənim də millətimin ən uca şairləri, şeyxləri, pirləri Müqəddəs əməliylə sənin xidmətindədir! Sənin xeyir-duanda, sənin rəhmətindədir! Abbasqulu ağanın ruhu bu gün uyuyur “Vadeyi-Fatimə”də. Anamızın adını daşıyan bir səhrada! Racinin ölməz ruhu Qırmızı dənizdədir, dalğalanır dəryada! “Ürfan çobanı” Cavid Sənin eşqinlə yazdı, yaratdı “Peyğəmbər”i! Səni sevdiyi üçün Yağdırdılar başına min cür böhtanı, şəri! Ancaq qələbə çalan nə şeytan, nə şər oldu, Qalan Cavid Əfəndi, bir də “Peyğəmbər” oldu! Şeytanın şairləri yenə şər yanındadır, Tanrıya ucalanlar Allahın dərgahında, Peyğəmbər şairləri Peyğəmbər yanındadır!

Ey mənim Peyğəmbərim! Yüküm, çəkim, ləngərim!

Sənin xidmətindədir ilahi səs şairi, ruh və nəfəs şairi! Bu gün bir şair də var, könül və can şairi, Zəlimxan Yaqub kimi Azərbaycan şairi, Türk ruhuna, islama sədaqətin şairi, Sənin çox bəyəndiyin bir millətin şairi, Yaradana səcdənin, ibadətin şairi!

Nə böyük bəxtəvərlik – Su kimi aydın, duru, bal kimi şirin olmaq, Od içində Zəmzəmin suyutək sərin olmaq, Sənin xidmətçin, qulun, sənin şairin olmaq, Ey mənim Peyğəmbərim, sənin şairinəm mən!

Üçüncü minilliyin əvvəlidir, əvvəli, Qəlbimdə sənin eşqin, üstümdə Haqqın əli, Dərya sən, qəvvas mənəm, qoynunda tapdım ləli, Ey mənim Peyğəmbərim, sənin şairinəm mən!

Mən də könlümü verdim Haqqa yar şairlərə, Bayrağını daşıyan bayraqdar şairlərə. Qoşulmadım bircə gün qəlbi dar şairlərə, Ey mənim Peyğəmbərim, sənin şairinəm mən!

Kimsənin bostanına heç zaman daş atmadım, Ömrümdə bir quşun da dimdiyin qanatmadım. Bir qəlbə toxunanda şirin yuxu yatmadım, Ey mənim Peyğəmbərim, sənin şairinəm mən!

Sənin dediklərini başımda tac elədim, Könlümün bağçasında əriş-arğac elədim, Eşqini Kəbə bildim, qəlbimi hac elədim, Ey mənim Peyğəmbərim, sənin şairinəm mən!!!

PEYĞƏMBƏRİN ŞƏKLİ – ŞƏMAYİLİ

Ulu böyük Yaradan Gətirəndə dünyaya Onu nurdan yaratdı, saf büllurdan yaratdı. Asta, inamlı səs də, gül ətirli nəfəs də, Yaraşıqlı boy-buxun, cazibəli duruş da, Nəzakətli yeriş də, ədəbli oturuş da, Səliqə də, nizam da, bal kimi danışıq da, Üzdə, gözdə, sifətdə çiçəklənən işıq da, Yerində-yatağında hər dediyi kəlam da, Verdiyi xeyir-dua, aldığı xoş salam da, Halallıqdan yoğrulan xəmri də, mayası da, Qızdan, gəlindən üstün abrı da, həyası da Təbiətin töhfəsi, Tanrının vergisiydi, Başdan-başa camalı qızılgül sərgisiydi. Daha da nurlanırdı Günəş onu görəndə, Ay göydə nazlanırdı ona salam verəndə.

Bulaqlar sevinirdi o içəndə suyunu, Ulduzlar öyünürdü seyr edəndə boyunu. Rənglərin sırasında yaşıl rəngi sevirdi, Ürəyə sığal çəkən hər ahəngi sevirdi. Qaşlarının düyünü, gözlərinin rəngi də, Sözünün axarı da, səsinin ahəngi də, Peyğəmbərlik möhürü kürəyinin bəni də, Geniş alnı, ağ üzü, şirmayı bədəni də, Yeriyəndə qabağa əyilən qaməti də, Baxışında oxunan böyük məhəbbəti də, Çiçək kimi, gül kimi yanağının alı da, Geniş köksü, ağ əli, gur qara saqqalı da, Qara göz bəbəkləri, uzun kirpikləri də, Kirpiklərdən süzülən göz yaşı da, təri də, Gümüş külçəsi kimi işıqlı görkəmi də, O görkəmdə görünən sevinci də, qəmi də Şərəf alıb Tanrının ən uca şərəfindən,

Çəkilib şəkil kimi Allahın tərifindən! O, Peyğəmbər şəklidi! Bu camala baxanda Ən mahir rəssam belə həsədindən ah çəkib, Çünki bu gül camalı Nə bir rəssam, nə nəqqaş, tək olan Allah çəkib! Bəndənin gücü çatmaz Haqqın yaratdığında qüsur, nöqsan tapmağa, Onun yaratdığını başqa cürə yapmağa!

DADIMA SƏN ÇAT!

Dua rəhmət qapısının açarıdır. Hz. Məhəmməd

Peyğəmbər eşqinə, ey qadir Allah, Bir az müşkülüm var, dadıma sən çat! Vətən bağçasında, millət bağında Saralmış gülüm var, dadıma sən çat!

Yanan doğmalardı, yadlar yandırıb, Yezidtək, Şümürtək adlar yandırıb, Şeytan övladları odlar yandırıb, Qovrulmuş külüm var, dadıma sən çat!

Dünyanın bir bəxti kəm şairiyəm, Gözü yaş, kirpiyi nəm şairiyəm, Qəmdən doğulmuşam, qəm şairiyəm, Boynu bükülüm var, dadıma sən çat!

Bir közəm, əlimdən ocağım gedib, Əsirim, girovum, torpağım gedib, Ərşə səsim çatıb, sorağım gedib, Çəkilməz zülüm var, dadıma sən çat!

Məlhəmi, əlacı ara bağrıma, Vurublar nə qədər yara bağrıma, Qarabağ çevrilib qara bağrıma, Qarşıda ölüm var, dadıma sən çat!

AMİN! YA RƏBBƏL-ALƏMİN!

Ey Həzrəti Peyğəmbərim, məndən sənə salam olsun, Allah adı qoy dilimdə ən müqəddəs kəlam olsun, Ümmətini qorumağa Quran bürcüm, qalam olsun, Amin! Ya Rəbbəl-aləmin!

Dildən-dilə, dindən-dinə, eldən-elə hörmət olsun, Xeyirli söz, xeyir əməl ən mübarək nemət olsun, “Allah birdi” deyənlərin son məqamı cənnət olsun, Amin! Ya Rəbbəl-aləmin!

Söz həmişə məhəbbətin, meydan çörək-duzun olsun, Sevənlərin ömrü-günü sevdiyindən uzun olsun, İcazə ver, keçək-gedək, cənnətinə izin olsun, Amin! Ya Rəbbəl-aləmin!

İnsan oğlu səndən qeyri bir kimsəyə qul olmasın, Kimsə kimin belindəki toza batmış çul olmasın, Xırdalana-xırdalana sevgi qara pul olmasın, Amin! Ya Rəbbəl-aləmin!

Mən dərdli bir şairiyəm dərdi böyük bir millətin, Yurdum-yuvam, oğlum-qızım qurbanıdır xəyanətin, Heç kəsə möhtac olmasın, səndən gəlsin inayətim, Amin! Ya Rəbbəl-aləmin!

Ağrıların pəncəsində çarmıx görmüş bir bədənəm, Bütövləşdir varlığımı, parçalanmış bir vətənəm, Göstər böyük xoşbəxtliyi, dünya görsün – mən də mənəm, Amin! Ya Rəbbəl-aləmin!

Nahaq bilib haqqımızı, yalan sayıb doğrumuzu, Qarabağda tikə-tikə yandırıblar bağrımızı, Özgələr yox, öz qüdrətin qoy sağaltsın ağrımızı, Amin! Ya Rəbbəl-aləmin!

Bir “Vəhdəti-vücud” eylə, aramızda birlik olsun, Qoy cücərsin toxum kimi, birliyimiz dirlik olsun, Astanamız ziyarətlik, ocağımız pirlik olsun, Amin! Ya Rəbbəl-aləmin!

Ömrün-günün yollarında büdrəməsin köhlən atım, Məhəmmədin məqamına vədəsində gedim çatım,

Şeirim olsun Peyğəmbərin camalına salavatım, Amin! Ya Rəbbəl-aləmin!

Yardımınla, kərəminlə zənginləşdi bu sərvətim, Yerlə-göyün arasında dalğalandı məhəbbətim, Bir “Peyğəmbər” şairitək qəbul olsun bu niyyətim, Amin! Ya Rəbbəl-aləmin!

NƏDİR ƏRƏSAT AYAĞI, GEDİN ƏRƏFATDA GÖRÜN!

Ey Allahın bəndələri, Haqqa çatmaq istəsəniz, İnsanlığın tarixini Adəm adlı zatda görün.

Varaqlayın səmalardan enib gələn kitabları, Davuda Zəburda baxın, Musanı Tövratda görün.

Ruhun sınmaz qanadları işgəncə, çarmıx tanımır, İsanı İncildə tapın, ən sehrli qatda görün.

Quranın hər ayəsində diri, canlı bir həyat var, Ona baxın, Məhəmmədi həmişə həyatda görün.

Göy üzündən yer üzünə enib gələn ağ yolları Cəbrayılın çiynimizdə çaldığı qanadda görün.

İslam nədi, iman nədi, nə deməkdi müsəlmanlıq? – Rəsulullah yer üzünə gəldiyi saatda görün.

Hayandadı Adəm-Həvva bir-birini tapdığı yer, Nədir Ərəsat ayağı, gedin Ərəfatda görün!

OXUNAN QURANIN SAVABI

Ey Məhəmməd ümməti, səndən budur istəyim: Quranı səhv oxuma, Allaha ağır gedər.

Biz ona İlahidən verilən dərs demişik, Biz ona duyğulardan süzülən səs demişik. Biz ona yaranışdan saf, müqəddəs demişik, Quranı səhv oxuma, Allaha ağır gedər.

Onun dərkinə varmaq ər oğlu ər işidir, Zərgərlik sənətidir, o bir zərgər işidir, O, Tanrı möcüzəsi, o, peyğəmbər işidir, Quranı səhv oxuma, Allaha ağır gedər.

Nə ucadı məqamı, nə şirindi əzabı, Tilsimlərin dilidir, sualların cavabı, Dürüst oxu, gözəl yaz, birə-mindi savabı, Quranı səhv oxuma, Allaha ağır gedər.

İlqar, iman sahibi ocaq olar, kül olmaz, İmansız bir ürəkdə tikan bitər, gül olmaz, Allaha ağır gedən bəndəyə yüngül olmaz, Quranı səhv oxuma, Allaha ağır gedər.

Quran nə bütpərəstin, nə də ki bir bütündü, Yoxdu onu yandıran, onu yaxan büt indi, Haqdan bəndəyə doğru yüksələn bir sütundu, Quranı səhv oxuma, Allaha ağır gedər.

Üstündə Haqqın əli, Yaradanın zəhmi var, Bir sözdə min aləmin düşüncəsi, fəhmi var, Demə ki bağışlayar, o, Rəhmandı, rəhmi var, Quranı səhv oxuma, Allaha ağır gedər.

Yeri ucadan uca, yaşı uludan ulu, Hər nöqtəsi, vergülü İlahidən vurğulu, Övliya da, şeyx də, imam da onun qulu, – Hər qəlbə o kitabdan yol düşər, cığır gedər, Quranı səhv oxuma, Allaha ağır gedər.

PEYĞƏMBƏR QURAN OXUYUR

Ululardan eşitdiyimə, kitablardan oxuduğuma görə, deyirlər Hz. Peyğəmbərimiz Quranı çox ilahi bir avazla oxuyarmış. Elə bil o səsi, o peyğəmbər avazını bu gün mən də eşidirəm...

Aman Allah! Bu nə sehir, bu nə ovsun, bu nə avaz, Mən bu səsdən yer üzündə az eşitdim, az gördüm, az. Belə sözə, belə səsə ömrüm olsun nəzir-niyaz, – Ürək coşur, könül sevir, dodaq gülür, can oxuyur, Bax Peyğəmbər avazına, gör necə Quran oxuyur.

Vaxt əriyir yavaş-yavaş, axşam düşür, gecə keçir, Zamanların sınağından islam başı uca keçir, Heç bilmirəm mən hardayam, ömrüm-günüm necə keçir, – Bu səslərin işığında sübh açılır, dan oxuyur, Bax Peyğəmbər avazına, gör necə Quran oxuyur.

Bu ovsunun işığına dözmür ürək, dözmür bədən, Bu səslərin işığında kül olmadım, neyçün, nədən?

Ey Yaradan, icazə ver, mən də içim bu çeşmədən, – Ürəklə səs-səsə verib, damarlarda qan oxuyur, Bax Peyğəmbər avazına, gör necə Quran oxuyur.

Yaz da burda, təravət də, yaşıl çəmən də burdadır, Göydə uçan, yerdə gəzən, nurda çimən də burdadır, Çiçək üstə düşən şehi nurtək əmən də burdadır, – Arılar sanki bal çəkir, pətək dolur, şan oxuyur, Bax Peyğəmbər avazına, gör necə Quran oxuyur.

Bu neməti dada bilsək, genişlənər darlığımız, Nur içində mələk kimi hey paklaşar varlığımız, Kafir olluq, bu səslərə olsa əgər karlığımız, – Yer də, göy də eşqə düşüb, hər tərəf, hər yan oxuyur, Bax Peyğəmbər avazına, gör necə Quran oxuyur.

Taxtı uca, baxtı yeyin, bu avaz şah avazıdı, Durulanıb təmizlənmiş ulu dərgah avazıdı, Bu, bəndənin işi deyil, bu, bir Allah avazıdı, –

Məhəmmədin nəfəsiylə onu bir insan oxuyur, Bax Peyğəmbər avazına, gör necə Quran oxuyur.

Bizdən əvvəl mehə döndü, könüllərdən əsdi bu səs, Bizdən sonra neçə-neçə min illərə bəsdi bu səs, Heç vaxt sehri azalmayan, təmiz qalan səsdi bu səs, – Səs verib öz Rəsuluna, Xaliqi-Sübhan oxuyur, Bax Peyğəmbər avazına, gör necə Quran oxuyur.

ƏXLAQ NURU, DİN İŞIĞI

Şübhəsiz, sən böyük bir əxlaq üzərindəsən! (“Nun” və ya “əl-Qələm” surəsi, 4-cü ayə) Yaradılışın da əxlaqın qədər gözəldir. (“Hədisi-Şərif”)

Yola tikan atırlar, Tikanları gül bilir. Hamını özü kimi Nurlu bir könül bilir.

İşığının üstünə Enir qara pəncələr. Onu qorxuda bilmir Əzablar, işgəncələr.

Yükü alır çiyninə, Dərdi özünə çəkir. Şeytan yana əysə də, Yolu düzünə çəkir.

Kini yaxına qoymur, Sevgi, barış adəti. Suçlunu bağışlamaq Ən böyük səadəti.

O yerinə yetirir Oğultək oğulluğu; Yaradanı təbliği, Yaradana qulluğu.

Yaradanın önündə Özünü bir qul bilir. Ayırmır bir insanı, Qulu da oğul bilir.

Doğruluq dost qapısı, Xoş xəbərə açılır. Dünyanın tilsimləri Peyğəmbərə açılır.

Yadı da doğmasıtək Özünə yaxın bilir. Bəndəyə məhəbbəti Qılıncına qın bilir.

Çiçəklərdən zərifdi Qadına məhəbbəti. Onlara məlhəm olur Nitqinin bəlağəti.

Yoxsulların arxası, Kasıbların pənahı; İmkansıza əl tutar, Tox nəfsi, yox tamahı.

Rəsulda zühur edən Mələyin əxlaqıdır. Tanrı hökmüylə dönən Fələyin əxlaqıdır.

Əhli-beytin qapısı Qış açıqdır, yay açıq. Allah qonaqlarına Qəlbi taybatay açıq.

Nur çilənib qəlbinə, Nur səpilib üzünə. Müşrik möminə dönür, Baxsa onun gözünə.

O, “millətim” demədi, O, “ümmətim” söylədi. Allahın varlığına “Həqiqətim” söylədi.

Asta dinir, danışır, Ucadan gəlmir səsi. Möcüzələr yaradır Allahın möcüzəsi.

Ona məhəbbətimin Yox çəkisi, ölçüsü. Əxlaq zirvəsindədir Yaradanın elçisi.

Əxlaq ismətdən gəlir, Əxlaq həyadan gəlir, Südlə, sümüklə, qanla Kökdən, mayadan gəlir.

Əxlaq bir tül parçası, Ləkəsiz gül parçası. Sevgiyə ayna tutan, Sevən könül parçası.

Təravətdi – ətri var, Ləyaqətdi – xətri var, Rəbbimizin yanında Qiyməti var, qədri var.

Ülfəti var, mehri var, Cazibəsi, sehri var. Peyğəmbər fərmanında Tanrının öz möhrü var.

Sevgi

Mənlik göstərməz, mən olar, Haqq tarlasında dən olar, Qalxar mələklə tən olar, Coşar Peyğəmbər sevgisi.

Sısqa çayı gurlandırar, Zülmətləri nurlandırar, Yoxsul qəlbi varlandırar, Daşar Peyğəmbər sevgisi.

Nə yönünü şaha tutar, Nə özünü baha tutar, Üzünü Allaha tutar, Yaşar Peyğəmbər sevgisi.

Gör Peyğəmbər əxlaqını

Ürəyini təmiz eylə, Gör Rəsulun əxlaqını. Sevgini bir dəniz eylə, Gör Rəsulun əxlaqını.

İşıq payla zəriflərə, Qol-qanad ol ariflərə, Tamah salma təriflərə, Gör Rəsulun əxlaqını.

Halallıqdan çək balını, Allah soruşsun halını,

Heçə say dünya malını, Gör Rəsulun əxlaqını.

Gözlərində cin saxlama, Ürəyində kin saxlama, De haqq sözü, din, saxlama, Gör Rəsulun əxlaqını.

Eşqi Haqdan gələn səs bil, Haqqı doğma bir nəfəs bil, İmanını müqəddəs bil, Gör Rəsulun əxlaqını.

Ərənə dön, ər yolu tut, Nə fitnə, nə şər yolu tut, Uca Peyğəmbər yolu tut, Gör Rəsulun əxlaqını.

Damardan süz, qandan keçir, Ruhda ərit, candan keçir, Qəlbini Qurandan keçir, Gör Rəsulun əxlaqını, Gör Peyğəmbər əxlaqını.

Göylər enib Məhəmmədə sarı gəlir

Aradabir Məhəmməddən uzaqlaşan Qoca dünya Məhəmmədə sarı gəlir. Alçaq dünya Peyğəmbəri başa düşmür, Uca dünya Məhəmmədə sarı gəlir.

Peyğəmbər bu sərt dağlara çox gələrdi, Dağlar indi Məhəmmədə sarı gəlir. Zaman gəldi min illəri yaxaladı, Çağlar indi Məhəmmədə sarı gəlir.

“Bulanmışam, durult məni” deyə-deyə Sular dinib Məhəmmədə sarı gəlir. Silkələnib “Şəqqül-Qəmər” möcüzəsi, Göylər enib Məhəmmədə sarı gəlir.

Bir ağacın min bir sayda budağı var, Kökü dönüb Məhəmmədə sarı gəlir. Tərəzinin islam gözü ağırlaşır, Yükü dönüb Məhəmmədə sarı gəlir.

Qulaqlarda səs işığı, gün işığı, Uca mələk Məhəmmədə sarı gəlir. Könüllərdə əxlaq nuru, din işığı, Çərxi-fələk Məhəmmədə sarı gəlir.

Uca tutub Haqq eşqini, din adını, İman hər gün Məhəmmədə sarı gəlir. İslam qırır zalımların inadını, Zaman hər gün Məhəmmədə sarı gəlir.

Mərhəmət namazını qılmamaq mümkündümü?

Oğulsansa vurulma ilahi gözəlliyə, Bu əxlaqın heyranı olmamaq mümkündümü? Rəhmət yağışlarını yağdırırsa Yaradan, Dərin dəryalar kimi dolmamaq mümkündümü?

Yumşaqların yumşağı, həlimlərin həlimi, Əfəndilər sultanı, aləmlərin alimi. Onun verdiyi dərsi, o keçdiyi təlimi Könül verib, can verib almamaq mümkündümü?

Ağzından nə çıxırsa, keçir qandan, ilikdən, Sözü ağıldan gəlir, düşüncəsi bilikdən.

Sehrə, ovsuna düşüb bu boyda dahilikdən, Tanrının tilsimində qalmamaq mümkündümü?

Sözünün dad-tamına bal kimi şirin deyib, Zehninə, yaddaşına dərindən dərin deyib, Allahın vergisinə yüz min “Afərin!” deyib, Sonsuz düşüncələrə dalmamaq mümkündümü?

Nə ağırdı bu ruhda yoğrulub yapılmamaq, Nə gözəldi bu dində itmək və tapılmamaq. Gözəl əxlaq deyəndə səcdəyə qapılmamaq, Vacibət namazını qılmamaq mümkündümü?

Məkkənin himni

Çağırdıq qadir Allahı, Yazıldı qismət Məkkədə. Çəkdi bizi ziyarətə Ulu bir qüdrət Məkkədə.

Həftələr aya qovuşdu, Çeşmələr çaya qovuşdu, Damla dəryaya qovuşdu, Yox oldu həsrət Məkkədə.

Şəkər imiş sözdən ötrü, İşıq imiş gözdən ötrü, Zəmzəm suyu bizdən ötrü Oldu bir şərbət Məkkədə.

Fikir fikrə həyan oldu, Səsimizi yayan oldu, Baxanlara əyan oldu Əsl həqiqət Məkkədə.

Yerdən göyə məhəbbət var, Göydən yerə mərhəmət var, Haqqa doğru hərəkət var, Bircədi sifət Məkkədə.

Nur yaranıb, zər doğulub, İmam, peyğəmbər doğulub, Əli kimi ər doğulub Kəbəsi hikmət Məkkədə.

Dilində Quran ayəsi, Üstündə Haqqın sayəsi, Allahdandı sərmayəsi – Tükənməz sərvət Məkkədə.

Geyindik ehram paltarı, Ağlığı dağların qarı. Yeridik qibləyə sarı, Etdik ibadət Məkkədə.

Sevgi çələngi toxuduq, Ətir daddıq, gül qoxuduq, İmama rəhmət oxuduq, Yezidə lənət Məkkədə.

Aydınlığı Haqqın nuru, Təmizliyi sudan duru, Bu şöhrəti, bu uğuru Yaradıb qeyrət Məkkədə.

Əl vuranda qara daşa, Az qalır ki, ağlın çaşa, Nə gördüksə başdan-başa Heyrətdi, heyrət, Məkkədə.

Nahaq yerə ürək yarma, Haqq olmasan, Haqqa varma, Ey insan, cənnət axtarma, Gəzdiyin cənnət Məkkədə.

Baxışlardan nur tökülür, Dodaqlardan dürr tökülür, Hər yerdən şükür tökülür, Yoxdu şikayət Məkkədə.

Tarix qədim, dərgah ulu, Torpaq odlu, çeşmə sulu, Kim olsa Allahın qulu, Çəkməz xəcalət Məkkədə.

Baxın Kəbənin yaşına, Dünya dolanır başına, Toz qonsa bircə daşına, Qopar qiyamət Məkkədə.

Ən uca dövlət kimidir, Ən dadlı qismət kimidir, Allaha xidmət kimidir Kəbəyə xidmət Məkkədə.

Hər ürək bir dolu camdı, Hər könül bir yanan şamdı, Sabaha bir ehtiramdı Dünənə diqqət Məkkədə.

Bir tanış ol, yaxşı tanış, Qələmim, yaz; dilim, danış. Allah əli toxunmamış Yoxdu bir sənət Məkkədə.

Ər demişik ərənlərə, Haqqa könül verənlərə, Məhəmmədi görənlərə Var bir şərafət Məkkədə.

Yaxın gəlməz ağrı-acı, İman olsa başın tacı. Zəlimxan da oldu hacı, Tapdı səadət Məkkədə!

HƏCƏRÜL-ƏSVƏD

Həcərül-Əsvəd qardan daha bəyaz idi, fəqət müşriklərin günahı onu qaraltdı. (“Hədisi-Şərif”)

Qara daş! Qara daş! Cahillər qəlbini qırıblar. Vurublar qəlbinə Yara, daş! Qara daş! Allaha ağ olan allahsız bəndələr Çəkiblər ruhunu Dara, daş! Qara daş! Yezidin əmriylə mancanaq atıblar, Olmusan üç yerdən Para, daş! Qara daş! Dərd çəkmə naşının, gədanın əlindən, Ah çəkmə əsilsiz nadanın əlindən. Üstünə Adəmin əlləri toxunub, İbrahim gözüylə sirlərin oxunub. Məhəmməd əliylə divara qoyulan,

Öpüşlər selində sinəsi oyulan, Sevilən, seçilən Qara daş! Qara daş! Şeytana uzaqsan, Allaha yaxınsan, Duyanın qəlbinə nurlu bir axınsan. Bu sevgi qoyarmı, bu istək qoyarmı Dumanlar, tüstülər Sənin gül üzünü Sara, daş! Qara daş! Müşrikin, kafirin min lənət goruna, Sən, səni Peyğəmbər gözündə əzizlə. Sən, səni Məhəmməd qəlbində Ara, daş! Qara daş!

Daşdan gələn səs:

“Mən cənnətin içində bir yaqut idim, Nur saçırdım yerə, göyə. Yaradanın əmri ilə sonra dönüb mələk oldum, Ağ qanadlı quşa dönüb özüm boyda ürək oldum. Yer də, göy də heyran idi uçmağıma, Heyran idi Kainatı qucmağıma.

Yaradanın qüdrətini çatdırmaqçün insanlara Mən baxırdım ürəklərə, ağıllara, vicdanlara. Göyün sirri, yerin sirri məndə idi, Yaradana olanları yetirməkçün Aradığım insan idi, bəndə idi. Ulu Tanrım hökm eylədi, Quş mələkdən döndüm yenə daş mələyə. Ulu Tanrı mənim mələk taleyimi Tapşırmışdı baş mələyə! Əbu Qubeys dağlarında qardan bəyaz bir daş oldum, Daş olsam da, Allahımın hər sirrinə sirdaş oldum. Bir gün daşı quş eyləmək, Bir gün quşu daş eyləmək Onun hökmü! Mələkləri insanlara doğmaca qardaş eyləmək Onun hökmü! İnsanları göy üzünə qaldırmaq da, Mələkləri yer üzünə endirmək də, Qara daşı insan kimi dindirmək də Onun hökmü!

Bir gün oldu, Həzrət Adəm gördü məni, Gətirib öz əlləriylə Kəbəmizin divarına hördü məni! Mən o gündən bu divarda Daş mələyəm, mələk daşam, Həqiqətin yanındayam, haqq yolunda bir savaşam. Ta Adəmdən Məhəmmədə Neçə-neçə peyğəmbərə əqidədaş, məramdaşam! İnsan oğlu! Soruş məndən, niyə belə qaralmısan? Mən ki qardan ağ daş idim. Süd kimi ağ, qardan bəyaz, Sağlam varlıq, sağ daş idim. Qoy utansın Yezidin bir fitvasıyla ciyərimi yandıranlar, Qoy utansın məni vurub sındıranlar! Bütöv idim, parçalandım, Mən parayam! Mən parayam! Bütövləri sındırana, ürəkləri yandırana, Bir etiraz, bir harayam! Qaranəfəs, qaraniyyət insanların ucbatından Baxın indi sifətimə,

Qapqarayam!!! Qapqarayam!!!” Bu, bir mələk harayıdı, biz-biz oldu tüküm yenə, Köz-köz oldu budaqlarım, oda döndü köküm yenə. Aman Allah, yer üzündə nə qədərmiş günahımız, Bu gedişlə qiyamətdə çətin olar pənahımız. Pis üzlərdə şeytan tükü, dar ürəkdə məkrin odu, Hara baxsan, şər-böhtandı, hara baxsan, dedi-qodu. Neçə-neçə ağ daşları qaraldıbdı Qara-qara niyyətimiz! Allaha yox, şeytanadı qulluğumuz, xidmətimiz. Ah-amanlar, nahaq qanlar min illərlə uzanırsa, Bu savaşda haqq üzülür, nahaq meydan qazanırsa, Pişiklərin əllərində boğulursa pələngimiz, Xırdalana-xırdalana məhv olursa nəhəngimiz, Qırğın, savaş dayanmırsa bircə günlük, bircə anlıq, İblislərin pəncəsində didilirsə müsəlmanlıq, Haqq deyənlər danışıqsız boğazından asılırsa, Xəyanətin meydanında pəhləvanlar basılırsa,

Yezid ölüb, Yezidlərin hökmü, gücü varsa hələ, Ədalətin qulaqları karsa hələ, Buna ağrı çəkən ürək, gözdən axan yaş neyləsin? Üzünü biz qaraltmışıq, Bu dözülməz fəlakətə mələk kimi daş neyləsin, daş adlı mələk neyləsin? Fələk bizlə bacarmırsa, bu çərxi-fələk neyləsin? İmkan versə iblis, şeytan, aman versə nadan, naşı, Dönüb yenə bəyazlaşar Kəbəmizin qara daşı!!!

ONU DAR AYAQDA KİM QORUYURDU?

(Ya Rəsulum!) Kitabda (Quranda) İbrahimi də yad et (onun hekayətini də ümmətinə söylə). Həqiqətən, o, büsbütün doğru danışan kimsə (siddiq) – bir peyğəmbər idi. (“Məryəm” surəsi, 41-ci ayə)

Onu dar ayaqda kim qoruyurdu, kim, Nəmrudun çatdığı ocaqda niyə yanmadı Həzrəti İbrahim? Səhrada tufanlar qiyamət qopara, Qum dağı dəryatək kükrəyə, qabara, Küləklər daraq çəkə, qumlar tufanla darana, Səhranın odu neyləyəsidi Nəmrudun odundan sağ-salamat qurtarana! Eşqdən, sevgidən tutuldu halal maya, Bir peyğəmbərdən İki peyğəmbər nəsli gəldi dünyaya! İsmayılın nəsli Həzrəti Məhəmmədi yetişdirdi, İshaqın nəsli Həzrəti İsanı! Biri məscidi Allah evi seçdi, biri kəlisanı!

Aradan min illər keçdi, çox sular axdı aradan, Hökmünü verdi, işini gördü Yaradan...

Ayağımı yandırır qum, Qum kimi çöllərə dağılır yuxum. Səhra qızmar od kimidir, üstündə gəzə bilmirəm, Yanıb, yanıb qovruluram, istiyə dözə bilmirəm. İbrahim, İsmayıl, Həcər, Bu atəşə necə dözüb? – Hey düşünüb-daşınıram, bir yana yoza bilmirəm. Allahın səbri böyükdü, dərd verən dərman da verir, Yox yerdən Zəmzəm çıxarır, sulara fərman da verir. Ata apardı oğulu Allaha qurban verməyə, Oğul müntəzir dayandı Haqq yolunda can verməyə. İbrahimi od yandırmır, İsmayılı bıçaq kəsmir, Peyğəmbəri yaradanda vədə qaçmır, vaxt tələsmir. Nə yarağın hünəridi, nə silahın möcüzəsi, Daşı kəsən başı kəsmir, bu, Allahın möcüzəsi! Tək şeytana atılmırdı İbrahimin atdığı daş, Yerdə, göydə, Kainatda fırlanırdı yavaş-yavaş.

Şeytanlığa, iblisliyə, xəbisliyə atılırdı, Şər-böhtana, yamanlığa, hər pisliyə atılırdı. Şeytanlığın yaratdığı əməllərə atılırdı, Kökü çürük özüllərə, təməllərə atılırdı. Şeytanın bir qazancı var, o da ki, “Lənət şeytana!” Yurd-yuvası cəhənnəmdi, uzaqdı cənnət şeytana. Nəfsə qalib gələn kimi Ulu Tanrı İbrahimi İbrahimxəlil eylədi; Sevdiyinə “dostum” dedi, Peyğəmbərlik vergisini ən böyük dəlil eylədi. İlahinin izni ilə insanlığa rəhbər olur, Haqqı İbrahimtək sevən Haqqa dost peyğəmbər olur.

Ağlayıram insanların, insanlığın gününə, Nəmrudu gətirirəm gözlərimin önünə. Nə qədər ki Adəmin yanında İblis var, İbrahimin yanında Nəmrud var, Musanın yanında Firon var, Rəsulullahın yanında Əbu Cəhl var,

Bu yalançı dünyada Əbu Ləhəblərə tələb var, Möminin yanında müşrik var, Müslümün yanında kafir var, Nə qədər ki, ürəklərdə qərəz var, kin-kifir var, Nə qədər ki, küfr üçün bu qədər təşnə, ac var, O qədər peyğəmbərə tükənməz ehtiyac var. Heyif Adəmə! Heyif Nuha! Heyif İbrahimə! Heyif Musaya! Heyif İsaya! Heyif Məhəmmədə!!! Heyif Allahın insana verdiyi Eşqə, imana, məhəbbətə! İnsanlar insanlığı yaşada bilmədilər, Şeytana İbrahimtək daş ata bilmədilər! İbrahim bir dərs idi alana, Bir kitab idi oxuyana. Bir çiçək idi dərənə, Bir gül idi qoxuyana! Allahın dostuna çevrilə bilərdi insan, Bütün günahları yer üzündən silərdi insan; Burnunun ucundan uzağı görə bilsəydi, Ömrünü zülmətə yox, İşığa verə bilsəydi!

Dünyaya nəfsinin, qarnının, Daş kəsən iştahının, Baş kəsən tamahının gözüylə baxmasaydı, Şeytanın axıtdığı sellərin qucağında çöp kimi axmasaydı, Allaha dost olardı, Allah verən fürsəti əldən buraxmasaydı!

Yıxdıq sarayımızı, uçurduq damımızı, Şeytan tut qurusu kimi aldı əlimizdən imanımızı. İndi qalmışıq deyinə-deyinə, İndi qalmışıq döyünə-döyünə. Həsrət qalmışıq cənnətin yerinə, göyünə! Vaxtilə Allahı eşitmədi insan, İndi də insanı eşitmir Allah. Könlümüzcə gülmür dünya, istəyimizcə açılmır sabah. Yağış yağsa da, vaxtında yağmır, Günəş doğsa da, vaxtında doğmur. Yağış yağanda kimin üzünə yağsın, Günəş doğanda kimin üzünə doğsun? Bulanıb sular, tutulub havalar,

Yıxılıb kümələr, dağılıb yuvalar. Kəsilmir qırğınlar, qurtarmır davalar! Bal itirib ballığı, Süd itirib halallığı. Qar itirib ağlığı, Can itirib sağlığı, Su itirib saflığı. Ruh itirib şəffaflığı, Vicdan itirib təmizliyi, Nə çayın çaylığı qalıb, Nə dənizin dənizliyi. Suya zəhər qatdılar, Bala şəkər qatdılar. Bəndələr bir-birini aldılar, aldatdılar! Biri pulun gücünə, Biri silahın gücünə! Biri işin, vəzifənin, Biri tamahın gücünə! Yaş yanağa süzüləndə, Ayaq yerdən üzüləndə Ümidimiz qaldı yenə qadir Allahın gücünə!!!

Ey şeytanı güldürənlər! Ey peyğəmbər öldürənlər! Ey fəlakətə uğrayanlar! Ey Zəkəriyyəni Beytülmüqəddəsdə Ağacqarışıq mişarla doğrayanlar! Ey atasından bezib, anasından küsənlər! Ey Fələstində bir qızın sözüylə Yəhya peyğəmbərin başını kəsənlər!

Ey Lut peyğəmbəri öz evindən qovanlar! Ey dəvəsini öldürüb, Salehin ürəyini ovanlar! Ey ayaq açıb yeriyən yalanlar, Ey Yusifi quyuya salanlar! Ey öz əliylə öz evini yıxanlar, Ey buzova “Allah” deyib, Musaya qarşı çıxanlar! Ey həqiqətin başında bostan əkənlər, Ey İsanı çarmıxa çəkənlər! Ey pisliyi pisliyə calaq edənlər, Ey Məhəmmədi daşqalaq edənlər! Etdiyiniz əməllər, tutduğunuz günahlar Hamısı bircə-bircə özünüzə qayıdır, özünüzə, Allah baxmır, baxmadı, baxmayacaq sözünüzə! Yalvarın! And için! Yaş tökün! Əyilin! Diz çökün! Tövbə edin! Tövbə qapısı açıqdır Allahın! Nuruna salam verin sabahın!

Əl üzməyin həyatdan, “Bəndələr” bağlasa da, Heç vaxt bağlanan deyil Allah açan qapılar, Axtar, ey insan oğlu, nicat yolu tapılar!

Yaxşı işlər görməyə tələsin, Növbə sizin, növbə sizin, növbə sizindir! Bütün günahlardan təmizlənməyə, Allahın gözündə əzizlənməyə, Tövbə sizin, tövbə sizin, tövbə sizindir!

İbrahimin gücü çatmadı, Bəlkə, Məhəmməd qaytara İnsafı qəlbinizə, imanı ruhunuza. Bəlkə, rəhmi gələ ağrınıza, ahınıza, Məhəmmədin eşqinə Kainatı yaradan Allah Məhəmmədin eşqinə, bəlkə, bağışladı sizi. Bəlkə, yenidən qaynadı Sizin ucbatınızdan quruyan Sevgi bulağı! Həyat eşqi! Mərhəmət dənizi!!!

İŞIQLAN KƏBƏNİN NURUNDA, KÖNLÜM

Bu da bir fürsətdi, baxtına düşüb, İşıqlan Kəbənin nurunda, könlüm. Zamanına düşüb, vaxtına düşüb, İşıqlan Kəbənin nurunda, könlüm.

Sirdaş ol ulduzla, Günəşlə, Ayla, Yoldaş ol çəmənlə, çeşməylə, çayla, Aldığın işığı dünyaya payla, İşıqlan Kəbənin nurunda, könlüm.

İnamı olanlar dumandan çıxar, Şübhədən sıyrılar, gümandan çıxar. Dünyanın sahmanı imandan çıxar, İşıqlan Kəbənin nurunda, könlüm.

Güvən bu dünyanın yaraşığına, Peyğəmbər nuruna, Haqq işığına.

İndi ki dönmüsən Haqq aşığına, İşıqlan Kəbənin nurunda, könlüm.

Tanrı işığında hamı nurlanar, Dünyanın sarayı, damı nurlanar. Yanar ürəklərin şamı nurlanar, İşıqlan Kəbənin nurunda, könlüm.

Hər kim qara daşı əyilib öpər, Dizinə güc gələr, qəlbinə təpər. Yaxşılıq yağdırar, aydınlıq səpər, İşıqlan Kəbənin nurunda, könlüm.

Süd kimi təmiz ol, qar kimi ağ ol, Çırpınma şübhənin torunda, könlüm. Alış ömrün boyu müqəddəsliyin Odunda, közündə, qorunda, könlüm. Bəndənin şöhrəti Allah nurudur, İşıqlan Kəbənin nurunda, könlüm!!! İşıqlan Allahın nurunda, könlüm!!! İşıqlan, işıqlan, işıqlan yenə, Həzrət Məhəmmədin nurunda, könlüm!!!

PEYĞƏMBƏRİN HÜZNÜ

(Bu, nübüvvətin 10-cu ilində baş verdi)

"Ey dağ! Mənim başıma gələn şey sənin başına gəlsəydi, dayanmazdın, yıxılardın". Bu fikir böyük oğlu Qasimin vəfatı zamanı Peyğəmbərin dilindən səslənmişdir. (Saleh Suruç, "Peyğəmbərin həyatı", I cild, səh. 341)

Köməksiz qalanda insan övladı Ümidi gözünün yaşına gəlir. Uçrum kənarında dayanır ömrü, Qisməti yarğanın qaşına gəlir.

Səmtini, yönünü azmış zaman var, Peyğəmbər qəlbində ah var, aman var. Kədərdən gözlərə çökən duman var, Ömrün baharına, qışına gəlir.

Ağırdı dövranın, vaxtın şərtləri, Yumşaldıb mum edir daşdan sərtləri. Həmişə dünyanın böyük dərdləri Böyük adamların başına gəlir.

Qəlbində, ruhunda bir çaxnaşma var, Peyğəmbər sinəsi möhtəşəm qaya. Hər gün hücumdadır, vəhşi dalğalar, Qərq etmək istəyir onu dəryaya.

Peyğəmbər ürəyi gur işıq kimi, Yanır gözlərində Haqqın niyyəti. Gətirmək istəyir nur, işıq kimi Dünyaya təzə bir mədəniyyəti.

Bütlərlə, lütlərlə, ilahlar ilə Aramsız döyüşür tək Allah üçün. Min canı olsa da, verər, çəkinməz, Bircə "La ilahə illəllah!" üçün.

Qüreyşi zəhərli ilana dönüb, Hər gün fürsət gəzir onu çalmağa. Müşrik də, kafir də növbəyə durub, Hazırdı hər saat qisas almağa.

Hələ ki alınmaz qala kimidi, Nə ağır itkisi, nə bir yası var. Onun Xədicətək eşqi, dayağı, Əbu Talib kimi bir arxası var!

Qoşa qanad kimi qaldırır onu, Biri qeyrətidi, biri sərvəti. Hələ əvvəlidi böyük yolların, Nə gücü azalır, nə qətiyyəti.

Atanın üzünü görməyən oğul Sevib ata kimi Əbu Talibi. Dərdli ürəyində nələr var onun, Dərin dəryaların görünməz dibi.

Dəryalar qoynunda batmağa qoymur, Üzən gəmi kimi qoruyur onu. Nakam qardaşının tək balasıdı, Doğma əmi kimi qoruyur onu.

Heyif, bu sevinci çox dada bilmir, Əcəl əmisini aparıb gedir. Cavan Məhəmmədin, bu sərt ayrılıq Qəlbini köksündən qoparıb gedir.

Heyif, uzun sürmür bu bəxtəvərlik, Başlanır həyatın sərt işgəncəsi. Peyğəmbər qəlbini didmək istəyir Müşrikin, kafirin qara pəncəsi.

Ürəyi partlamır, dözür, dayanır, Ən ağır dərd ilə yüklənəndə də. Başının üstündə Allah dayanır, Peyğəmbər tək olmur təklənəndə də.

Xədicə – isməti, məhəbbətidir, İslama ilk iman gətirən qadın; Peyğəmbər yükünün ağırlığını Çiyninə şərəflə götürən qadın.

Dini sevgidədir, sevgisi dində, Məhəmməd ömrünün aynasıdır O! Təkcə Peyğəmbərin qadını deyil, Həzrət Fatimənin anasıdır O!

Xədicə xəstədir, tükənir ömrü, Bir ana əriyib sönür şam kimi. Nə ümidə baxır, nə təsəlliyə, Daralır nəfəsi bir axşam kimi.

Bacarmır çox şeyi bacaran qadın, Ölümlə, əcəllə bacara bilmir. Bac verib, bac alıb həyatı boyu, Amansız ölümdən bac ala bilmir.

Bir axşam canından çıxdı nəfəsi, Ruh getdi, quruca bədəni qaldı. Tufan bir tarlanı sovurdu göyə, Nə sünbülü qaldı, nə dəni qaldı.

Gecədən-gecəyə tamamlandı vaxt, Bir gecə gəlmişdi, bir gecə getdi. Peyğəmbər əlindən uçdu quş kimi, Getdi əllərindən, Xədicə getdi.

Bir ömür beləcə yetişdi sona, Uçdu cənnətinə saf dilək üstə. Verdi son müjdəni Peyğəmbər ona: “Yerin var cənnətdə, ağ döşək üstə!”

Dağılır yaraşıq, pozulur nizam, Zirvələr başından qar itirəndə. Köz kimi qovrulur bağban ürəyi, Dəyməmiş tökülən bar itirəndə.

Xoşbəxtlik dağına, düzünə gəlmir, Gözünün işığı gözünə gəlmir, İnsan zaman-zaman özünə gəlmir, Məhəbbət gücündə var itirəndə.

Yanaqda gül açıb yanan zər solur, Nə qədər olsa da təzə-tər, solur. Məhəmməd adında Peyğəmbər solur Xədicə adında yar itirəndə.

Bu, ağır iliydi Məhəmməd üçün, Dərdin yürüş ili, zəfər iliydi. Vaxtsız ayrılığın, vədəsiz köçün Bir evə dalbadal səfər iliydi.

Ömür bağçasına qış belə gəldi, Peyğəmbər bu dərdə tuş belə gəldi. Bu, tale işiydi, iş belə gəldi, Bu da bir qəzavü-qədər iliydi.

Dərd daşıb, bəmindən, zilindən çıxıb, Neçə xoşbəxtliyi əlindən çıxıb. Bu söz Peyğəmbərin dilindən çıxıb: “Bu bir hüzn iliydi, kədər iliydi”.

BİR KƏLMƏNİN QÜDRƏTİ “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

Allah oldu ilk sözü, Allah oldu son sözü, Yön verdi yönsüzlərə qiblə sözü, yön sözü. Müsəlman tarixinin ilk cümləsi, ön sözü: “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

Sükunətdə səs oldu, sədayla, şurla gəldi, Cəbrayıl camalında təcəlli nurla gəldi. Sevgiylə, mərhəmətlə, xoş bir uğurla gəldi: “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

İlk andan, ilk saatdan haqqa verdi meydanı, Qovdu öz dərgahından, lənətlədi şeytanı. İlahi sevgilərlə qucaqladı dünyanı: “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

İstəyimiz, sevgimiz, ülfətimiz, mehrimiz, Tarixin yaddaşında iman adlı möhrümüz,

Möcüzədən ucada möcüzəmiz, sehrimiz, Doğan ruh günəşimiz, axan duru suyumuz, Keçmişimiz, kökümüz, sabahımız, soyumuz, Azan sədalarında ərşə çatan boyumuz: “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

Bir mağara, bir mələk, bir insan, bir pıçıltı, Açan yoxdu sirrini, sirr insan, sirr pıçıltı. İlqar, iman, əqidə, dözüm, səbir, pıçıltı: “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

Uluları görəndə ululaşdı ulumuz, Qul oldu qulluğunda, şərəfləndi qulumuz. Gəldi, vaxtında gəldi elçimiz, Rəsulumuz: “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

Yüz on dörd ad içində sayı bəlli ayədi, Nizamdı, intizamdı, məfkurədi, qayədi, Tükənməz bir xəzinə, dağılmaz sərmayədi: “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

Vahid nədir, tək nədir, bir nədir? – başa saldı, Məhəmməd alnındakı nur nədir? – başa saldı, İsrafilin çaldığı sur nədir? – başa saldı: “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

Təsbeh dənəsi kimi düzüldükcə kəlmələr, Açılıb çözələndi sirr möhürlü ilmələr. Gör bir nələr yaratdı Tanrıya yüksəlmələr: “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

Minaya qurban gedən bir həyatı göstərər, Zəmini, asimanı, yeddi qatı göstərər, Məkkəni nurlandırar, Ərəfatı göstərər, Allah ilə başlanar, insanla tamamlanar, Haqqa vurğun könüllər çıraqlanar, şamlanar, Hər dəfə səslənəndə Kainat ilhamlanar: “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

Sevgidən qurdu, yapdı sarayı, imarəti, İnsan sevgisi bildi ən böyük ibadəti,

İlk gündə xəbər verdi son günü – qiyaməti: “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

Fikirlər sultanıdı, düşüncələr şahıdır, Təbiətin xeyirlə açılan sabahıdır, Günahkar bəndələrin yuyulan günahıdır: “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

Cazibə qüvvəsitək yeri göyə bağlayan, Elmi də, alimi də heyrətində saxlayan, Zamanı ötüb-keçən, tarixi qabaqlayan – “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

Həm şahiddi, həm şəhid, həm savaşdı, həm barış, Ona çatmaq yolunda yarış gedir, bir yarış. Tövbə, mərhəmət, dua, müraciət, yalvarış: “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

İmkanlardan ucadı imkanların sahibi, Məkanlardan ucadı məkanların sahibi.

Güclərin, qüvvətlərin, təkanların sahibi Dünyaya sahman verən şəriət nizamıdır, Sonu Haqqa qovuşan təriqət nizamıdır. O, mərifət sirdaşı, həqiqət nizamıdır: “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

İrfandı başdan-başa, əhli-irfan dostudur, Eşqin, nurun həmdəmi, ruh dostu, can dostudur, O, islam pərvanəsi, o, müsəlman dostudur: “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

Bir kəlmənin canında bu qədər qüdrət nədir, – Rəmzdi, tapşırıqdı, eyhamdı, işarədi, Bütün çarəsizlərin dərdinə bir çarədir: “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

Gündüz qaynar həyatım, gecə yuxum da dedi, Varidatım, varlığım, varım, yoxum da dedi, Ona sevgim, rəğbətim, ondan qorxum da dedi,

Ürək adlı yanar od, əriyən mum da dedi, Qüdrətdən varlığıma düşən toxum da dedi, İçimdəki səhra da, qapqara şum da dedi: “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

Düşüncədə, duyğuda, fikirdə gördüm onu, İbadətdə, səcdədə, zikrdə gördüm onu, Hər gün dilimdən çıxan “Şükür!”də gördüm onu: “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

Toxumda, torpaqdadı, mayada, xislətdədi, Xaliqi-Sübhandadı, xalqdadı, xilqətdədi, Şübhədə, şeytanda yox, böyük həqiqətdədi: “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

Dünyanın qəm yükünü üstümdən atar mənim, Ana laylası kimi ruhuma yatar mənim, Hayanda dara düşsəm, dadıma çatar mənim “La ilahə illəllah, Muhəmməd Rəsulullah!”

MƏN ÜZÜMÜ SƏNƏ TUTUB YAZIRAM

Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir ço- xunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq- aydın bir Kitab (Quran) gəldi. (“əl-Maidə” surəsi, 15-ci ayə)

Ruhumun qanadı, başımın tacı, İmanlı şeirimin əriş-arğacı, Xəstə ürəyimin müalicəsi, Yaralı könlümün inləyən səsi, Sönən gözlərimin nuru, işığı, Çalxanan ömrümün yar-yaraşığı, Həyatın cövhəri, eşqin uğuru, Dizimin taqəti, qəlbimin nuru, Mən nə deyirəmsə, səndən deyirəm, Mən nə yazıramsa, səndən yazıram. Mən üzümü sənə tutub yazıram,

Mən üzümü sənin kimi varlığa, Sənin kimi dinə tutub yazıram. Tanıyıram öz səmtimi, qibləmi, Yönsüzləri gətirməkçün bir yönə Mən üzümü yönə tutub yazıram. Saflığından götürmüşəm mayamı, Qüdrətindən binə tutub yazıram.

Uzaq yollar Bəzirganlı, Xocalı, Bu yolların söz sahibi ozanlar. Nədən bilsin bahar nədir, qış nədir, İlahinin düz yolundan azanlar. Günahkara Qıl körpünün altı var, Gecə-gündüz qır qaynadır qazanlar.

Allahsızı qovuşdurmaz Allaha Nə dualar, nə çəkilən azanlar. Bəxtəvərdi ömrü boyu haqq deyib, Ömrü boyu Haqq eşqinə yazanlar!

İman yerim, güman yerim, yurd yerim, Təbib yerim, dərman yerim, dərd yerim, Səndən başqa kimdi mənim pənahım? – Bir gün sənsiz açılmasın sabahım, Mən üzümü sənə tutub yazıram, Mən üzümü səndən gələn sədaya, Səndən gələn ünə tutub yazıram!

Ey ulu Tanrının əziz bəndəsi, Allahın diliylə danışan insan, Yerlərin ləngəri, göylərin səsi, Varlığı Allahdan bir nişan insan.

Ey ulu göylərin yeddi qatıyla Könül dostu kimi dil tapan insan, Ömrünün, gününün hər saatıyla Nurlu könüllərə yol tapan insan.

Məkkə möcüzəsi, Kəbə memarı, Sehrdən yoğrulan, sirr olan insan,

Miskinlər həmdəmi, yetimlər yarı, İşığı dünyayla bir olan insan.

İlki də, sonu da bilən, bildirən, Ey insan nəslinin son peyğəmbəri, Sonuncu peyğəmbər olsa da adın, Bəşərin öndəri, ön peyğəmbəri.

Allahdan bəndəyə müjdələr verən, Ən uca elçisən, ya Rəsulullah! İnsana insanlıq yolu göstərən Ən böyük ölçüsən, ya Rəsulullah!

Sənə salam üçün, ehtiram üçün Pak əllər üzlərin xidmətindədir. Eşqinlə yaranmış saf inam üçün Günəş gündüzlərin xidmətindədir. Eşqinlə çırpındı, yandı, Haqqın işığına bürünən mələk.

Bütün mələklərin bəxtəvəridi İlk dəfə gözünə görünən mələk.

Dilində dil açan Quran ayəsi Könlündə çalxanan dərya yaratdı. Düşəndə üstünə Haqqın sayəsi Dünyada ikinci dünya yaratdı.

İşıqdı məscidin, nurdu məzarın, İşıq Peyğəmbərim, nur Peyğəmbərim! Quran ayəsində, Haqq kəlamında Düzülüb saplara dürr, Peyğəmbərim!

Bərəkət sünbüldən, dəndən başlanıb, Ucalıq Tanrıdan, dindən başlanıb, Mənimçün bu dünya səndən başlanıb, Eşqi dənizlərdən gur Peyğəmbərim! Bəndə poza bilməz Haqq yazanları, Zülmət qucaqlayar yol azanları,

Tanrıya ucalan bu azanları Nuruna bələyib nur, peyğəmbərim!

Hər bəndə qəlbini nurtək ağ eylə, Haqqa əyiləni qaldır, dağ eylə, Aqillər yolunu çilçıraq eylə, Ocağın gur yansın, gur, peyğəmbərim!

İstəkli bəndənə verməzsən əzab, Müşkül suallara səndədir cavab. Quranın Qurandı, kitabın kitab, İsrafil çalsa da sur, peyğəmbərim!

Üzümü üzlərin səcdəsinə qat, Sözümü sözlərin səcdəsinə qat, Mən birəm, yüzlərin səcdəsinə qat, Müqəddəs Quranın üzündən öpüm. Nuru şərbət kimi içib gedərsən, Könüldən-könülə köçüb gedərsən,

Hayandan yeriyib keçib-gedərsən, Sən keçən yolların izindən öpüm.

Sən mənim ruhumun laylası, şeiri, Zəvvar ziyarətdən qalarmı geri? Göstər qədəmlərin toxunan yeri, Gəlim, ayağının tozundan öpüm.

MERAC GECƏSİ

* And olsun ki, (Muhəmməd əleyhissəlam Cəbrayılı öz həqiqi surətində) başqa bir dəfə də (merac vaxtı) görmüşdü; * (Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında. (“ən-Nəcm” surəsi, 13-14-cü ayələr)

İlahidən əmr olundu, onu sevib, duyan gəldi, Cəbrayıl endi Məkkəyə, Peyğəmbərə həyan gəldi.

Şirin-şirin yuxudaydı, “oyan” dedi, oyandırdı, Onu görüb qanadlanan, onu seçib, sayan gəldi.

Hardan gəlib, hara gəlir, hayandadı son duracaq? – Bu sirləri eyləməkçün Məhəmmədə əyan, gəldi.

Ruhda həqiqət varlığı, qəlbində qar təmizliyi, Yaradanın dəvətini etdi ona bəyan, gəldi.

Şirin-şirin dindirdilər, Buraq ata mindirdilər, Məscidül-Əqsa nurlandı, ora nişan qoyan gəldi.

Quruldu orda nərdivan, göylərə oldular rəvan, Peyğəmbərin qarşısına günahları yuyan gəldi. Yeri, göyü, Kainatı görmək və göstərmək üçün Peyğəmbərin qüdrətini yer üzünə yayan gəldi.

Bu gözlərlə mən neyləyim, Aç pərdəni gözlərimdən meracı seyr etmək üçün. Bir kök ilə mən neyləyim, Mənə min kök ver, Allahım, Dönüb Tuba ağacına cənnətində bitmək üçün. Bizə bir az sirrini aç, Bəsirətlə görə bilək necədi merac gecəsi! Necə sirli, müəmmalı gecədi merac gecəsi! Hər pillədə ucalıqda Yaradanın işığı var. Mələklər də qonaq gəlir Peyğəmbərin görüşünə, Həqiqətdi, möcüzədi, sehrdi merac gecəsi! Yaradanın varlığına bundan böyük dəlilmi var? – Peyğəmbərin varlığına möhürdü merac gecəsi! Neçə pillə, neçə qapı, neçə qatdan keçib-gedir, Ömrü əbədiyyət olan bir saatdan keçib-gedir.

Ruhumuzun cüt qanadı, başımızın tac gecəsi, Gecələrin sultanıdı göylərə merac gecəsi! Allah ilə salamlaşma, şirin söhbət, sual-cavab, Bu günədək bu səhnəni Aça bilmir nə bir elm, nə bir kitab!

O, göylərə çəkilməklə Cənnətin gül qucağında gülən insanları gördü, Cəhənnəmin atəşində alışan canları gördü. Bir gecənin möcüzəsi Min-min ömrə sığışmayan bir müqəddəs işi gördü, Gördü bütün Kainatı, bu çərxi-gərdişi gördü. Onun nurlu pak ürəyi, yandı əsrin şamı kimi, Orda qıldı namazını meracın imamı kimi. O, göylərə çəkiləndə Görüşünə növbə üçün öz yerini tutdu hərə, Salam aldı, salam verdi neçə-neçə peyğəmbərə! Nə istədi, yox demədi, Allah verdi qismətini, Günahlardan arındırıb bağışlatdı ümmətini! Ürəyində nə vardısa Bircə-bircə xatırlatdı, böldü, yerbəyer eylədi.

Bu ilahi mənzərənin Sevincini göylər gördü, bayramını yer eylədi. Onun canlı varlığını Yer üzündə insan görüb, Göy üzündə mələk gördü. Vücudunu nur parçası, nəfəsini çiçək gördü. Can içində canı duydu, göz içində bəbək gördü. İnsan, mələk – hər nə varsa, onu görüb göyə baxdı, Gördü onun camalını, Ləkəsiz bir pak aynaya, ləkəsiz güzgüyə baxdı.

Ulduzları seyrə dalıb, boylanırdı Aya sarı, O üzdükcə hey üzürdü sirr adlı dəryaya sarı. Buraq uçurdu quş kimi Məscidül-Əqsaya sarı, – Ruhun daim can atdığı böyük ehtiyacda ara, Nəyi duymaq istəyirsən, sən onu meracda ara!

Dodaqlarda olan gülüş, baxışlarda qəm nə deyir? Saraylarda yanan çıraq, komalarda nəm nə deyir? Burda ona göstərilən cənnət, cəhənnəm nə deyir? – Zalımları, məzlumları toxdan soruş, acda ara, Nəyi görmək istəyirsən, sən onu meracda ara!

Şərbəti yox, südü içdi, süd dolu bir camda nə var? Yollarına işıq salan çilçıraqda, şamda nə var? Məscidül-Əqsa nə deyir, Məscidül-Həramda nə var? – Haqq evinin kərəmini ziyarətdə, hacda ara, Nəyi bilmək istəyirsən, sən onu meracda ara!

O elə bir ucalıqdı, tapa bilməz səyyah onu, Sevinirdi, hər sirrindən eylədikcə agah onu. Niyə seyrə, ziyarətə dəvət etdi Allah onu? – Bir dərdə min dərman verən ağrıya əlacda ara, Nəyi tapmaq istəyirsən, sən onu meracda ara!

Peyğəmbərim heçə saydı qızılları, axçaları, Lap yaxından seyr elədi mələk gəzən bağçaları, Tanrı ancaq ona açdı bağlı qalan boğçaları, – Bu gizlini haqq naxışlı ərişdə, arğacda ara, Nəyi görmək istəyirsən, sən onu meracda ara. Yer üzündə nəsil-nəsil saya gəlməz insan vardı, Ürək vardı, ağıl vardı, insaf vardı, vicdan vardı,

Hər insanda Yaradandan İlahi bir nişan vardı, – Niyə seçdi Məhəmmədi, sevgi adlı tacda ara, Nəyi sevmək istəyirsən, sən onu meracda ara! * * * Çox düşündüm, çox aradım bu sevginin sirlərini, Nur içində nur yaradan nemətdi merac gecəsi.

Damlasından dəryasına dünyaları görmək üçün Peyğəmbərə nəsib olan qismətdi merac gecəsi.

Qiyamətin gününədək çəkər bizi doğru yola, Bəşər üçün bir fürsətdi, möhlətdi merac gecəsi.

Min-min kitab yazılsa da, min bir dəfə azdı yenə, Ruh ilə can arasında söhbətdi merac gecəsi.

Hər adamı qaldırmır ki, Yaradan öz dərgahına, İnsan üçün bir ibrətdi, qiymətdi merac gecəsi.

Ya Məhəmməd, sən qovuşan ucalığa qurban olum! – Kim istəməz o cənnəti, cənnətdi merac gecəsi.

PEYĞƏMBƏRİN MƏKKƏYƏ XİTABI

Ey Məkkə! Sən Allahın ən xeyirli yerisən. Allahın ən sevimli şəhərisən. Əgər sənin əhlin məni səndən çıxarmasaydı, mən səndən çıxmazdım. (“Hədisi-Şərif”)

Qan-qan deyən yağılar Məni səndən qoparıb, səni məndən alırsa, Kəbə mənsiz qəm çəkib, xəyallara dalırsa, Qansız Əbu Ləhəblər bu qədər alçalırsa, Sənin nə günahın var!

Qoynunda axıracan mən ömür etmədimsə, Bütlərə tapınanın dalınca getmədimsə, Kafirlər ucbatından arzuma yetmədimsə, Sənin nə günahın var!

Qətlimə fərman verib, qanıma susayanlar, Canımı daş parçası, qanımı su sayanlar, Dönmürsə inadından saydığını sayanlar, Sənin nə günahın var!

Vətən iman deməkdir, qorunmursa imanı, Peyğəmbərin üstünə çökürsə qəm dumanı, Dürüst seçən yoxdusa yaxşı ilə yamanı, Sənin nə günahın var!

Yağılar yeriyirsə üstümə dəstə-dəstə, Verib öz fitvasını, şeytan durursa qəsdə, Sinən meydan olursa kafirə, bütpərəstə, Sənin nə günahın var!

Hər bütə bir ad verib, qoruyub “Mənat”ları, İlah elədilərsə “Üzza”ları, “Lat”ları, Başa salammadımsa məndən olan zatları, Sənin nə günahın var!

Hicrət eyləmək ağır, hicrana dözmək çətin, Qayalar əriyərdi olsa da məğrur, mətin. Qədri bilinmədisə bu boyda məhəbbətin, Sənin nə günahın var! * * * Ürək yazıq neyləsin, nə daşdı, nə dəmirdi, İmansız bədəvilər onu qurdtək gəmirdi.

Bu hicrət mənlik deyil, İlahidən əmrdi, Ey mənim ulu Məkkəm, qovuşacağam sənə!

Az güldüm, çox ağladım, gözdən selləndi yaşlar, Tənələr yağışında yağdı başıma daşlar. Əriyib yox olacaq səksəkələr, təlaşlar, Ey mənim ulu Məkkəm, qovuşacağam sənə!

Nə ruhum sakit olar, nə ürəyim dincələr, Uzandıqca yaxama qara əllər, pəncələr. Səndən soyuda bilməz məni bu işgəncələr, Ey mənim ulu Məkkəm, qovuşacağam sənə!

Ruhum parıldayacaq yaqut kimi, ləl kimi, Çiyninə qonacağam xilaskar bir əl kimi. Ruh kimi, işıq kimi, iş kimi, əməl kimi, Ey mənim ulu Məkkəm, qovuşacağam sənə!

Məkkəm, Kəbəm, işığım, sahmanım, yaraşığım, Nur dağım, qürur dağım, məhəbbəti gur dağım.

Mənim bu hicrətimə özün xeyir-dua ver, özün de uğur, dağım, Ey mənim ulu Məkkəm, qovuşacağam sənə!

Qayıdacağam sənə, Şah damara qan kimi, bədənə nəfəs kimi! Quran avazındakı İlahi bir səs kimi! Allah eşqinə bağlı tükənməz həvəs kimi!

MƏKKƏNİN REYĞƏMBƏRƏ CAVABI

Yadına sal ki, İbrahim: "Ey Rəbbim, buranı bəladan asudə (uzaq) bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!" – deyə dua etdikdə, O (Allah): "Kafir olanlara da bir qədər (ömürləri boyu) ruzi verərəm, lakin sonra da cəhənnəm əzabına düçar edərəm. Amma ora (Cəhənnəm) nə fəna bir yerdir!" – deyə buyurdu. ("əl-Bəqərə" surəsi, 126-cı ayə)

Mən sənin ananam, sən mənim balam, Mən sənin bürcünəm, sən mənim qalam. Bürc də heç qaladan ayrı düşərmi? Ana da baladan ayrı düşərmi? Peyğəmbər vəhyiylə quc bu dünyanı, Getmə uzaqlara, gəl, mənimkisən. Dünyanın bu başı, o başı yoxdur, Harda olursansa ol, mənimkisən. Göylərin yerlərə verdiyi haqsan, Hayana boylansan, hayana baxsan, İnşallah, sən mənə qayıdacaqsan!

Saysız əzab gördün bu şəhərdə sən, Günah nə səndədi, nə də məndədi. Günah Allahını tanımayanda, Qəzəb qılıncıyla qan tökəndədi. Çox duru suları bulandırdılar, Çirkin əməlləri düzdülər səfə, Qəlbimdə, ruhumda, varlığımdasan, – Getsən hansı səmtə, hansı tərəfə. Ovcumun içitək bilirəm bunu, Səninlə çatacaq adım şərəfə. Təpədən-dırnağa odsan, ocaqsan, Can ruha, ruh cana qovuşan kimi, Dalğalar ümmana qayıdan kimi, Bilirəm, sən mənə qayıdacaqsan!

Burda səndən ötrü candan əzizdi Hər qaya parçası, hər yol, hər cığır. Qəlbin qırılmasın bu ayrılıqdan,

Eşqimi harayla, adımı çağır. Fələyin işidi bu ayrılıqlar, Göydən nur da yağır, bəla da yağır, Sən bu kafirlərdən qat-qat uzaqsan, Fağırlar həmdəmi, yetimlər yarı, Qəlbimə, ruhuma qayıdacaqsan! Sevinsəm, səninlə sevinəcəyəm, Ah çəksəm, ahıma qayıdacaqsan!

Adəm əfsanəli, İbrahim izli, İsmayıl qurbanlı bir şəhərəm mən! Həvva xatirəli, Həcər sevdalı, İsmətdən doğulan bir şəhərəm mən! Saflıq, duruluqdu nişanəm mənim, Zəmzəm sularında dürr, gövhərəm mən! Qara daş möhürlü, Kəbə nişanlı, İman işığında münəvvərəm mən! Həmzə cəsarətli, Əli təpərli,

İslam savaşında bir zəfərəm mən! Karvan yollarıdı sinəmdən keçən, Həmişə hər yana səfərbərəm mən! Nə alış-verişim, ticarətimlə, Nə dolu xəzinəm, nə sərvətimlə, Ancaq sənin ilə mötəbərəm mən! Səndədir ürəyim, səndədir canım, Kitabım, Quranım, dinim, imanım. Köksümdə sən mənə ürək kimisən, Gözümün içində bəbək kimisən. Gözümdən uzağa qoymaram səni, Mən sənin sifətin, sən mənim üzüm, Üzümdən uzağa qoymaram səni. Neyləyək, belədir hökmü zamanın, Tutulan vaxtıdı göy asimanın. Heç kəs vətənində peyğəmbər olmur, Bəndə Allahından uzaq düşəndə Ürək sevindirən bir xəbər olmur.

Narahat olmasın qəlbin, ürəyin, Bilirəm hər şeyi biləcəyini, Bu gündən görürəm o sabahları, İndidən görürəm gələcəyini. Sən öz Quranınla nur içrə nursan, Xeyirsən, duasan, haqsan, uğursan. Göylərin yerlərə sovqatı kimi Günəşsən, ulduzsan, odsan, çıraqsan. Yenib kafirləri, münafiqləri, İslamın bayrağı başının üstə Ruhuma qalibtək qayıdacaqsan!

Mən Məkkə şəhəri, sən Rəsulullah, Çiçəksən, çəmənə qayıdacaqsan! İmanı sevməkdi vətəni sevmək, Vətənsən, vətənə qayıdacaqsan!!!

HİCRƏT

Zülmə məruz qaldıqdan sonra Allah uğrunda hicrət edənləri dünyada gözəl bir yerdə sakin edəcəyik. Axirət mükafatı (Cənnət) isə daha böyükdür. Kaş (kafirlər və hicrətdən geri qalanlar bunu) biləydilər! (“ən-Nəhl” surəsi, 41-ci ayə)

Budaq kökdən ayrılırsa, bu, budağın hicrətidir, Tufan sovub-sovurursa, bu, torpağın hicrətidir. Zaman axır, yol qovursa, vaxtın, çağın hicrətidir. Qada başdan, ağrı candan birdəfəlik gedər olsun, Canımızdan hicrət edən olanda da kədər olsun, Qəm karvanı birdəfəlik ömrümüzdən gedər olsun! Bu dünyadan o dünyaya gedənin də hicrəti var, Ruh bədəndən çıxan kimi yerdən göyə hicrət edər, Yer üstündən yer altına bədənin də hicrəti var. Axşamdan səhərə hicrət, Beşikdən məzara hicrət, bələkdən kəfənə hicrət, sənə hicrət, mənə hicrət, Lap əzəldən Adəmin də, Həvvanın da hicrəti var.

Hey dəyişir öz yerini, bir məkanda tutmur qərar, Atəşin də, küləyin də, havanın da hicrəti var. Hicrət edən birmi, beşmi, onmu, yüzmü? Dünya binnət olan gündən bu vaxtadək Köç etməyən bir kimsəni gördünüzmü? Ruhdan-ruha, candan-cana məhəbbət də hicrət edir. Dar bir sinif otağından gedib çıxır səhralara, Məcnun kimi düşür çölə, məhəbbət də hicrət edir. Hicrəti olmayan varsa, Yaradanım tək Allahdı, Lap peyğəmbər olsa belə, Məhəmməd də hicrət edir.

Bu, Peyğəmbər hicrətidir, Haqq özü məsləhət bilib, Dünya üçün, bəşər üçün ən xeyirli cəhət bilib. Bu hicrətdən yeni tarix, yeni zaman doğulacaq! Cahanda bir təzə cahan doğulacaq! Zaman hicrət tarixiylə quracaq öz saatını, “Hicri” sözü bəzəyəcək kitabların həyatını. Bu hicrətdən ziyalanıb, Həqiqətdən mayalanıb

İki şəhər arasında birlik, vəhdət doğulacaq! Yeni ordu, yeni nizam, yeni dövlət doğulacaq! Hicrət günü, hicrət anı Təzə ruhla, təzə əllə, təzə başla Yer üzünün təzələnmiş sahmanıdır, Ulu bəşər tarixinin rəhmətidir, Rəhmanıdır. Cəsarətə hamilədir hicrət bu gün, Ondan bütün Yer üzünün səadəti doğulacaq! Məkkə adlı bir şəhərdə doğulmuşdu sevgi şahı, Mədinədə Məhəmmədin məhəbbəti doğulacaq!

Məkkənin müşrikləri ağzından od püskürür, Heç kəs düz yola gəlmir iman gətirmək üçün. Hər ağızdan bir avaz, hər başdan bir səs gəlir Bu axşam Peyğəmbəri qətlə yetirmək üçün. Ehtiraslar qızışır, qılınclar zəhərlənir, Ölüm lap Məhəmmədin başı üstə hərlənir. Onun yaşıl bayrağı enməlidir bu axşam, İslamın ocaqları sönməlidir bu axşam.

Əliqanlı ovçular Ovunu vurmaq üçün girir bəndə, bərəyə, Allah özü göz qoyur bu qanlı mənzərəyə! Söz aydın, fikir qəti, Hamı təsdiq eylədi bu məkrli niyyəti. Bu, intiqam gecəsi, bu, qisas gecəsiydi, Ancaq bir Allah bilir kimə toy gecəsiydi, kimə yas gecəsiydi? Ölüm, qalım, ya qismət – qismətədi, baxtadı, Düşmən öz tədbirində, Peyğəmbər sınaqdadı. Rəsulum fikirləşib nizamladı işini, Çox götür-qoy eylədi fələyin gərdişini! Onun könül sirdaşı “Siddiq” adı qazanmış Həzrət Əbu Bəkrdi, Öz canından da artıq Həzrəti Məhəmmədin qayğısını çəkirdi. Ən dar ayaqda belə sadiqdi Peyğəmbərə, Kamalı, mərtəbəsi layiqdi Peyğəmbərə. Onların arasında Fikir haçalanmadı, bütövləşdi, tam oldu. Elə ki batdı Günəş, gün keçdi, axşam oldu,

Qoydu Həzrət Əlini özünün yatağında, Canından əzizini ölümün qabağında. Ayə gəldi şəninə, O düşsə də çətinə, Mələklər heyran oldu, Yaradan fəxr eylədi Əli cəsarətinə. Yola çıxdı iki dost gecənin bir çağında, Asan deyil ayrılıq: ət dırnaqdan ayrılır, Ocaq istisiz qalır, köz ocaqdan ayrılır. Papaq başdan ayrılır, baş papaqdan ayrılır, Qopur zorun gücünə, kök budaqdan ayrılır. Asan deyil ayrılıq Məkkə kimi şəhərdən, Dil ağızdan ayrılır, söz dodaqdan ayrılır. Bu şəhərdə doğulub, burda böyümüşdü O! İndi öz yuvasından uçub gedən quşdu O! Nə Əbu Talibi var ona bir sipər ola, Nə elə arxası var düşmənə çəpər ola! Dünən anasız qalan bu gün şəhərsiz qalır, İgid atı tərk edir, köhlən yəhərsiz qalır.

Həsrət ağır olanda İnsanın ürəyində Heç zaman sağalmayan çapıq qalır, iz qalır. Məkkənin həsrətiylə gözləri dola-dola, Bir də baxır göylərə, boylanır sağa-sola. Deyir: “Məni bağışla, ey müqəddəs şəhərim, Səndə keçdi hər günüm, hər axşamım, səhərim. Yetimlik görsəm də mən, məni yetim qoymadın, Səndən doymadığımtək, sən də məndən doymadın. Südündən mayalanıb, Zəmzəmindən içmişəm, Allah evi Kəbəni bir aşiyan seçmişəm. Hər qarış torpağını gözümə nur bilmişəm, Qara daşını belə nur və büllur bilmişəm. Ata üzü görmədim! Sənin üzünə baxıb mən atamı görmüşəm, Səndən necə ayrılım? Mən sənin qucağında Tükənməyən ləzzəti, dadı, tamı görmüşəm. Burda enib qəlbimə İlahinin ayəti, Mən burda eşitmişəm Qoca tarixlə bağlı min cürə hekayəti!”

MAĞARADA İŞIQ

(Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!” – dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! (“ət-Tövbə” surəsi, 40-cı ayə)

Bu, insan ömrüdü, gəzir-dolanır, Yaşayır səhrayla dağ arasında. Allah sevə-sevə yaratdığını Qoruyur düzlərin fırtınasında, Qoruyur dağların mağarasında. Nifrətdən qoruyur, kindən qoruyur, Şeytandan qoruyur, cindən qoruyur. Başının üstündə bulud gəzdirir, Kölgədə saxlayır, gündən qoruyur. Qəlbə bir tükənməz azadlıq verir,

Cana bir gümrahlıq, rahatlıq verir. Çətinə, müşkülə bir çözüm verir. Versə də dözülməz məhrumiyyəti, Üstəlik bir səbir, bir dözüm verir. Ümidin telləri gəriləndə də, Qoymur qırılmağa, qoymur sınmağa. Həyat sevgisinə qol-qanad olur, Ruh eşqə çağırır, od qızınmağa! Dağlar zirvəsindən külək göndərir, Göylər yardım üçün mələk göndərir, Bulud əsirgəmir yağmur payını, Günəş nur dağıdır, isti göndərir. Mağara küncündə tək qalmamaqçün Əbu Bəkr kimi çiyindaşı var, Mələyi göndərir, dostu göndərir. Allah mağarada yer vermədimi Dağyanus əlindən qaçanlara da?! Dağların qoynunda üç yüz il yatıb,

Sonradan gözünü açanlara da?! Allah mağarada saxlamadımı Musa Tur dağına çəkiləndə də?! Zərdüşt mağarada hikmətlər gəzib, Peyğəmbər ətrinə büküləndə də?! Haqqın sevə-sevə yaratdığını Hira mağarası səsləmədimi?! Döndərib dünyanın peyğəmbərinə, Allah öz nuruyla bəsləmədimi?! İnsan qulağına səslər gələndə “Dayanma, dağ axtar, dağ ara” – dedi. Çox zaman dağların demədiyini Dağın qoynundakı mağara dedi. Əkilir, biçilir bu qoca dünya, Əkindən başlayır, biçindən çıxır. Dünyanın ən parlaq, gur işıqları Çox vaxt zülmətlərin içindən çıxır. Açılmır qıfılı, sınmır tilsimi,

Heyrətlər yaşadır sirr mağarada. Dünyanın minlərlə sirri gizlənir Ağıla gəlməyən bir mağarada.

Sevr mağarası... sirli bir məkan, Qonaq Məhəmmədlə Əbu Bəkrdi. Bu yerin çınqılı, daşı, qayası Peyğəmbər eşqinə keşik çəkirdi. Peyğəmbər özündən əmin gedirdi, Heç yerdə düşmürdü şübhəyə, şəkkə. Harda dirsəklənsə daşa, torpağa, Ruhuna rahatlıq gətirmək üçün Daş balınc olurdu, mamır mütəkkə. Bir azdan yumulur göz qapaqları, Peyğəmbər uyuyur yuxu içində. Sağında, solunda səssizlik, sükut, Qalıb Əbu Bəkr qorxu içində. Qəlbi səksəkədə, qulağı səsdə,

İlahi, həyatda gör nələr olur? – Ölümlə həyatın qarğaşasında Bir tükdən asılan talelər olur. Yandırıb qəlbinin tökür yağını, Qəfil ilan çalır dost ayağını. Ağrı gözlərində yaşa dönsə də, Tərpənmir, Məhəmməd oyanar deyə. Səs-küy Peyğəmbərə xətər yetirər, Zamanın axarı dayanar deyə. Üç səhər açılır, üç axşam düşür, Yanır mağarada Haqqın işığı. Sabah Mədinədə Allahın özü Sahmana salacaq bu yaraşığı. Müşriklər qəzəbdən alov püskürür, Səhrada qumları sovurur göyə. Keçir varlığından, varidatından, Tapın, Məhəmmədi gətirin deyə. Yorulmur dağ aşıb, düz axtaranlar,

Qəlbində xəyanət, ürəyində kin Dolaşır səhrada iz axtaranlar. Onlar nə bilsin ki, istədiyini Gözünün nuruyla qoruyur Allah. Zərif hörümçəyin, ipək tellərin Toxunan toruyla qoruyur Allah. Oddan İbrahimi qoruyanımız Burda Məhəmmədi dardan qurtarır. Alır cahillərin əlindən onu, Ölümdən, əcəldən, dardan qurtarır. Xilaskar göndərir göyərçinləri, Səngərə döndərir quş yuvasını. Alınmaz qalaya, sehrə döndərir Qaya qucağını, daş yuvasını. Güc nə hörümçəkdə, nə də ki, quşda, Bir Tanrı gücü var bu qurtuluşda. Aydınlıq gətirib qaranlıqlara, İşığı zülmətdən qurtarmalıydı.

Yaradan göndərib möcüzəsini, Sevgini nifrətdən qurtarmalıydı. Ürəyi şübhədən, qəlbi gümandan, Dini xurafatdan qurtarmalıydı. Dünyanın ən uca Peyğəmbərini Ən ağır saatdan qurtarmalıydı. İslamın gücüylə bəşəriyyəti Vəhşi bir həyatdan qurtarmalıydı!!!

CAMALINDA QƏM PƏRDƏSİ

Vallahi, ey Məhəmməd ümməti, mənim bildiklərimi sizlər də bilsəydiniz, çox ağlar, az gülərdiniz. Hz. Məhəmməd

Sənin başın nələr çəkib, mənim ulu Peyğəmbərim? – Camalında qəm pərdəsi, gözündə qanlı yaş gördüm.

Əbu Cəhllər cəhlinə ölənədək gərdin sinə, Özündə Haqqa aşiqlik, düşmənində təlaş gördüm.

Ruh tanımaz, dil anlamaz, söz götürməz adamları Əbu Ləhəblər səfində həmişə bağrı daş gördüm.

Böyük ağlın, böyük ruhun, böyük eşqin qarşısında Münafiqləri aciz, kafirləri çaşbaş gördüm.

İmam Əli qılıncıdı həqiqətin kəskinliyi, Harda onu seyr elədim, haqq uğrunda savaş gördüm.

Səbir, təmkin, dözüm, ağıl səninlə bir doğulmuşdu, Bu, Allahın seçimiydi, səni hər yerdə baş gördüm.

Daşa, taxtaya tapınan ağıldan küt bəndələrin Sənə qarşı süfrəsində zəhərlə bişmiş aş gördüm.

* * * Kafirlərdən nələr çəkdi Haqqın mömin bəndələri? – Cahillər bu gen dünyanı aqillərə dar etdilər.

İblislərə, naqislərə, şeytanlara yoldaş olub, İlahinin nəzərində özlərini xar etdilər.

Nə Tövrata, nə İncilə, nə Qurana inandılar, Yaradana asiliyi hər yerdə təkrar etdilər.

Cansız bütə can deyənlər canlı nədir, anlamadı, İnsanları tovladılar, iblislərə yar etdilər.

Yer üzünün şeytanları qan eylədi meydanları, Şeytanlığı hünər bilib hər tərəfə car etdilər.

Yaradana istəkləri, sevgiləri yoxa çıxdı, Məkri, kini, küdurəti, yaşatdılar, var etdilər.

Neçə-neçə din düşməni imam, peyğəmbər öldürdü, Haqq adından nazil olan hər nə var inkar etdilər.

* * * Yaradanın eşqinə qovuşanlar qazandı, Xainlər xəcil oldu xəcalətin içində.

Qatillər qılıncının ağzını zəhərlədi, Aqillər işıq oldu ədalətin içində.

Qəlbinə bircə damla Haqq işığı düşmədi, Rəzillər batdı getdi rəzalətin içində.

Bu dünyaya nə qədər peyğəmbər gəldi-getdi, Cahillər yenə qaldı cəhalətin içində.

Səkkiz cənnət qapısı açıq olar üzünə, İnsan rahatlıq tapar məhəbbətin içində.

MƏDİNƏYƏ YAR GƏLİB... DAYAN, AĞ DƏVƏ, DAYAN!

Mədinəyə hicrət edəcəyini Həzrəti Cəbrayıl hələ merac gecəsində Peyğəmbərimizə xəbər vermişdi. (“Hədisi-Şərif”)

Ağ günlər eşqinə çıxıb yollara Ağ dəvə üstündə Məhəmməd gəlir. Onun nəfəsində, onun ruhunda Kamil iman gəlir, mərhəmət gəlir. Arzunun, ümidin qanadlarında Köksü irfan dolu bir sərvət gəlir.

Peyğəmbər gəldi çatdı, Dayan, ağ dəvə, dayan! Dediyini yaratdı, Dayan, ağ dəvə, dayan!

Məkkə ona dar gəlib, Mədinəyə yar gəlib, Yorğundu, yollar gəlib, Dayan, ağ dəvə, dayan!

Damara saf qan gəlib, Cansızlara can gəlib,

Bir cənnətməkan gəlib, Dayan, ağ dəvə, dayan!

Yatanlar da ayıldı, Səs dünyaya yayıldı, Bələdçi Cəbrayıldı, Dayan, ağ dəvə, dayan.

Könüllərə şah gəlib, Hər sirrə agah gəlib, Üstüylə Allah gəlib, Dayan, ağ dəvə, dayan!

Göz sevincdən yaşlanır, Duyğular naxışlanır, Təzə tarix başlanır, Dayan, ağ dəvə, dayan!

İzlərəm izlərini, Öpərəm gözlərini, Yerə qoy dizlərini, Dayan, ağ dəvə, dayan!

“Bismillah” sözünün ləngəri gəldi, Gəldi, dilimizin əzbəri gəldi, Uca dinimizin sərvəri gəldi, Gözün aydın olsun, Mədinəm mənim!

Peyğəmbər qalmadı çarəsiz, naçar, Burdan işığını hər yana saçar.

Bir yandan bağlayan, bir yandan açar, Gözün aydın olsun, Mədinəm mənim!

Adını hörmətlə tarix anacaq, Göydə Günəş kimi daim yanacaq, Bu gün Məhşərədək xatırlanacaq, Gözün aydın olsun, Mədinəm mənim!

Bu gün – Günəş nuru, su aydınlığı, Səhər şəfəqiylə yu aydınlığı, Allah bəxş eylədi bu aydınlığı, Gözün aydın olsun, Mədinəm mənim!

BƏDR SAVAŞI

Allahım! Mənə verdiyin vədi yerinə yetir. Allahım! Bu bir parça müsəlman mücahid həlak olarsa, artıq sənə yer üzündə ibadət edən bir kimsə qalmaz. Hz. Məhəmməd

Həyəcan içindədir qızıl qumlar dəryası, Döyüşlərə səhnədir qədim ərəb səhrası. Bu gün savaş ruhu var, Bədrin təpələrində, Mehin dalğalarında, qumun ləpələrində. Bir tərəfdə Qüreyşi, yenə susayıb qana, Bir yanda Peyğəmbərin məğrur, mübarək səsi. Bir yanda Əbu Cəhlin təfriqəsi, fitnəsi, Bir yanda Allaha dost, Haqqa şərəf olanlar, Bir yanda iblislərə, məkrə tərəf olanlar. Dost yolu Haqqa doğru, düşmən yolu çaş gedir, Bədr həyəcanlıdır, Bədrdə savaş gedir.

Peyğəmbərin yanında Əbu Bəkr döyüşür,

Əbu Cəhlin yanında Əbu Bəkrin övladı. Qanlı vuruşmalarda dost düşmənə çevrilir, Doğmalar bir-birinə olur yadların yadı; Bir yanda oğul durur, bir yanda ata durur, Bir yanda savab durur, bir yanda xata durur. Bir qandan olduqları heç yerləşmir ağlına, Əmi qılınc qaldırır qardaşının oğluna. Qüreyşi fikirləşib gedə bilmir dərinə, Kafirliyi qazanır möminliyin yerinə. Yel də toxuna bilmir Peyğəmbərin tükünə, Qüreyşilər baltanı endirir öz kökünə. Qardaşın güdazına doğmaca qardaş gedir, Bədr həyəcanlıdır, Bədrdə savaş gedir. Öpür cənnətə doğru uçan könül quşunu, Şəhidliyə can atır Peyğəmbərin qoşunu. Mühaciri, ənsarı sevir çərxin gərdişi, Min nəfərin önündə çarpışır üç yüz kişi. Hər əlində bir qılınc, Həmzə yarır səfləri,

Əl titrəmir, qol əsmir, düz vurur hədəfləri. Ön səfdə, ön cərgədə vuruşur Həzrət Əli, Qəhrəmanlıq zirvəsi, qəhrəmanlar məşəli. Allah özüdü burda həqiqətin şahidi, O özüdü qoruyan qazini, mücahidi. Hər qılınc sıyrılanda bədəndən bir baş gedir, Bədr həyəcanlıdır, Bədrdə savaş gedir.

Qoyur, gözündə qoyur ilqarını, əhdini, Tanrı qəbul eləmir Əbu Cəhlin cəhdini. Düşmənə göz dağıdır tarixin bu savaşı, İki ənsar əlində kəsilir onun başı. Əbu Cəhl öldüsə, döyüşlərin sonudur, O, islamın qənimi, “ümmətin fironu”dur. O idi Peyğəmbərə tükənməz kin bəsləyən, O idi müşrikləri qan tökməyə səsləyən. O idi Mədinəyə qoşun çəkən Məkkədən, O idi Yaradana şərik qoşan, şəkk edən.

O idi Peyğəmbərin ölümünə can atan, O idi küfrü, məkri beyinlərə həkk edən. Uduzur qəvi düşmən, qaçır çöllərə doğru, Allah açır islama Haqqa gedən yolları. Axırzaman günüdür Allaha asilərin, Ayağının altından torpaq qaçır, daş gedir, Bədr həyəcanlıdır, Bədrdə savaş gedir.

Gözdə Allahın nuru, dildə “Allahu-Əkbər!”, Qalib gələn inamdı, zəfər çalansa əsgər. Əsgər mələk donunda, mələk əsgər donunda, Dağ da, daş da, külək də döyüşən ər donunda. Darda Cəbrayıl çatır imdadına islamın, Allahdandı qüdrəti bu polad izdihamın. Qəbul olur namazda Peyğəmbərin duası, Daha da işıqlanır könüllərin ziyası. Şəhidə sovqat verir Quranın avazını, Qılır şəhidlər üstə cənazə namazını.

Peyğəmbər Mədinəyə xoş soraqla qayıdır, Haqqa güvənən kişi yenə haqla qayıdır. Düşmənə bir dərs olur haqqın gurlayan səsi, Beləcə başa çatır Bədr müharibəsi!

YAŞAYACAQ BU DÜNYA MƏHƏMMƏDİN EŞQİNƏ!

Ya Peyğəmbər! Kafirlərə qarşı (qılıncla), münafiqlərə qarşı (sözlə) vuruş. Onlarla sərt rəftar et. Onların məskəni Cəhənnəmdir. Ora necə də pis sığınacaqdır! ("ət-Təhrim" surəsi, 9-cu ayə)

Qan axır, qan! Min illərdir qanlar axır milyonların yarasından! İlk axan qan Habil-Qabil arasında düşən qandı, Ürəkləri sızıldadıb, könülləri deşən qandı. O zamandan bu zamana Üz-üzədi xeyirlə şər, Hey vuruşur, hey əlləşir, Xilas yolu tapmır bəşər! Min illərdi vuruşuruq iblis ilə, şeytan ilə, Vuruşuruq şeytanların at çapdığı meydan ilə. Bu dünyaya mənim dinim kişi verib, müdrik verib, igid verib, Din yolunda qalib islam orduları gör nə qədər şəhid verib. Tarixlərin yaddaşında Neçə-neçə Bədr, Ühüd, neçə Xəndək davası var, Saf əqidə, inam, məslək davası var.

Bu yerlərdə Allah özü vuruşurdu bütlər ilə, Yaradanı dərk etməyən ağlı, beyni lütlər ilə! Mələkləri göndərmişdi İslam adlı ordum üçün, Məhəmmədə yardım üçün.

Şəhidlik zirvəsinə öz ömrünü verənlər Haqqa ürəklə verdi, Yaradanın adıyla, təmiz diləklə verdi. Tanrının kitabına Tanrı özü yazırdı Şəhidlik zirvəsinə qalxıb ucalanları! Kəlməbaşı Allahı yadına salanları! Zamanın yaddaşında əbədi qalanları! Din və iman yolunda Həzrəti Həmzə şəhid! Həzrəti Ömər şəhid! Həzrəti Osman şəhid! Çəkdikləri dərd-ələm, gördükləri qan, şəhid! Düşmən işə salanda qatil Əbdürrəhmanı, Pozuldu yer üzünün səliqəsi, sahmanı. Məscidə töküləndə İmam Əlinin qanı, Bu inanılmaz xəbər Qəfil zəlzələ kimi silkələdi dünyanı!

Bədəndən ayrılanda İmam Hüseynin başı, Sızıldadı Məkkədə Kəbənin qara daşı! Yaradanın yolundan, Məhəmmədin dinindən “Dön!” dedilər, dönmədi! Yezidə beyət gətir, “En!” dedilər, enmədi! Sındırmaq istədilər Əli yadigarını, Peyğəmbər nəvəsini, “Sın!” dedilər, sınmadı! Özünün qəlbindəki gur ocağa tapındı, Özgənin istisinə əl açıb qızınmadı. O vaxtdan bu zamana harda olursa olsun, İslam şəhidlərinin məqamı cənnət olur, Müşrikin, münafiqin qazancı lənət olur. Kim cəhənnəm etdisə bu dünyada cənnəti, Qiyamət günündə də cənnətə həsrət olur. Düz min dörd yüz ildi ki, Davam edir şəhidlik iman və din yolunda! Həzrəti Peyğəmbərin – Məhəmmədin yolunda! Heç kəs geri çəkilmir, Ölməyi şərəf bilir, bu əzabın yolunda,

Allah kəlamı olan bir kitabın yolunda! Mənim Peyğəmbərimə Qılıncla vuruş deyən, ey mənim uca Tanrım! Sənsən bizi qaldıran hər taxta, taca, Tanrım! Bu qədər şəhid olub, bu qədər can vermişik, Nə qədər cavanları haqqa qurban vermişik. Orucunu tutmuşuq, namazını qılmışıq, Sənə iman gətirib, biz sənə qısılmışıq.

Bəs niyə sona çatmır fəryadımız, ahımız? Niyə ürəyimizcə açılmır sabahımız? Niyə gülmür üzümüz? Niyə qana bələnib gecəmiz, gündüzümüz? Həm Rəhmansan, həm Rəhim! Özün başa sal bizi, Harda səhv eyləmişik, hardadı günahımız? Səda gəldi Tanrıdan, dedi: “Al cavabını! Məndən sənə deməkdir, özün çək hesabını! “Müsəlman müsəlmanın qardaşıdır!” demişdim, Sən öz din qardaşına qardaş ola bilmədin! Gözləri ağlayanda, qaşları çatılanda,

Bir gərəksiz daş kimi çöllərə atılanda, Nisgilinə, dərdinə sirdaş ola bilmədin! “Qonşun ilə hər zaman mehriban ol!” demişdim, Sənsə küsülü qaldın, mehriban olammadın. Sənə insan demişdim, sən insan olammadın, “Verdiyim hər nemətə şükür eylə!” demişdim, Şükranlıq nə deməkdi, şükür nədi, bilmədin. Ancaq dara düşəndə yada saldın sən məni, Mənim adımla bağlı zikr nədi, bilmədin. Bir insanın taleyi sulara qərq olanda Dərdə şərik olmadın, fikir nədi, bilmədin. Dinin islam olsa da, sən müsəlman olmadın. Sən Əbuzər olmadın, Salman Farsi olmadın. Heç vaxt bir yerə gəlmir iki qardaşın sözü, Ağıla nə verəcək ağılsız başın sözü? Quranı yandıranda, Məscidi uçuranda, Şeyxi güllələdəndə Bilmədinmi qarşına çıxacaq etdiklərin?!

Elə sən ağıldadı sənin yol getdiklərin. Bəndələr unutsa da, bunu Tanrı unutmaz, Allah ilə şeytanın heç vaxt dostluğu tutmaz. Ona görə təqsirin, günahların yuyulmur, Sənin baxışlarında şeytanlar at oynadır, müsəlmanlıq duyulmur. Müşriklər ona görə ayaq açır üstünə, Baxıb-baxıb həzz alır, dumanına, tüstünə. Mən sənə demədimmi, “Heç vaxt gözün olmasın yetimlərin malında”, Sənsə qan sora-sora Üzürsən sağdan-sola Haram yolla yığdığın haram cah-calalında. Mən sənə demədimmi: “Zinakarlıq eyləmə bir qıza, bir qadına!”, Tutdun öz bildiyini, mən düşmədim yadına. Mən sənə demədimmi, “Şərik qoşma Allaha!”, Get indi yer üzündə Kimə “Allah” dedinsə, ona arxalan daha! Mən nə qədər dedimsə, Anlamadın Quranı, dinləmədin azanı,

Elə ona görə də almalısan cəzanı! Bəlkə elə ona görə duman çökür gözlərinə, Bu gün hara baxırsansa, axan müsəlman qanıdır. Yollar boyu, çöllər boyu şırhaşırla axıb gedir, Deyən yoxdu: “Bir dayanın, bu axan insan qanıdır!” Yüz-yüz ölür, min-min itir, zor gücünə öldürülür, Elə bil ki, insan deyil, tökülən heyvan qanıdır. Dilə hücum, dinə zərbə, ruha basqı vermir aman, Beyninizə sızan qanlar könül qanı, can qanıdır. Yer üzünün harasında torpağı qızaran görsən, Ya bir türkdü, ya bir ərəb, ya da bir əfqan qanıdır. Sizi sizlə vuruşduran, qanınızı qarışdıran İçinizə çoxdan girmiş məkrli şeytan qanıdır. Hələ mən bu dünyanı belə yaşadıramsa, Darda qalan kəslərin dadına çatıramsa, Ay öz vaxtında doğub, vədəsində batırsa, Günəşin nur saçmağa hələ gücü çatırsa, Son ümid bağlarını mən kəsib atmıramsa,

Qiyaməti gətirib Bəşər deyilən kəsin sonuna çatmıramsa, Yaşayacaq bu dünya!!! Mənə iman gətirən şəhidlərin eşqinə! Şəhidliyin şahidi şahidlərin eşqinə! Şəhidlərin çəkdiyi hər əzabın eşqinə! Quran adlı müqəddəs bir kitabın eşqinə! Yaşayacaq bu dünya!!! İman və din eşqinə! Peyğəmbərlik verdiyim Məhəmmədin eşqinə!!!”

HƏMZƏ

Mənə Cəbrayıl əleyhissəlam gəlib “Həmzə ibn Əbdülmüttəlib göydəkilər qatında Allahın və Rəsulunun aslanıdır” yazıldığını buyurdu. Ey Rəsulullahın qoruyu- cusu olan Həmzə! Ey Allahın və Rəsulunun aslanı Həmzə! Əgər səndən sonra yas tutmaq lazım gəlsəydi, sevinməyi buraxıb sənə yas tutardım. Hz. Məhəmməd

Meydan savaş meydanıdı, zaman ər zamanıdır, Tək Allaha tapınmış peyğəmbər zamanıdır. Bir iman baş qaldırır hər işıqlı sinədə, Qalxır islam bayrağı mübarək Mədinədə! Nur dağıdır Məhəmməd axşama da, sübhə də, Kim dürüst imandadı, kimi hələ şübhədə. Dil tapa biləcəkmi üç iman bir şəhərdə? – Yəhudi, xristian, müsəlman bir şəhərdə. Hər birinin öz dini, peyğəmbəri, kitabı, Hər birinin dünyada öz sualı, cavabı. Burda məhəbbət gərək, dost eyləsin dinləri,

Burda cəsarət gərək, qaldırsın ortalıqdan İnsana qənim olan nifrətləri, kinləri. Hamı Xədicə deyil Peyğəmbər deyən kimi ona iman gətirə. Bu imanda, bu dində Dünyaya təzə nəfəs, təzə bir can gətirə.

Qüreyşi əl götürmür məkrli inadından, Peyğəmbər çıxmır bir an heç onların yadından. Düşmən əli silahlı, kafir atı yəhərli, Əbu Ləhəb zəhərli! Əbu Süfyan zəhərli! Ariflər ətrafında Peyğəmbərim qayğılı, Peyğəmbərim qəhərli!

Doğma yurdun həsrəti ürəyini sıxsa da, Zor gücünə Məhəmməd Məkkəsindən çıxsa da, Düşmən yenə oyaqdı: nə durur, nə dincəlir, Məkkədən Mədinəyə gündə bəd xəbər gəlir, Qəlbaçan heç nə yoxdur, nə gəlirsə şər gəlir. Düşmən geri çəkilmir, tökmür ətəkdən daşı,

Onlara dərs olmamış sanki Bədr savaşı! Dilində Haqqın adı, qəlbində Haqqın dini, İslam Bədrdə verdi Mihcat adı daşıyan ilk cavan şəhidini! Din və iman yolunda igidlərdən başladı, İslamın ömür yolu şəhidlərdən başladı. Üz-üzədi cəbhələr, Yenə Ühüd çölündə Dinli ilə dinsizin qanlı savaşı gedir. Havadadır qılınclar: kiminin qolu düşür, kiminin başı gedir. Qəfil gələn bir xəbər İslamın cəbhəsində çaxdı ildırım kimi. Torpaq bu zəlzələdən yarıldı şırım kimi! Həmzə də şəhid oldu, sinəsindən vurdular, Döyüşlər pələngini əbədi susdurdular! Vəhşi adlı bir həbəş qıyır onun canına, Ömürlük ləkə yaxır özünün ünvanına. Onun tunc sinəsini sərrast alır nişana, Qatil çatır arzuya, şəhid boyanır qana.

Şəhidlik məktəbinin ilk böyük müəllimi Çarpışır din yolunda Son qüvvət, son iradə, son güc qalana kimi! Öldü Həzrəti Həmzə! Xəbər bir an içində yayıldı hər tərəfə! O, bu ölümlə çatır İslam şəhidliyində ən uca bir şərəfə – İslamın vuran qolu, ürəyinin təpəri! Yetişir Peyğəmbərə onun ölüm xəbəri. İxtiyarsız gözündən tökülür göz yaşları, Artır, birə-min artır qəlbinin təlaşları. Başı bəlalar çəkən Peyğəmbər əfəndimiz Heç zaman belə solub, belə üzülməmişdi. Ağladığı günləri gətirirdi yadına, Yaş gözündən heç zaman belə süzülməmişdi. Çəkəndə çəkilməyən dərdin bəlalarını, Ölüm əldən alanda körpə balalarını, İbrahimi, Qasimi tapşıranda torpağa, Dönəndə yanaqları xəzan döymüş yarpağa, Xədicəsi ağrıdan yananda, qıvrılanda,

Əbu Talib atəşin odunda qovrulanda, Ağlayıb-sızlamışdı, belə ağlamamışdı. Gözündə qanlı sellər Çaylar kimi kükrəyib belə çağlamamışdı. İçi yanır, çalxanır tufanlı dərya kimi, Yanır bağrı, ürəyi qovrulan səhra kimi. Ürəyini boşaldır gözlərinin yaşıyla, Qəlbinə dağ çəkilir Ühüdün savaşıyla. Kimdi Həzrəti Həmzə?! Peyğəmbərin doğması, qəlbi, ürəyi, canı, Ölümlə pəncələşən Bədrin şanlı aslanı! Kimdi Həzrəti Həmzə?! Peyğəmbər zamanında tufanların şahidi, Peyğəmbəri gözünün giləsitək qoruyan islamın mücahidi! Kimdi Həzrəti Həmzə?! Şəhidlərin ağası, Şəhidlikdə ad qoyan “Seyyidüş-şühəda”sı! O vaxtdan bu zamana Şəhidlik, qəhrəmanlıq addımlayır yanaşı, Ərşə qədər ucalır islamın məğrur başı.

TANRIM, ŞƏHİD OLMAĞIN SİRRİNİ ÖYRƏT MƏNƏ!

Peyğəmbər dilindəki ən mübarək kəlmədi, Yerlərə könül verib, göylərə yüksəlmədi, Şəhidlik qisməti də İlahidən gəlmədi, – Bu əlçatmaz ucalıq heyrətdi, heyrət mənə, Tanrım, şəhid olmağın sirrini öyrət mənə!

Gözüm yox bu dünyanın sərvətində, zərində, Budaqlarım buludda, köküm-rişəm dərində, Niyə şəhid olmadım Ühüd döyüşlərində? – Nədən bu ağır sual verir xəcalət mənə, Tanrım, şəhid olmağın sirrini öyrət mənə!

Şəhidlikdir qaldıran dini də, imanı da, Şəhidlikdi zəfərə qaldıran insanı da, Şəhidlikdi yazdıran millətə dastanı da, –

Allahın özü versin hünər, cəsarət mənə, Tanrım, şəhid olmağın sirrini öyrət mənə!

Bu gün də dilimdədir bayatılar, ağılar, Yenə də hücumdadır qaniçənlər, yağılar, Şəhidləri olmasa, millət batar, dağılar, – Ondan gəlir tükənməz əbədi qüdrət mənə, Tanrım, şəhid olmağın sirrini öyrət mənə!

Dinimin ayağına günah yazırlar bu gün, Ayağımın altını yaman qazırlar bu gün, İslamın dediyini tərsə yozurlar bu gün, – Cavabını verməsəm, min dəfə lənət mənə, Tanrım, şəhid olmağın sirrini öyrət mənə!

ELMİN QAPISI

Mən elmin şəhəriyəm, Əli onun qapısıdır. Hz. Məhəmməd

“Pənah aparıram sübhün Rəbbinə!” Gücüm, arxam olsun, pənahım olsun. “Pənah aparıram sübhün Rəbbinə!”, Ümidlə açılan sabahım olsun. “Pənah aparıram sübhün Rəbbinə!”, Həzrəti Əlidən söz açmaq üçün Uca söz ən böyük matahım olsun. Peyğəmbər köməyim, Quran dayağım, Yardımçım tək olan Allahım olsun!

Peyğəmbərin şəhərinə girmək üçün, Peyğəmbərin şəhərini görmək üçün, O şəhərin yaşıl cənnət bağlarında Arzuların meyvəsini dərmək üçün,

Bir qapı var, o qapını öz əlimlə açım dedim, Onun irfan işığını ürəyimə saçım dedim. O qapının öz kilidi, öz açarı, O qapının idrak – dili, söz – açarı. O qapının elmi, yükü, fəlsəfəsi – Yaradanın “Bismillah”dan gələn səsi! O qapının islam ruhu, müslüm canı, Adəm oğlu, o qapını yaxşı tanı. O – mərifət qapısıdır, xidmətçisi kamil insan, O – şəriət qapısıdır, dürüst ağıl, dürüst iman. O – təriqət qapısıdır, doğru yoldu, doğru ərkan, O – həqiqət qapısıdır bəlli ağıl, bəlli nişan. O – bir qüdrət qapısıdır, Xeybər adlı nişanı var, O – cəsarət qapısıdır, Bədr adlanan meydanı var. O – mərifət qapısıdır, fəqirlərə ehsanı var, O – imamət qapısıdır, dünya boyda heyranı var. O – Məhəmməd qapısıdır, yol göstərən Quranı var, O qapıdan o tərəfə Peyğəmbərin şəhəri var,

O şəhərin Şahi-Mərdan dediyimiz əsgəri var. O qapıdan girənlərin Allahı bir, peyğəmbəri, kitabı bir, Ruhundakı xoş məramı, dilindəki xitabı bir. Birlik orda, pirlik orda, dirlik orda, Ər meydanı istəyənə ərlik orda. O qapıdan şübhə keçmir, güman keçmir, O qapıdan yaxşı keçir, yaman keçmir, O qapıdan işıq keçir, duman keçmir, O qapıdan iştah keçmir, tamah keçmir, Savab keçir, günah keçmir, O qapıdan keçmək üçün sudan duru, aydan arı ürək gərək, Təbiətin ipək gərək, məhəbbətin mələk gərək. Həmin qapı Həzrət Əli qapısıdır, Möminlərin əfəndisi, İmam, Vəli qapısıdır. Ədalətin gücü onun, gücün ədaləti onun, Tanrının cənnəti onun, Allahın rəhməti onun. Allah evində doğulan, gözünü Kəbədə açan,

Könüllərin həvəsiylə aləmlərə işıq saçan, On yaşından Peyğəmbərə sirdaş olan, Arxa olan, dayaq olan, qardaş olan, Peyğəmbərlə bir ağacdan mayalanan, Peyğəmbərin işığında ziyalanan! Ruhu təmiz, eşqi uca, nəfsi halal! Sinəsində iman adlı bir cah-calal! İslamın ilk müsəlmanı, İmamətin qəlbi, canı, Əbu Talib övladından dönüb Şahi-Mərdan olan, dönüb Şiri-Yəzdan olan, Qəhrəmanlar qəhrəmanı, daim mərdi-meydan olan, Saya gəlməz savaşlarda islamın şah ələmdarı – Uca Allah bayraqdarı! Gecə-gündüz fikri-zikri Allah olan, Dar ayaqda, çətin gündə dönüb Əsədullah olan, “Kimsəsizə arxa durub, yetimlərə yar” deyilən, Savaşlarda ünvanına “Heydəri-Kərrar” deyilən, Kasıblığı, fəqirliyi ən böyük var-dövlət bilən, Bu dövləti insan üçün tükənməz bir sərvət bilən,

Qəlbimizə, ağlımıza səda verən, İlahi bir ədalətlə ruhumuza qida verən, Ağır hicrət gecəsində Peyğəmbərə sipər olan, Peyğəmbəri qorumaqçün canında güc, təpər olan, Peyğəmbərin həm bu dünya, həm də axirət qardaşı, qeyrət, cəsarət qardaşı. Ey peyğəmbər şəhərinin haqq qapısı, şah qapısı, Ululara vətən olan ulu bir dərgah qapısı. Bizdən sənə salam olsun, ey Əbu Talib övladı, Qazi-ərən savaşların mərd oğlu, qalib övladı. Səni sevmək imandandı, ey imanı dastan olan, Gül ağzından gül tökülən, hər sözü gülüstan olan, Səni sevmək imandandı, torpaq kimi, Vətən kimi, Peyğəmbərlə bir olmusan, vücud kimi, bədən kimi. Bir gün məndən soruşdular: “Şair qardaş, səndən ötrü, söylə, kimdir Mövla Əli?” Ürəyimdən bir səs qopdu, Haqdan gələn səda kimi: “Ədalətin zirvəsində, həqiqətin dövrəsində Zamanlara hakim olan bir hakimdir Mövla Əli!

Adını Allah qaldırıb, eşqini Peyğəmbər öyüb, Səhər vaxtı üfüqlərin al rəngidir Mövla Əli. Düldül atı, Qənbər qulu, Zülfüqar kəskin qılıncı, Ədalətin yer üzündə ahəngidir Mövla Əli.

Eşqi ləkə, ruhu zədə, dili qeybət tanımadı, Haqdan qeyri başqa arzu, başqa niyyət tanımadı. Ömrü boyu qalib oldu, məğlubiyyət tanımadı, Başdan-başa qələbələr çələngidir Mövla Əli.

Uca islam dünyasının bir ər oğlu, ər babası, Lap bu günün özündə də ruhun təzə-tər babası. Həsən ilə Hüseyn adlı qoşa imamlar babası, Həm savaşdı, həm barışdı, həm cəngidi Mövla Əli".

YERİDİ AĞ DALĞALAR ÜZÜ QİBLƏYƏ SARI

(Məkkənin fəthi)

(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə (müsəlmanların fütuhatının başlanğıcını qoyan, Kəbənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb olacaq Hüdeybiyyə sülhü ilə) açıq-aşkar bir zəfər bəxş etdik! ("əl-Fəth" surəsi, 1-ci ayə)

Bu yol Məkkə yoludur, bu yol şərəf, şan yolu, İnsana, insanlığa nurlu kəhkəşan yolu.

Göydən gələn səslərin, səsi duyan kəslərin, Əsl müqəddəslərin əbədi nişan yolu.

Arzuların, kamların, sevgi dolu camların, Haqqa qul adamların qaynayıb daşan yolu.

Fürsət verər duyana, canı Haqqa qıyana, Günahını yuyana ən böyük imkan yolu.

Gedən dost, gələn hacı, Peyğəmbərin meracı, Bütün yolların tacı – din yolu, iman yolu. Bu yol Məkkə yoludur, duyğuların saf yolu, Tövbə, etiraf yolu, mərhəmət, insaf yolu. Fikirlərin, hislərin su kimi şəffaf yolu, Haqq yolu, vicdan yolu, din yolu, iman yolu. Gözlər üçün gur işıq, can umana can yolu, Din Məhəmməd yolunda əbədi nişan yolu!!!

Səkkiz il ayrılıq, səkkiz il hicrət, Səkkiz il intizar, səkkiz il həsrət, Səkkiz il imtahan, səkkiz il möhnət, Səkkiz il hazırlıq, səkkiz il qüvvət, Sinədə duyğular aşıb-daşırdı; Xəbər gözləyirdi ulu Tanrıdan, Peyğəmbər səfərə hazırlaşırdı. İslamın naxışı, hənası Məkkə, Tanrı inancının binası Məkkə,

Məhəmməd ömrünün mənası Məkkə, Ulu Peyğəmbərin anası Məkkə Müşriklər əlində yolu çaşırdı, Onu haqq yoluna gətirmək üçün Peyğəmbər səfərə hazırlaşırdı.

Ona işığını gur verdi Allah! Ona tükənməyən nur verdi Allah! Ona işlərində sur verdi Allah! Ona ürək açdı, sirr verdi Allah: “Ya Rəsul, səfərə hazırlaş!” – dedi.

“Hökmün və hikmətin zamanı gəldi, Ağlın, qətiyyətin zamanı gəldi, İlahi qismətin zamanı gəldi, Böyük ziyarətin zamanı gəldi, Ya Rəsul, səfərə hazırlaş!” – dedi.

“Səni bir mübarək şəhər gözləyir, Məkkədə açılan səhər gözləyir,

Allahın evinə səfər gözləyir, Fəth günü gözləyir, zəfər gözləyir, Ya Rəsul, səfərə hazırlaş!” – dedi.

Bu xeyir xəbəri, bu şad xəbəri, Aylarla, illərlə gözləmişdi o! Qəlbinin işıqlı bir guşəsində Pünhanca saxlayıb gizləmişdi o! Orda nələr olub bu səkkiz ildə, Gecəli-gündüzlü izləmişdi o!

Bağlıydı torpağa, yurda Məhəmməd, Yurda qayıdırdı nurda Məhəmməd! Adını hayanda çəkirsənsə çək, Orda Məhəmməddi, burda Məhəmməd! Ey gözü yollara boylanan şəhər, Yetəcək dadına darda Məhəmməd! Peyğəmbər dayağı olan Mədinə, İman işığıyla dolan Mədinə,

Zamanın peyğəmbər şəhəri kimi Tarixin yadında qalan Mədinə, O gün başdan-başa yanan zər idi, Nə ki Məhəmmədə vurğun olan var, Hamısı Məkkəyə səfərbər idi.

Bu gün həqiqətə dönən arzunun Könül qayğısıyla süslənmişdi O! Ərəb olmayanı, ərəb olanı Böyük həqiqətə səsləmişdi O! İslamın əbədi qələbəsini Canında, ruhunda bəsləmişdi O!

Zəfər yollarına qovuşmaq üçün Fikrində çox yollar qət eyləmişdi. Məkkə şəhərini fəth etməmişdən Öncə könülləri fəth eyləmişdi. Bu günün eşqinə ömrünü verib, Bu günə çatmağı əhd eyləmişdi.

Hər gün əllərini açıb göylərə Haqqın razılığı olana qədər Bu işə neçə yol cəhd eyləmişdi.

Gedir, Peyğəmbərin ordusu gedir, Elə bil üstünə səhra yeriyir. Qırmızı dənizdi axan elə bil, Elə bil səhrada dərya yeriyir. Mələklər göz qoyur qoşunun üstə, Haqqın nəzəri var başının üstə, Onun arxasınca dünya yeriyir.

Baxıb Allahına, Peyğəmbərinə İnam ordusudur yeriyib gedən. Açıq xəyalları qanadlandıran, Nurlu könüllərdə işıq yandıran İslam ordusudur yeriyib gedən. Dünyanı Allaha təslim eyləyən İmam ordusudur yeriyib gedən.

Şəhər Məkkə, ay Ramazan, Ramazının on üçü, Peyğəmbərin qollarında Haqqın, qüdrətin gücü. Hər əsgərin ürəyində ümid səsi Məhəmməd! Yer üzündə bir qoşun var, sərkərdəsi Məhəmməd! Kafir müslüm olmalıdı, başqa niyyət yoxdu, yox! Peyğəmbərim olan yerdə məğlubiyyət yoxdu, yox! Bütün qoşun bir ağızdan “Allahu-Əkbər!” deyir, Tək olana, Əkbərinə, Rəbbinə rəhbər deyir. Allah! Allah! Bu qoşunda şərəfə bax, şana bax, Min illərlə söylənəcək ölümsüz dastana bax! Əmri verən Məhəmməddir, bayraq tutan Əlidir, Bu qüdrətin qarşısında göy yerə çökməlidir, Bu qüvvətin qarşısında dağ dizə çökməlidir. Bu gün sülhün meydanıdı, bu gün barış günüdür, Həqiqəti, təriqəti bir axtarış günüdür. Qoy özündən küssün bu gün Haqq yolundan çıxanlar, Yaradanın yazısıdı bugünkü axın, qəza, Möminlərə mükafat var, kafirlərə sərt cəza!

Nə sandılar Peyğəmbəri, nə sandılar sülhü, nə? Onlar arxa çevirdilər "Hübeydiyyə" sülhünə.

Həzrəti Məhəmmədin on minlik müzəffər orduyla Məkkəyə gəldiyini eşidən, Peyğəmbərə zaman-zaman haqsızlıq edən, onu zor gücünə Məkkədən çıxaran, onun qətlinə, ölümünə belə fərman verməkdən çəkinməyən Məkkə müşrikləri möhkəm təlaşa düşdülər. Qorxusun- dan dağlara, daşlara qaçanlar, ailələrini daldalarda gizlədənlər oldu. Peyğəmbər şəhərə daxil olan kimi, müşriklərin gözlədiyi işin tam əksi olan, tarixlərin yad- daşında əbədi qalan ədalətli bir iş gördü. Müşriklər savaş gözləyirdilər, həyat gördülər, işgəncə gözləyir- dilər, əmin-amanlıq gördülər. Haramın halala, nifrətin sevgiyə, qaranlığın işığa döndüyünü gördülər. Peyğəm- bər Məkkənin açarlarını Osman Təlhadan alıb, Kəbədə namaz qılıb, aman diləyənlərin hamısına aman verdi, azadlıq bəxş elədi. Günahkarların və günahsızların sayından asılı olmayaraq o, hamını bağışladı. Peyğəmbərin bu əməlini görən Məkkə müşrikləri dönüb müsəlman olmuşdu. Hətta Həzrəti Peyğəmbər Uhud savaşında şəhid olmuş, "Şəhidlərin əfəndisi" dediyi əmisi Həzrəti Həmzənin qanını içən, ciyərini çıxaran, Əbu Süfyanın arvadı Hind adlı qadını da bağış- lamışdı. "(Ya Rəsulum!) Quranı (oxumağı və təbliğ etməyi, yaxud hökmlərinə əməl etməyi) sənə vacib buyuran (Allah) qayıdacağın yerə (hicrət edərək çıx- dığın Məkkəyə) səni yenə də qaytaracaqdır. De: "Rəb- bim hidayətlə (doğru yolu göstərən rəhbərlə) gələni də (yaxud doğru yolda olanı da), haqq yoldan açıq-aşkar azanı da hamıdan) yaxşı tanıyır!" ("əl-Qəsəs" surəsi – 85) ayəsini xatırladı. Çatdığı müqəddəs arzuya görə dönə- dönə Allahına şükür elədi, fəth namazını qıldı.

Kəbənin qapıları

Ulu bir ziyarətin yolunda zəvvar oldu, Hər addımın başında Allah ona yar oldu. Dünyaya təzə gəldi, o doğulub var oldu, Vicdanı sudan duru, ürəyi Aydan arı, Açıldı Peyğəmbərə Kəbənin qapıları!

Sanki quru səhralar yumşaldı, məxmər oldu, Göz gördü bu hikməti, ürəyə xəbər oldu. Dilinin şah nidası "Allahu-Əkbər!" oldu, Fikri, hissi, xəyalı dağların dümağ qarı, Açıldı nur üzünə Kəbənin qapıları!

İllərlə güc gəzirdi bu qapını açmağa, Bu məbədin nurunu ürəyinə saçmağa. Allah verdi fürsəti qanadlanıb uçmağa, Saf arzunun, diləyin yetişdi şirin barı, Açıldı Peyğəmbərə Kəbənin qapıları!

Burda iki tərəf yox, hamı bir tərəf oldu, Durna qatarı kimi möminlər səf-səf oldu. Ehram libası geymək ən böyük şərəf oldu, Yeridi ağ dalğalar üzü qibləyə sarı, Açıldı nur üzünə Kəbənin qapıları!

Ağrıların dərmanı, dərdlərin əlacıymış, Gözün, qəlbin istəyi, ruhun ehtiyacıymış. Görüşlərin, yolların, səfərlərin tacıymış, İnsanın, insanlığın qədim sirdaşı, yarı, Açıldı Peyğəmbərə Kəbənin qapıları!

Beləliklə, islam tarixinin ən böyük, ən şərəfli hadi- sələrindən biri olan “Məkkənin fəthi” tarixin yaddaşına köçdü. Dünyada islamın böyük qələbələrinin əsası, sağ- lam bünövrəsi qoyuldu. Bu hadisə uca Peyğəmbərimizin şəxsiyyət kimi də nə qədər böyük ürək və dərin ağıl, inanılmaz güc sahibi olduğunu bir daha dünyaya göstərdi. O günü müsəlman olan Məkkə müşrikləri Peyğəm- bərin qılıncından daha çox ağlı, sevgisi, məhəbbəti, şəfqəti qarşısında təslim olub, baş əydilər. Allahın şəninə dua üçün əllər göyə qalxdı. O gün yer də, göy də, dağ da, daş da, Kainatda bütün canlı varlıqlar da Peyğəmbərimizə dualar oxuyur, zəvvarlar “Allaha şükür!” nidaları ilə bir-birini salamlayırdılar.

Ulu Tanrı, qadir Allah ona bir səltənət verdi, Gözün aydın, ulu Məkkə, gəldi Rəsulullahımız. Yamanlığı yaxşılıqla tərki-silah edən kişi Oldu bizim qüdrətimiz, səngərimiz, silahımız.

Dünya gördü ədaləti, gördü kimdi adil olan, Əfv eylədi, aman verdi, bağışlandı günahımız. Sərt ürəklər yumşalanda, pirləşəndə gözəl olur, Könüllərdə Allah nuru yerləşəndə gözəl olur, İlqar-iman, əhdi-peyman birləşəndə gözəl olur, İslamdadı ümidimiz, Tanrıdadı pənahımız. Qoca dünya öz yükünü yavaş-yavaş çəkər gedər, Cəhalətin sarayları kərpic-kərpic çökər gedər, Tac paslanar, taxt yıxılar, şah devrilər, nökər gedər, Yaradana qul olanda şahlıq olar dərgahımız.

ÖLÜMÜN DƏ GÖZƏL OLDU HƏYATIN KİMİ

(Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib arta- caq, adına isə həmişə rəhmət oxunacaqdır!) (“əl-Kövsər” surəsi, 3-cü ayə)

Peyğəmbərlərin və şəhidlərin cəsədi torpaqda çürüməz. (“Hədisi-Şərif”)

Dünya yaslı-toyludu, ağlayıb-gülmək üçün, Gələn getmək üçündür, doğulan ölmək üçün. Min ömür də bəs etməz Adəm övladlarına Axirəti tanıyıb, dünyanı bilmək üçün, – Gur çaylar gör nə qədər dərədən-dağdan keçir, Dəryaların qoynuna axıb tökülmək üçün.

Xəstədir Peyğəmbərim! Hamı bir-bir can atır ona yovuşmaq üçün. Hərə bir dərman gəzir fikrində, xəyalında, Peyğəmbərin canından ağrı sovuşmaq üçün.

Yazı belə yazılıb, başa çatır vaxt-vədə, Canda hazırlıq gedir Haqqa qovuşmaq üçün.

İnsan adlı ulu varlıq ruh bədənə köçən günü Həyat adlı bir işığa, bir nəfəsə doğru gedir. Cavanlığın səs-küyü var, qocalığın sakitliyi, Bəmdən qalxır zilə doğru, zildən pəsə doğru gedir.

Vurğunluğu, heyranlığı dağda qalır, daşda qalır, Baxışları ölənədək gözdə qalır, qaşda qalır. Əli Haqqın ətəyində, gözü uçan quşda qalır, Ömrün-günün sorağında səsdən-səsə doğru gedir.

Bu dünyada qəm nə gəzir, ən dəhşətli qəm ordadı, Qana dönən göz yaşları, can çürüdən nəm ordadı, Gül qoxuyan, alov saçan cənnət, cəhənnəm ordadı, İnsan oğlu ilk nəfəsdən son nəfəsə doğru gedir.

Gah sükutda göndərir, gah da səsdə çatdırır, Allah öz fərmanını son nəfəsdə çatdırır.

Borcunu vermək üçün Peyğəmbərin yolunda İki mələk dayanıb – sağında və solunda. Biri vəhy mələyidi, onun dostu, həmdəmi, İyirmi üç il boyu Onunla bir daşıyıb həm sevinci, həm qəmi. Biri əcəl mələyi – Gəlib Haqqın əmrini yerinə yetirməyə, Ağrını candan alıb, əzabı bitirməyə. Hara gedirsənsə get, burda dayanmalısan, Ölüm adlı atəşin oduna yanmalısan. Hansı evə gəldisə, salar matəmi, yası, Əzrayıl öz işinin ustasıdır, ustası. Yüz iyirmi dörd mindisə dünyanın peyğəmbəri, Demək, elə bu qədər Peyğəmbər ömrü kəsib Əzrayılın xəncəri! Gəldi əcəl mələyi Peyğəmbərin ruhunu bədəndən almaq üçün, Ölümü hər bir kəsin yadına salmaq üçün. Bu dəmdə Peyğəmbərin gözünün ağ-qarası, Tək qızı, tək övladı, ciyərinin parası,

Altı qardaş-bacının dünyada tək qalanı, Buludlu göylər kimi boşalanı, dolanı, Fatimeyi-Zəhramız “Vay mənim babam” deyib, yaş töküb ağlayırdı, Hıçqırığı, naləsi Qayalara, dağlara dağ çəkib dağlayırdı. Peyğəmbər övladına – “Ağlama, mənim balam, sən ağlama, dur!” – dedi, Peyğəmbərin ruhunu canından çıxarmağa Əzrayıl izn istədi, Peyğəmbər “Buyur!” – dedi. Allah əmri veribsə, yetməlidir yerinə, Heç zaman ara vermir dünya xeyir-şərinə. Heç kəs qarışa bilməz Yaradanın işinə, Getdisə, salavat çək gedənin gedişinə. Ölüm Allah işidi, o gəldisə, haqdı bu, Onunku ölmək deyil, Haqqa ucalmaqdı bu. Allah kəlamı üçün yenə qulağı səsdə, Quranı xatırladı yenə axır nəfəsdə. Bizə tapşırdı getdi imanı, müsəlmanı,

Bizə tapşırdı getdi, əhli-beyti, Quranı. Bizə tapşırdı getdi pak yolunu, sünnəti, Yaradana sevgini, yaranmışa hörməti. Nə dilində şikayət, nə qəlbində ah oldu, Peyğəmbərin son dəfə dodağından çıxan söz Yenə Qadiri-Qüdrət, yenə də Allah oldu. Allahın səcdəsinə o qədər əyildi ki, İslama, müsəlmana özü səcdəgah oldu. Gördü uca dostunu, Rəfiqi-Əlasını, Beləcə tamamladı dünyada dünyasını, Tapdı, islamda tapdı həyatın mənasını. O bir işıqlı gündə göz açmışdı dünyaya, Bir bazar ertəsində köçüb getdi dünyadan. İmanın kamilini, qismətin halalını, Əxlaqın ucasını seçib getdi dünyadan. Mələk kimi gəlmişdi mələklərin yoldaşı, Elə mələk kimi də köçüb getdi dünyadan.

Çox odlarda yanıb, bişib insan övladı, Heç nə onu yandırmadı vəfatın kimi. “Canım sənə fəda olsun, ya Rəsulullah, Ölümün də gözəl oldu, həyatın kimi!” – Axıb gedən göz yaşları sözünə baxmır, Bu sözləri yana-yana deyən Əliydi. Bu dünyada əzizini itirən kişi, Peyğəmbərin cəsədini yuyan Əliydi. Körpəlikdən bu günədək ömrünü verib, Onun bütün varlığını duyan Əliydi. Kəfənlənib Haqq yerinə qoyulanda da, Yenə ona sirdaş Əli, həyan Əliydi. Ana torpaq Peyğəmbəri aldı qoynuna, Şərəfləndi Mədinədə qazılan məzar. O zamandan bu zamana ziyarət oldu, Tarixlərin yaddaşına yazılan məzar! Göy qübbəsi, yer türbəsi, dağ məqbərəsi, Ay da, gün də gecə-gündüz keşiyindədir.

Varlığı da, məzarı da, məhəbbəti də Yerdə deyil, mələklərin beşiyindədir. Yer üzündə ikinci bir məzar göstərin, Bir bu qədər zəvvar gəlsin, ziyarət olsun. Yatdığı yer ruhu çəksin dərinliklərə, Sevgisində bir bu qədər əzəmət olsun! Elm özü də bu məzarı ziyarətdədir, Məscid burda, məktəb burda, mədrəsə burda. Zəvvarlardı qanadlanan göyərçin kimi, Mələklərdi hər gün verən səs-səsə burda. Sevən bilir sevilənin böyüklüyünü, Sevən bilir taleyinə gün hardan doğur. Bəxt günəşi, Tanrı nuru, Allah işığı Peyğəmbərin uyuduğu məzardan doğur!!!

ŞAİRİN ZİYARƏTİ

Peyğəmbərin vida həccindən min üç yüz altmış üç il sonra Zəlimxanın həcc ziyarəti Yaradanın məhəbbəti, Peyğəmbərin eşqi ilə Mən də gəldim Haqq evinə, nur evinə ibadətə. Mən də gəldim Peyğəmbərin əli dəyən Kəbə adlı ən müqəddəs ziyarətə. Necə keçdi ziyarətim, qoy onu bir Xuda bilsin, Bir canım var, qadir Allah, onu haqqa fəda bilsin. Kəbə mənim qəlbimdədir, mən ondayam, o məndədi, Heç olarmı şair könlüm canı candan cüda bilsin. Allah evi bir dənizdir, mən də onun damlasıyam, Ev sahibi bu dəryada məni də bir ada bilsin. Ulu Tanrım, ver fürsəti Məhəmmədin ümmətinə, Mən daddığım bu neməti bütün dünya dada bilsin. Tanrım ilə vəhdətdəyəm, Allah ilə söhbətdəyəm, Haqqı bilən – hər sözümü Haqdan gələn səda bilsin. Əgər bir gün unudarsa, Peyğəmbərim yatan yeri, Ulu Tanrı Zəlimxanı xan bilməsin, gəda bilsin.

ONUN ÜZÜ HÖRMƏTİNƏ!

Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız), Allah oradadır. Şübhəsiz, Allah (öz mərhəməti ilə) genişdir, (O hər şeyi) biləndir! ("əl-Bəqərə" surəsi, 115-ci ayə)

Cadar olmuş torpaqlara su göndərər dərman üçün, Bulud dolar, yağış yağar – Onun üzü hörmətinə! Dan yerinə nur çilənər, İnsan-mələk salamlaşar, Üfüqlərdən Günəş doğar – Onun üzü hörmətinə! Tanrı ağıl, kamal verib, huşu başda cəm yaradıb, Bir tərəfdə sevinc durur, bir tərəfdə qəm yaradıb, On səkkiz min aləm üçün nə böyük aləm yaradıb, – Onun üzü hörmətinə!

Üz-üzədir insan oğlu qəmlər ilə, ahlar ilə, Sevinc ilə qucaqlaşar hər gələn sabahlar ilə, Qoca dünya coşub-daşar əsl xeyirxahlar ilə, – Onun üzü hörmətinə!

Yol dağılmaz, yolçu çaşmaz, körpü uçmaz məhşərədək,

Yollar, izlər işıqlanar – Onun üzü hörmətinə!

Yeddi qatdan yetmiş qata sevər, duyar Kainatı, Sevən gözlər işıqlanar – Onun üzü hörmətinə!

Təmizlənər günah, tamah, səndə qalmaz, məndə qalmaz, Haqqa iman gətirməyən yer üzündə bəndə qalmaz! Ağ zirvələr aydınlaşar, dağ dumanda, çəndə qalmaz, – Çöllər, düzlər işıqlanar Onun üzü hörmətinə!

Haqq yolunda uca durar ərən sözü, ər nidası, Yoxa çıxar yer üzündən, şər söhbəti, şər nidası, Bütün ərzə hakim olar "Allahu-Əkbər!" nidası, – Onun üzü hörmətinə!

Yerin nuru, göyün nuru bir-birinə qarışacaq, Bu sehrdən eşqə düşüb, Ay Günəşlə yarışacaq, Kin gedəcək, nəfs öləcək, küsülülər barışacaq, – Onun üzü hörmətinə!

İslam adlı bir ağacın kökü min budaq olacaq,

Qoru közə çevriləcək, çınqısı ocaq olacaq, “Allahu-Əkbər!” deməyən nə dil, nə dodaq olacaq, – Onun üzü hörmətinə!

Haqq yolunu yolsuzlara dönə-dönə qandıracaq, Kafirləri başa salıb, müşrikləri qandıracaq, Çox oğullar ürəklərdə din işığı yandıracaq, – Onun üzü hörmətinə!

İnsan oğlu sevə-sevə bir-birinə ərk edəcək, Nəfsi, kini, küdurəti birdəfəlik tərk edəcək, İslamdakı, imandakı çox sirləri dərk edəcək, – Onun üzü hörmətinə!

Neçə-neçə ağlagəlməz dəfinələr tapılacaq, Nə gizlinlər açılacaq, hələ nələr tapılacaq, Dünya – sandıq, Quran – açar, xəzinələr tapılacaq, – Onun üzü hörmətinə!

İlqar-iman çaylarının suyu daim gur gələcək, Allah eşqi könüllərə coşqun axıb, kür gələcək,

Kar qulaqlar açılacaq, kor gözlərə nur gələcək, – Onun üzü hörmətinə!

Bu ədəb-irfan yoluna hər kəs arzu-kam deyəcək, Bu sevgidən atəş alıb, ürəyinə can deyəcək, Möhrü Quranla basılan son sözü islam deyəcək, – Onun üzü hörmətinə!!!

EY İNSANLAR! RƏBBİNİZ BİRDİR. ATANIZ da BİRDİR. HAMINIZ ADƏMİN ÖVLADLARISINIZ (Hz. Məhəmmədin vida xütbəsindən)

Ey dünyanın, gələcəyin gəncliyi, Gələcəyə dinsiz getmə, dinli get! İtib-batma səssizliyin içində, Sabahlara sədalı get, ünlü get.

Dərd əlində ömür gedər hədərə, Qələbə çal, məğlub olma kədərə, Salam söylə hər açılan səhərə, Dan yerinə günəşli get, günlü get!

Şübhələri yaxın qoyma özünə, Qat inamı əqidənin gözünə. Quran elmi bir tükənməz xəzinə, O xəznədən sünbül götür, dənli get!

Küfrə varsan, kimsə sənə yovuşmaz, Ağrıyarsan, qada candan sovuşmaz. Yönsüz olsan, ruhun Haqqa qovuşmaz, Haqqa doğru qibləli get, yönlü get, Sabahlara sədalı get, ünlü get!

Ey dünyanın gəncliyi, Rəva bilmə özünə rahatlığı, dincliyi! İman ilə işıqlan, Allahla yaraşıqlan. Xilaskar imanı tap, Mənasını bil, öyrən, imandakı canı tap! Yolsuzlara yol sən ol, dilsizlərə dil sən ol, Kamil olsun imanın, imanı kamil sən ol! İslamı sağlam, təmiz, bütöv görməyi bacar, Onun uca şəninə çələng hörməyi bacar. Harda qara yel əssə dinimizin üstünə, Orda hər fəlakətə sinə gərməyi bacar. Diqqət yetir bu uca, bu müqəddəs niyyətə, Quran elmə çağırır, islam mədəniyyətə!

Dağdan ağır olsa da, çiynini ver yükünə, Hər sözün, hər ayənin kökünə get, kökünə! Gəncliyin vəzifəsi Dildə, dində, şüurda, fikirdə axtarışdı, Sınaq meydanlarında imtahandı, yarışdı, Haqqa doğru gedişdi, Yaradana varışdı, Biləcəksən bu dinlə Allahın buyurduğu savaş deyil, barışdı. Böyük müqəddəsliyi dərk eyləsən dərindən, Şirə çəksən islamın canından, cövhərindən, Biləcəksən bu dinin ən böyük məramını, Özün yandıracaqsan arzuların şamını. Əriyəcək zülmətin bağrını yara-yara, O şam işıq salacaq bütün qaranlıqlara! Lap aydın görəcəksən Quranın işığında Onun böyük dünyaya böyük məhəbbətini, Həqiqətin elmini, elmin həqiqətini! Bu, yaxşılıq dinidir, olmaz yamanlıq dini, Sevgi, mərhəmət, barış, əmin-amanlıq dini.

Yer vermir kitabında nə şeytana, nə şərə, Bu dinin hörməti var bütün peyğəmbərlərə! Hörmət ilə yad edir çəkilən əzabları, Rəğbətlə xatırlayır səmavi kitabları. Məhəbbətin dilində danışdırır dinləri, Hər kitaba can verir müqəddəs ayinləri. Bu din insan sevgisi, bu din bəşər dinidir, Fəlakətə çağırmır, səadətə çağırır, Terrora, təxribata, qana, sui-qəsdə yox, Paklığa, təmizliyə, mərhəmətə çağırır. Doğru danış, düz dolan, halal yaşa, haqqa gəl, Budur hökmü, qərarı, İnsanı, insanlığı bu adətə çağırır: İslam – təmiz ailə, sağlam qadın, sağlam ər, Nəfsi, tamahı yenən, yenilməyən bir hünər. Canı təmizlik olan, ətir dolu bir həyat, Saflıqdan mayalanmış hüdudsuz bir Kainat. Ey dünyanın gəncliyi!

Bu dinin cövhərinə, dürrünə, gövhərinə vurulmamaq olarmı? Bulaq kimi saf olan, su kimi şəffaf olan Bu aləmə baxanda Daha da gözəlləşib durulmamaq olarmı? Ata-ana sevgisi, qardaş-bacı sevgisi, Oğul-uşaq sevgisi, Köklərdən qidalanmış Gövdə-budaq sevgisi, budaq-yarpaq sevgisi, Qədimlərdən qədimdir, əzəllərdən əzəldir, Bir-birindən işıqlı, bir-birindən gözəldir, Sevənin, sevilənin sayı min-min olsa da, Hər din sevgiyə dönüb, sevgilər din olsa da, Allaha sevgi durur hər sevginin başında, Birinci o canlanır insanın yaddaşında. Mən bu dini sevirəm, dinimin adı sevgi, Səsimin, nəfəsimin, ünümün adı sevgi. Canın, nəfəsin qədər, eşqin, həvəsin qədər, Duadakı pıçıltın, gurlayan səsin qədər, Sən də tapın, sən də sev

İslamdakı cövhəri, Qurandakı incini, Nə dağa düş, nə daşa, Onda tap ümidini, onda tap sevincini! Sən orda sonsuz uçuş, sınmaz qanad görərsən, Allaha, Peyğəmbərə, insana, insanlığa, Sevgisi sonsuz olan qaynar həyat görərsən. Bütün dinlərə hörmət əbədi borcun olsun, Kəbə dağılmaz qalan, alınmaz bürcün olsun!!!

PIÇILTI XƏLVƏTİN İNTİBAHIDIR

(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! (“əl-Ələq” surəsi, 3-cü ayə)

Hər yerdə dəniztək qaynayır həyat, Bahar təbiətin intibahıdır. Arı şirə çəkir, gül şərbət verir, Çiçək məhəbbətin intibahıdır.

Halal zəhmət eşqi, müqəddəs əmək Ruhlara qidadı, ruhlara yemək. Göylərdən yardım var, Allahdan kömək, Ucalmaq sənətin intibahıdır.

Surədi dodaqda, ayədi dildə, Naxışdı çiçəkdə, sığaldı güldə. Quran tamamlandı iyirmi üç ildə, Pıçıltı xəlvətin intibahıdır.

Göylərin yerlərə enən səsidir, Qiyamətə qədər eşqin bəsidir, Quran – Yaradanın möcüzəsidir, İslam – cəsarətin intibahıdır.

Ruhun qanadı var, qəlbin köşkü var, Coşan duyğuların canda məşqi var, İnsanın bu qədər sönməz eşqi var, Allaha rəğbətin intibahıdır.

Qoca bəşəriyyətə Dünyanın cavan dini islam gör nələr verib, Kainatın açılmaz sirləri çox olsa da, Hamısına baş vurub, hər şeydən xəbər verib. Qeybdən xəbərləri insanlara çatdıran, Uluların ulusu uca peyğəmbər verib. Tarixdən beş kəlməni yadda saxlamaq olmur, Hafizi-Quranlara Quranı əzbər verib. “Qələm” ilə güldürüb alimlərin bəxtini,

Merac ucalığında qurub elmin taxtını, Haqdan mayalandırıb eşqi, ilhamı, təbi, Şəhid qanından uca Müqəddəslik qazanıb alimin mürəkkəbi. Alim əsir düşsə də, onu əsir almayıb, İslamın bir kərpici elmsiz ucalmayıb. Onun dini elm olub, onun elmi din olub, Fikrin barı, bəhrəsi artıb, birə-min olub. Allahın özündə gəz, Tanrıda tap, dində gör, İslamın qüdrətini İslamın yaratdığı mübarək elmində gör. Həmi millətim dedi, həm ümmətim söylədi, Tək olana mütləqim, həqiqətim söylədi. Yox dedi müşrikliyə, yox dedi kafirliyə, Çağırdı, dəvət etdi insanları birliyə. Fikrin sultanlığını bir görün kimə verdi, Nə krala, nə şaha, nə də sultana verdi, Ən uca mərtəbəni uca alimə verdi. İntibah deyiləndə

“Bismillah”dan güc alan bir insanı xatırla! Təzə hava, təzə ruh, təzə həvəs gətirən, Mələklər qanadında yerə nəfəs gətirən, Bəşərin xidmətinə şərəflə, şanla gələn, Müqəddəs bir kitabla, uca Quranla gələn, Tarixi unudulmaz xoş bir anı xatırla. “Oxu!” dedirdənə bax, gör nə gözəl oxutdu, Elmə qol-qanad verən bir fərmanı xatırla! Bir dinin qəlbindəki bir dünyalıq eşqə bax! Oyanan bir dünyanı canlı görmək istəsən, Bağdadı, Hələbi gəz, o qədim Dəməşqə bax! Marağada qurulan qədim bir rəsədxana Alimi, üləmanı cana gətirdi, cana. Zəngin kitabxanalar varaqlanır birbəbir, Alimlər arasında yarışa bax, məşqə bax! Məkkədə, Mədinədə, Nəcəfdə, Kərbəlada Ürək Haqqın yanında, fikir ərşi-əlada.

Çiçək kimi açılır gözəl Yəməndə islam, Gül kimi pardaqlanır qədim Misirdə islam. Məktəblər, mədrəsələr açıldıqca dalbadal Göstərir öz gücünü hikmətdə, sirdə islam. Sağlam özüllər üstə qurdu uca binanı, Bu gün dünya oxuyur böyük İbn Sinanı.

Fikrin zəlzələsiydi Əbu Reyhan Biruni, Kim açıb, kim öyrənib onun mində birini!!! Rəhmətlə anır bəşər bu gün əl-Fərabini, Hörmətlə xatırlayır Cabir ibn Həyyanı. Tək qılıncın gücünə uzun ömr eyləməzdi, İslama tükənməyən bir güc verdi Yaradan, Elmin fatehləriylə fəth eylədi dünyanı! Eşqin gözləriylə bax, xatırla xoş əyyamı, Şeirə ürək yaratdı, Elmə dirək yaratdı Allah Ömər Xəyyamı! Yarıyolda qoymadı, onu Allah eşitdi, Sübh namazı üstündə oxunan duaları

Ayla gün salamladı, aydın sabah eşitdi. “Beşikdən qəbrə qədər elm öyrənin!” deyəndə Peyğəmbərin səsini bir oyanış, dirçəliş, bir intibah eşitdi. İslamın qüdrətiylə eşqini yaya-yaya İsgəndəri yenidən bəxş eylədi dünyaya! Gəncəli Nizaminin sehrlənmiş qələmi, “Xəmsə” bu dünya üçün ayrıca intibahdı, İdrak onun gücünə dərk elədi aləmi. “Qüvvət elmdədir, elmsiz heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz!” – Bu şah beyti dərk eylə! Tapacaqsan şairi peyğəmbərə bağlayan ən müqəddəs bağları, Tapacaqsan o zaman Min-min əsri, zamanı, Bir-birinə bağlayan körpüləri, tağları. Bu böyük intibahda, Elmin gur işığıyla açılan hər sabahda Mənim də millətimin öz payı, xidməti var, Tarixlərə həkk olan

Uca elmi, alimi, uca həqiqəti var. Bakıda, Naxçıvanda, Şirvanda, İrəvanda, Təbrizdə, Marağada Yetişən dahiləri bir-bir gətirsək yada, İkinci bir dünyanı taparıq bu dünyada. Səfiəddin Urməvi dil verirdi simlərə, Səslə açar tapırdı açılmaz tilsimlərə! Əbdülqadir Marağı “Cəmaül-Əlhan”ıyla Musiqi dünyasına təzə nizam verirdi nəfəsiylə, canıyla. Canı naxışa verdi, nəqşi canda yaratdı, Əcəmi intibahı Naxçıvanda yaratdı. Təbriz minatürləri dil olub danışanda Ona ürək, can verən Sultan Məhəmməd oldu, Adı Məhəmməd olan sənətə məbəd oldu. Dəməşqi, Qahirəni, İstanbulu görəndə, Məscidin, minarənin əlvan naxışlarını çiçək kimi hörəndə, Pakistan məbədləri İslamın bu dünyaya gücünü göstərəndə,

Avropanın içində – Əndəlüs torpağında İlahi memarlığı yoğuranda, yapanda, Avropa öz gücünü İlahi dəyərlərin cövhərində tapanda, Bir qədim əlifbanı On iki cür xətt ilə yazıb naxışlayanda, Xəttatlığı yaradıb Allahın vergisitək xalqa bağışlayanda, Naxışlar vura-vura dönüb nəqqaş olanda, Sənət möcüzələri hər yerdə baş olanda, Heyrətə gətirəndə bütün bəşəriyyəti Sirli əlyazmaları, qızıldodaq butalar, Qədim incəsənəti Allahın eşqi ilə yaradanda atalar, Ulduzların elmini yerlərə endirəndə, Riyazi elmləri Əl-Cəbrin qüdrətiylə, ağlıyla dindirəndə, Fəlsəfi məktəbləri, ən böyük tələbləri, ən uca mətləbləri kitab kimi açanda, İslam öz varlığını İnsanın üzərinə işıq kimi saçanda,

Allahını, özünü bir vəhdətdə görəndə, Allahın qüdrətini təbiətdə görəndə, Bütövləri kəşf edib, zərrələri duyanda, Allahın varlığını insanda oxuyanda, İslamla işıqlanır, inamdan güc alırdı, İslama tapınanlar Tanrıya ucalırdı. Gör nə qədər xəzinə, nə qədər var yaratdı, Yerdə, göydə, həyatda, Hüdudsuz Kainatda Nə qədər yenilik var, Sidq-dildən islama tapınanlar yaratdı! Bu qüdrət silkələdi Avropada Höteni, “Qərb-Şərq divanı” verdi böyük bəşəriyyətə Bethovenin vətəni. Bu qüdrət silkələdi Rus nəsrinin ilahı qraf Lev Tolstoyu; İslama heyran oldu, İslamdan qidalandı ömrü, həyatı boyu! Bu qüdrət silkələdi Döyüşlər əfsanəsi fransız Napoleonu, Həzrəti Məhəmmədin ağlı, gücü, hünəri heyrətə saldı onu!

Puşkinin Quran üstə yazdığı şeirlərin Yeri ucadan-uca, eşqi göylərdən dərin. Dərindən dərk edəndə Yaradanın gücünü, Peyğəmbərin mehrini Bu qüdrət silkələdi Cəvahirləl Nehrunu! Onun böyüklüyünü etiraf eylədilər, Bu oyanış, dirçəliş Səcdəsinə gətirdi neçə-neçə dahini. Tanrıya ucalanlar dərk edə bilər ancaq Tanrını, İlahini!!! Bizim intibahımız “Oxu!” hökmünü verən bir xəbərdən gəlirdi, Allahdan, Cəbrayıldan, Peyğəmbərdən gəlirdi. Beləcə yaranırdı islamın intibahı, Əqidənin, məsləkin, inamın intibahı! Gələcək əsrlərə ərməğan göndərirdi Vəhyin, elmin, sevginin ilhamın intibahı!!!

TÜRK VƏ İSLAM

Türk islamın dayağıdır, islam türkün bayrağı! Zəlimxan Yaqub

Ey tək olan Allahım! Dünyanı bizdən ötrü bir tamaşa yaratdın, Nə varsa cüt eylədin, nə var qoşa yaratdın. Ulduzları bələdçi, nuru mayak yaratdın, Əlyetişməz göylərə yeri dayaq yaratdın. İşıqlandı zirvələr üfüqləri öpəndə, Bulud göyə güvəndi yağışını səpəndə. Düz düzə arxalandı, dağlar dağa güvəndi, Nə ki yaradılan var bu torpağa güvəndi. Heç nə yaşaya bilməz sağı-solu olmasa, Heç nə var ola bilməz Haqqa yolu olmasa. Arxa nədir, dayaq nə, nişan verdi bizlərə, Çeşmələr arxalandı çaylara, dənizlərə. Nə ki səhrada qum var,

Nə ki suda balıq var, Hamısı gözəl bilir Bütün yaradılmışı yaradan bir Xaliq var! İmansız millət olmaz, Allahsız bir məmləkət, Dindən-imandan gəlir hər şeyə bar-bərəkət. Bu fikrə zərrə qədər nə şübhə, nə güman var, Harda Allah eşqi var, orda din var, iman var. Tariximə baxsalar, ululardan uluyam, Tanrıya sevgilərlə, dualarla doluyam. Xəlq olunandan bəşər, Çarpışandan haqla şər, Haqdan cücərib bitən Türkün oğlu mənəm, mən!

Hələ ilk yaranışdan, Haqq uğrunda yarışdan Nə can doydu, nə də tən, Yer-göy mənə bir Vətən, Türkün oğlu mənəm, mən!

Burda zamanı saxla, tarixləri varaqla, Bax: min üstə minim var, Adəm gəldiyi gündən mənim sevgi dinim var. Sevgi, məhəbbət dini, işıq, mərhəmət dini! Yolum islam yoludur, dinim Məhəmməd dini!

Haqqın vuran ürəyi, eşqi, ağlı mənəm, mən. Saçından dırnağına Yaradana – Allaha – Haqqa bağlı mənəm, mən!

Bir güllə yaz açılmaz, gülüstan olmaq gərək, Bir sözlə dil açılmaz, bir dastan olmaq gərək. Göytürklər, ağüzlülər Haqqı dərkə güvəndi, Türk islama tapındı, islam türkə güvəndi. Bir-bir xatırlayıram hər milləti, hər soyu, Burda yada salıram Məhmət Akif Ərsoyu: “Türk ərəbsiz yaşamaz, kimsə yaşar der, dəlidir, Türk ərəbin sağ gözü, həm sağ əlidir!” Mən bu gün sağ gözümdən, sağ əlimdən yazıram, Doğru olan, haqq olan əməlimdən yazıram. Təzə həyat gələndə ömrünə, həyatına, Peyğəmbər ucalanda göyün yeddi qatına Cana nəfəs verdilər, nəfəsə can verdilər, Türk islam ordusunu merac mərtəbəsində ona nişan verdilər!

Məhəbbətlə, həvəslə boylandı yerə sarı, Gördü ağ atlılar var, Yeldən qanadlılar var, Tutub bütün düzləri, tutub bütün yolları, Soruşdu Cəbrayıldan: “Kimlərdi at çapanlar?” “Türk-islam ordusudur, Ya Həzrəti Məhəmməd! Sabah onlar olacaq Sənin arzularını Qeyrət ilə yoğurub, qüdrət ilə yapanlar! Sabah onlar olacaq İslamın varlığına əriyənlər, hopanlar! Sabah onlar olacaq Sənin eşqinlə bağlı xoşbəxtliyi tapanlar!” Yetişdi Peyğəmbərə Cəbrayılın cavabı. Cəbrayılın sözüylə Ərş üzündə açıldı Türkün qızıl kitabı!

Peyğəmbərim buyurdu: “Türk dilini öyrənin! Yeri, göyü, varlığı dərk dilini öyrənin! Sevgi, barış dilini, ərk dilini öyrənin!” O, bu dildə dininin sabahını görürdü, Tükənməz ümidini, pənahını görürdü.

O bilirdi nə deməkdi türkün kəskin qılıncı, Din yolunda şəhidlikdə, din yolunda savaşda Türkün sınmaz vüqarını, silahını görürdü. Yox, qılıncın gücünə müsəlman olmadılar, İlk dəfə ana kimi qucaq açdı islama yurdun şanlı türkləri! Buğra xanın yuxusu çevrildi həqiqətə, Qaldırdı bayrağını Qaraxanlı türkləri! Düşmən uydurmasıdı “Qılınc müsəlmanlığı!” Ruhundaydı türklərin islam qəhrəmanlığı. Türkün tək Tanrısıyla ərəbin tək Allahı Mətləbdə, mahiyyətdə eyniyyətdir, eynidir. İslam türkün ürəyi, türk islamın beynidir! Bağlandı Peyğəmbərə Ən möhtəşəm millətin qəlbi, ürəyi, canı, Səhər yerdən duranda Müsəlman kimi durdu Türkün şanlı xaqanı! Peyğəmbərin şəninə Balasaqunlu Yusif yazdı ilk türk şeirini, Yəsəvi Əhmədinin yaratdığı “Divan”da

Tapdı islam da, türk də öz müqəddəs yerini! Qaşqarlı Mahmudumun “Türk lüğəti divanı” Türkün Haqqa qovuşan, Peyğəmbərə yetişən ən uca nərdivanı! O vaxtdan bu zamana Türk islamın yolunda oxu qoydu kamana, Aşdı aşılmaz olan divarları, sədləri, Türkün də, islamın da böyüdü sərhədləri! Səsin mənzili uca, sözün dəryası dərin, Yetdi, yerinə yetdi Türkə, islama bağlı Hər arzusu, istəyi Həzrəti Peyğəmbərin! Bir ordudu, bir qoşundu oğulların hərəsi, Bütün ərzi silkələdi hər çəkilən nərəsi. Bu dünyanın yeri, göyü, bağı, bəndi, bərəsi... Aydınlığa çıxmaq üçün o yandırdı çırağı, Türk islamın dayağıdı, islam türkün bayrağı!

Gözüm üstə ziyarətdi, başım üstə tavandı, Hər fəsadı, faciəni başımızdan qovandı,

Nə yaşı var, bu din hələ cavanlardan cavandı, Min illəri keçib-gedər onun səsi, sorağı, Türk islamın dayağıdı, islam türkün bayrağı!

Düz tanıdı, düz öyrəndi öz əslini, zatını, Gündoğandan günbatana çapıb getdi atını. Yeddi yerdə, yeddi göydə tapdı yeddi qatını, Qiyamətin gününədək pas tutmasın yarağı, Türk islamın dayağıdı, islam türkün bayrağı!

MƏN ƏHMƏD YƏSƏVİ, BİLMƏK İSTƏSƏN

Pərvərdigara! Artıq sümüyüm sustalmış, saçlarım ağappaq ağarmışdır. Sənə ümid etməklə heç vaxt naümid olmamışam. Nə dua etmişəmsə, qəbul olunmuşdur. Əhməd Yəsəvi

Arı kimi dön gülə, tər çiçəkdən söhbət aç, Şirin, təmiz arzudan, saf diləkdən söhbət aç.

Çağır Alp ərənləri, qonaq eylə eşqinə, Gah beşikdən, məzardan, gah bələkdən söhbət aç.

Danış dindən, imandan, danış qoca zamandan, Səcdə eylə keçmişə, gələcəkdən söhbət aç.

Ey Yəsəvi Əhmədim, Əhmədi-Muxtara bax, Heç kəsə bel bağlama, sən o Təkdən söhbət aç.

* * *

Boyla mənim boyumu, Söylə mənim soyumu, Ver havamı, suyumu, Peyğəmbərdən xəbər ver.

Qəbul eylə ərkimi, Anlat mənə ər kimi. Danış peyğəmbər kimi, Peyğəmbərdən xəbər ver.

Var işarə, him sənə, Kim inanmaz, kim, sənə? Haqqı bilən kimsənə, Peyğəmbərdən xəbər ver.

Ver müjdəni, nəməri, Ver ümmətə təpəri. Ver qaibdən xəbəri, Peyğəmbərdən xəbər ver.

Kəlmə çıxar ağızdan, Hikmət söylə ağ üzdən. Nə qazandı Oğuzdan? – Peyğəmbərdən xəbər ver.

Haqq sözünü söylədi, Pislikləri yeylədi. Dünya üçün neylədi? – Peyğəmbərdən xəbər ver.

Dürlü söz, dürlü kəlam, Eşqi alınmaz qalam. Rəsul əleyhissəlam – Peyğəmbərdən xəbər ver.

İslam sevgi butası, Əhməd, içdim bu tası. Ey ruhumun atası, Peyğəmbərdən xəbər ver.

* * *

Çatdı səsim Yəsəviyə, elə bil ki Haqdan ona “Bu gün fürsət səninkidir, qəlbini dindir” dedilər.

“Tapmağa sirr xəzinəsi, çapmağa meydan vermişik, Ruhun dəli köhləninə eşqini mindir” dedilər.

“Endikcə en dərinlərə, Yaradana çatmaq üçün, Qanadlı söz göylərdədi, qəlbinə endir” dedilər.

“Məhəmmədin eşq adlanan atəşinə könül bağla, Həşrə qədər yanasıdır, sönməz bu təndir” dedilər.

“Sən Məhəmməd aşiqisən, ilhama ver ömrü-günü, Peyğəmbərdən divan bağla, Haqqı sevindir” dedilər.

* * *

Arım əgər yaxşı olsa, balım Bağdaddan gələr, Könülləri doydurmağa təam gəldi, qismət gəldi.

Haram toxum çürüyəcək, nə bitəndi, nə bar verən,

Halallara halallıqdan halal olan qismət gəldi.

Haqqı gedib tapmaq üçün Haqq yolunda itmək gərək, Nəm torpağın altında da ona Haqdan qüvvət gəldi.

Qisməti verən Allahdı, Tanrı hər sirdən agahdı, Doxsan doqquz min müridlə ona qədir-qiymət gəldi.

Mən Əhməd Yəsəvi, bilmək istəsən, Peyğəmbər şəhrinin yoluyam, – dedi. Yandım bu yollarda, bişdim, əridim, Quranla, ayətlə doluyam, – dedi.

İslama, imana özüləm, himəm, Yanan ürəkləri titrədən siməm, Sevdiyim bir ad var, onsuz mən kiməm? – Onunla uludan uluyam, – dedi.

Yoğurdum özümü, yapdım özümü, Dağ kimi dağıdıb, çapdım özümü,

Mən onda itəndə tapdım özümü, Allah Rəsulunun quluyam, – dedi.

Peyğəmbərlə göydə nurtək qoşalaşdı Yüz otuz il ömür sürən mürşidimiz. Ürəyini açdı bizə süfrə kimi, Qəlb gözüylə Haqqı görən mürşidimiz. Yer üstündə altmış üç il yaşadı, Yer altında altmış yeddi il yaşadı. Qoşalaşdı onun böyük varlığında, İslam adlı müqəddəs din qanadlandı, Türk adında mübarək bir dil yaşadı; Hər çəkəndə Peyğəmbərin gül adını Gözlərində dalğa-dalğa göl yaşadı. Bir yol seçdi min bir yolun arasından, Peyğəmbərin yollarına çıraq tutan, Yaradana gedib çatan yol yaşadı.

Allah! Allah! Bu nə sevgi, aman, ey Əhməd Yəsəvim,

Dedin ancaq onunkudur qəlb işığım, könül evim. Mən də sevdim Peyğəmbəri, heç bilmədim necə sevim, Mən də sevdim Rəsulumu, sənintək sevə bilmədim.

Aslan baba adı ilə Yəsiyə bir həbəş gəldi, Səhabənin ürəyində Quran boyda Günəş gəldi, Bir xurmanın toxumunda Haqdan yanan atəş gəldi, Mən də sevdim Rəsulumu, sənintək sevə bilmədim.

Tam dörd yüz il sonra çatdı Peyğəmbərin əmanəti, O xurmada sirri vardı sirr yuvası təbiətin. Eşq ucundan diri-diri yer altına girmək çətin, Mən də sevdim Rəsulumu, sənintək sevə bilmədim.

Çıxdın insandan Allaha, endin Allahdan insana, Rəbbim dedin, nəbim dedin, bir şam kimi yana-yana. Tanrı səni Peyğəmbərçün bəxş eylədi Türküstana, Mən də sevdim Rəsulumu, sənintək sevə bilmədim.

Peyğəmbərə sevgi səndə, nizam səndə, biçim səndə,

Yollar çoxdu, ən doğru yol, ən ağıllı seçim səndə. Min ildir ki, qarışmışıq, ruhum səndə, içim səndə, Mən də sevdim Rəsulumu, sənintək sevə bilmədim. Səndən ötrü ruhda, səsdə, ilikdə, qanda Peyğəmbər, Təpədən-dırnağa kimi, nəfəsdə, canda Peyğəmbər. Başdan-başa hikmət olan ulu “Divan”da Peyğəmbər, Mən də sevdim Peyğəmbəri, sənintək sevə bilmədim.

O, BAQİDİ, BİZ FANİYİK

Peyğəmbər Məhəmməd Fateh Məhəmməd Füzuli Məhəmməd

Yenə salavat çəkib, salam verirəm sənə, Peyğəmbər Məhəmmədim! Hər sözü, hər kəlməsi Təzə-tər, Məhəmmədim! Canı da, cövhəri də halaldan mayalanmış, Saçından dırnağına işıq, zər Məhəmmədim! Əxlaqda, tərbiyədə, əqidədə, inamda Möhtəşəmlər zirvəsi, mötəbər Məhəmmədim! Bütün həyatım boyu Sənin nurunla dolub, sənin eşqinlə yandım, Nə sevməkdən yoruldum, nə öyməkdən usandım. Zülməti, qaranlığı çilçırağa döndərən, Ruhunun təmizliyi qardan ağ Məhəmmədim! Yer üzündə nə qədər əlçatmaz zirvələr var, Hamısından ucada qarlı dağ Məhəmmədim! Məhəbbətin eşqinə,

Mərhəmətin gücünə, Qaldırmısan ortadan sərhədləri, sədləri. Özünə bağlamısan Səndən sonra doğulan bütün Məhəmmədləri! İslamın gəlişindən min il sonra doğulan Fateh Məhəmmədin də səndən gəlir mayası; Fatehim İstanbulun fəthini görən kimi, Səndən gəldi birinci onun xeyir-duası. Sən Məkkənin fəthində oxuduğun duanı O, İstanbul fəthini görən günü oxudu! Kökü səndən nurlanan Bir zəfər çələngini öz əliylə toxudu! “Nə böyük sərkərdədi İstanbulu alan kəs, Nə xoşbəxt döyüşçüdü orda vuruşan əsgər!” – Bu ilahi kəlmələr On əsr əvvəl çıxıb sənin nurlu dilindən. On əsr sonra gəlib, burda çalıbdı zəfər! Sanki, o gün açıldı türkün bəsirət gözü, Yollardan yığdı Fateh İstanbula boylanan yollara həsrət gözü.

İslam adlı imanın istədiyi buydu, bu, Həzrəti Məhəmmədin Düz on əsr yol gələn sönməz arzusuydu bu! O çalınan zəfərdə qüvvət tapdı daha da iman və din varlığı. Göstərdi öz gücünü Türkün tükənməz ağlı, Ağ Şəmsəddin varlığı!!! Düz min il bundan əvvəl Məhəmməd peyğəmbərin Yenilməz bayraqdarı Əbu Əyyub Ənsari şəhid olmuşdu burda. Onun mübarək ruhu Çırpınırdı quş kimi Fatehin ürəyində yanan işıqda, nurda! Əmr verdi Fatehim: “Ənsari məzarını axtarın, tapın!” – dedi. “Dağ altında olsa da, Üzə çıxarmaq üçün dağları çapın!” – dedi. “O zata olmalıdır birinci ziyarətim, Hər gün coşub, qaynayıb O şəhid bayraqdara rəğbətim, məhəbbətim!” Tapdılar o məzarı! İyirmi bir yaşlı Fateh Əyildi ehtiramla, baş əydi qəbrə sarı.

Ona “Yasin” oxudu, ruhuna bağışladı Allahın kəlamını. O, bu ziyarətiylə Yetirmişdi yerinə Həzrəti Məhəmmədin arzusunu, kamını. O gün çalınan zəfər Peyğəmbərə bağlanan ümmətin zəfəriydi! Saf imandan güc alan millətin zəfəriydi! Ağlın, eşqin, idrakın, hikmətin zəfəriydi! Bilgə Xaqandan gələn, Oğuz xanla yüksələn şöhrətin zəfəriydi! Peyğəmbər məktubuyla Bizans imperatoru Heraklisi islama dəvətin zəfəriydi! Peyğəmbərin arzusu Türkün yenilməz oğlu Məhmətin zəfəriydi! Ey mənim Peyğəmbərim! Təkcə fatehlərin yox, Fateh şairlərin də eşqinin əsərisən, Ağlının itiliyi, sözünün kəsərisən. Sənin eşqinlə yanan, Fələklərə boylanan, Qapısını dərd, ələm, bir də küləklər açan, İslam şəhidlərinin yollarına nur saçan,

"Heyrət, ey büt!.." deyəndə söz heykəlinə dönən, Dilimizin dürrünə, parlaq ləlinə dönən, Bütün həyatı boyu şəhid İmam Hüseynin qəbrinə çıraq tutan, Nəfsini bu dünyanın Sərvətindən, zərindən, Ləlindən, gövhərindən həmişə qıraq tutan, Məhəmməddən, Əlidən, imamların ruhundan Fəhminin hünəriylə hər gün səs-soraq tutan, Bir əlində qələmi, birində varaq tutan, Sevgi dolu camını, Könül adlı şamını, Eşqini, ilhamını Saçından dırnağına, kökündən budağına, Ürəyindən gözünə, dilindən dodağına Peyğəmbərə bəxş edən, Allahın yaratdığı ilahi şeiriyyəti İnci kimi, dürr kimi könüllərə nəqş edən Füzulidən soruşdum ki, adın, soyadın necədi? Dedi: "Yaşım dünənkidi, adım çox-çox əzəldəndi. Dilim yanıb külə dönər, desəm adım Məhəmməddi,

Bir Məhəmməd tanıyıram, hər müşkülü düzəldəndi.

Onun adı gələn yerdə öz adımı unutmuşam, O mənimçün dolu toxum, dolu sünbül, gözəl dəndi.

O, baqidi, mən faniyəm, dərya odur, qətrə mənəm, Onun ömrü bahar ömrü, mənim payım xəzəldəndi.

Nəyi desə, onun sözü tək Allahın sözləridir, Mən yazdığım öz sözümdü, qəsidədən, qəzəldəndi.

Neyləyirsən nədir adım, "Şəbi-hicran"dı fəryadım, Mənim yanğım köz baxışdan, köz ürəkdən, köz əldəndi.

Mən nə yazdım, nə yazmışam, ancaq onun eşqinədir, Deməsinlər elə sözü gözəllikdən, gözəldəndi.

Onun adı gələn yerdə mən əriyib yox olmuşam, Mən mənə Füzuli dedim, demə adım Məhəmməddi.

Bağdadda da, Bayatda da, vətəndə də, qürbətdə də,

Ruhum, canım, eşqim, gücüm, qol-qanadım Məhəmməddi.

Varlığına tapınmasam, bu dünyada var olmazdım, Şeirim, sözüm, səsim, ünüm, istedadım Məhəmməddi.

Quranının qurbanıyam, ayəsinin heyranıyam, Şəkərim, şərbətim, balım, tamım, dadım Məhəmməddi”.

QİYAMƏT

* Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır! * O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur! * O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir! (“əl-Qiyamə” surəsi, 11-13-cü ayələr)

“Qiyamət nə zaman qopacaq?” – demə, Hər gün qiyaməti qopur dünyanın. Harınlar, haramlar, haramzadələr Sağını, solunu çapır dünyanın. Xəbis sifətlilər, İblis donlular Evini kökündən yıxır dünyanın. Həyatın sonunu dərk etməyənlər, İblis niyyətini tərk etməyənlər Hər gün axırına çıxır dünyanın. Qiyamət gözləmə, ey insan oğlu, Hər gün qiyamətdi, hər gün qiyamdı.

Hər gün ləyaqətin sinəsi dağlı, Hər gün həqiqətin qolları bağlı. Yıxılan saraydı, sökülən damdı, Hər gün qiyamətdi, hər gün qiyamət. Şərdi şeytanınkı, məhəbbət deyil, Nifrət müsibətdi, mərhəmət deyil. Hər açılan süfrə ziyafət deyil, Ağılı plovdu, zəhərli camdı, Hər gün qiyamətdi, hər gün qiyamdı. Böyük qiyamətə hazırlıq görür Xırda qiyamətlər, xırda qiyamlar. Yandırır insanı qır qazanında, Görür öz işini qırda, qiyamlar. Qiyamət deyilmi bu yer üzündə Ağrının, acının ərşə çatması? Böyük qiyamətə möhlət dövrüdür Allahın bu qədər vaxt uzatması! Axır su yerinə tökülən qanlar,

Qanı ara yerdə batan cavanlar, Əzilən kəllələr, kəsilən başlar, Hələ də kəsməyən qanlı savaşlar, Dumanlı talelər, tapdanan haqlar, Qırılan ümidlər, sönən ocaqlar, Yetim uşaq kimi sıxılan evlər, Bağlanan qapılar, yıxılan evlər Böyük qiyamətə aparır bizi. Nifrət ildırımı, qəzəb şimşəyi Çəkib kökümüzdən qoparır bizi. Pislik yarışıdır gedən dünyada, Hələ ki yaxşılıq yarışı yoxdur. Dillərin, dinlərin, əqidələrin Savaşı olsa da, barışı yoxdur. Qana bələnməmiş yazıq torpağın Yoxdu bir addımı, qarışı yoxdur. Göy göyə çəkilib, yer yerə batıb Güllə yağışından, silah əlindən.

Çaylar təmizləməz, dənizlər yumaz, Oğulsan, təmizlən günah əlindən. Nə biz əyləşirik, nə o dayanır, O bizə, biz ona yaxınlaşırıq. Qiyamət deyilən, məşəqqət deyən Bir həddə, bir sona yaxınlaşırıq. Qiyamət gününə, məhşər vaxtına Mömin – dilindəki şükürlə gedir. Yenə Allahına ibadətdədir, Duayla, səcdəylə, zikrlə gedir. İşıqlı ürəklə, ağıllı başla, Halal düşüncəylə, fikirlə gedir. Kafiri yenə də şeytan aldadır, Tanrı hüzuruna, Allah taxtına Nifrətlə, qəzəblə, məkrlə gedir. Kiflənir varlığı kir, pas içində, Məhşər ayağına bu kirlə gedir. Cəhənnəm mələyi çağırır onu,

Gör orda nə gündə, nə zillətdədir. Cənnətin qapısı möminə açıq, Möminlər yenə də gözəl əməldə, Aqillər yenə də fəzilətdədir. Günahla gedənlər məşəqqət çəkir, Savabla gedənlər şərafətdədir. Sözün nəsihətdi, ya Peyğəmbərim! Fikrin həqiqətdi, ya Peyğəmbərim! And olsun sən deyən o qiyamətə, And olsun sevgiyə, eşqə, hörmətə, Tanrı məqamında, Allah yanında Möminlə kafirin yeri, məqamı, Sözü, mərtəbəsi bir olmayacaq! Başa çəkiləcək mömin bəndələr, Kafirə heç yerdə yer olmayacaq! Hər kəs dərk edəndə öz əməlini Heç kəsdə bir gizlin sirr olmayacaq! Cəhənnəm işidi böhtan da, şər də,

Cənnət dünyasında şər olmayacaq!

Yurdu bu dünyada pir olmayanın Yeri o dünyada pir olmayacaq! Ey günah sahibi, qoymurdun yaxın, Deyirdin yalandı məhşər, qiyamət, Deyirdin yalandı, sur olmayacaq! İsrafil surunu götürüb indi, Kafirlər başında tufan qopanda Allahdan işarə, imandan nişan, Səndə bircə damla nur olmayacaq! Azad gəzməyinə bir qarış məkan, Rahat yatmağına gor olmayacaq! And olsun Peyğəmbər mərhəmətinə, And olsun Peyğəmbər məhəbbətinə, Göylərin üzündə Ay tutulanda, Gözün bərələcək zülmət içində. Vaxtın olmayacaq təmizlənməyə,

Qəlbin çırpınacaq xiffət içində. Daha xilas yolu tapılmayacaq, Hayana qaçsan da dəhşət içində. Yığışdır özünü, ey insan oğlu, Yaxşı aç gözünü, ey insan oğlu! Səs gəldi yetişdi, ün gəldi çatdı, Budur, istəsən də, istəməsən də, Qiyamət deyilən gün gəldi çatdı, Boşuna deyilmir qiyamət günü, İntiqam günüdür, qəzəb günüdür. Xilaskar olanın toyu, bayramı, Günahkar qalanın əzab günüdür. Seçilər əməlin pisi, yaxşısı, Tərəzi qurulub, hesab günüdür. Əyrimi, doğrumu, yaxşımı, pismi? – Bütün sualların cavab günüdür.

Tanrı varlığına şəkk edənlərin,

Əslinə, nəslinə, halına vay, vay! Sabah daş üstündə daşı qalmayan, Yığılan mülkünə, malına vay, vay!

Kafirin qazancı gəlməz karına, Lənət qazancına, lənət varına! Solan bağçasına, solan barına, Dəyməmiş tökülən kalına vay, vay!

Atəşdə kül oldu, sərinləşmədi, Ağlı dayaz oldu, dərinləşmədi, Heç zaman acısı şirinləşmədi, Zəhərə çevrilən balına vay, vay!

Nə yaxşı ki, bir qorxu var, adı – qiyamət qorxusu! Nə yaxşı ki, bir qorxu var, odu – qiyamət qorxusu! Söz eşitməz, rüşvət almaz, qohum bilməz, yad tanımaz, Seçməz orda bir tanışı, yadı – qiyamət qorxusu!

Yüz yerindən yara açar, yoxlar – qiyamət qorxusu!

Dözümünü, iradəni yoxlar – qiyamət qorxusu! Nə durmağa bir yer olar, nə qaçmağa sığınacaq, Ən pis gündə qəfil səni haqlar – qiyamət qorxusu!

Dünya səni atıb gedər, çiynində bir yük saxlamaz, Ağzında bir salamat diş, başında bir tük saxlamaz. Qiyamətin işgəncəsi işə salar var gücünü, Bədənini əzər-tökər, sınmamış sümük saxlamaz!

Nə yaxşı ki, hər könüldə dərd yükü, qəm əzabı var, Nə yaxşı ki, gözdə nisgil, kirpikdə nəm əzabı var, Nə yaxşı ki, mömin üçün yaşıl cənnət seyrəngahı, Nə yaxşı ki, kafir üçün bir cəhənnəm əzabı var.

Bir kimsə ki, alammadı Allahından rizasını, Hardan bilsin kim yaradıb onun min bir əzasını?! “Məndən yan keçdi” deyənin bağışlanmaz bir səhvi var, Darıxmasın, çəkdirəcək Rəbbim ona cəzasını!

“ALLAHU-ƏKBƏR!”

Ucaldım Allaha, endim insana, Sirli-soraqlıdır “Allahu-Əkbər!” Açar qapıları eşqin üzünə, Nurdan çıraqlıdı “Allahu-Əkbər!”

Bu uşaq, bu cavan, bu qoca dünya, Sirr dünya, pir dünya, tapmaca dünya, Onun hökmündədi bu uca dünya, Uca növraqlıdır “Allahu-Əkbər!”

Sevinc kitabı var, dərd kitabı var, Qanunun, qaydanın sərt kitabı var, Hələ bizə çatan dörd kitabı var, Min-min varaqlıdır “Allahu-Əkbər!”

Bir ələ güc verib yüz əl eyləyər, Yazı gül, payızı xəzəl eyləyər, Neyləsə, həmişə gözəl eyləyər, Haqqı var, haqlıdır “Allahu-Əkbər!”

ƏLHƏMDÜLİLLAH!

Çaldım öz havamı bir kitab üstə, Dil verdim sazıma, Əlhəmdülillah! Haqqın özü vurdu naxışlarını Xəttimə, yazıma, Əlhəmdülillah!

Nurlandım işıqda, yandım ocaqda, Söz canda isindi, dua dodaqda. Qələm də, dəftər də, şam da, çıraq da Dözdülər nazıma, Əlhəmdülillah!

Sözümü eşq dedi, məhəbbət dedi, “Sevgi – hərəkətdi, hərəkət!” dedi, Tanrım, nə yazdımsa “bərəkət” dedi, – Çoxuma, azıma “Əlhəmdülillah!”

Ruhum ipək oldu, duyğum tül oldu, Sirdaşım sirr dolu bir könül oldu. Eşqim qönçələndi, qönçəm gül oldu,

Gül açan yazıma Əlhəmdülillah!

Məndən salam olsun ulu dərgaha, Tapındım Tanrıya, yetdim Allaha. Ölsəm də bir zərrə dərdim yox daha, Çatdım murazıma, Əlhəmdülillah!

İLAHİ

Peyğəmbər qəlbindən üzə nur çilə, Bizim çöhrəmizi güldür, İlahi! Bağlı qapıları aç üzümüzə, Sirləri bizə də bildir, İlahi! Haqqa ümidləri qırılmaz elə, Şeytan arzusunu soldur, İlahi! Çıxart içimizdən iblis məkrini, Məhəmməd şövqüylə doldur, İlahi! Mələk mərtəbəsi, Peyğəmbər yolu Ən dürüst, ən doğru yoldur, İlahi!!!

ALLAH İSTƏSƏ!

Allahdan istədim öz kitabımı, Yox yerdən var olar, Allah istəsə! Bir qəlbin telində min səs dillənər, Dünyaya car olar, Allah istəsə!

Nəqqaşı Tanrıdı bu naxışların, Yükü buluddadı gur yağışların. Barlı payızların, qarlı qışların Sonu bahar olar, Allah istəsə!

Dar bir mağarada dil açar mələk, İnsana hökmünü göstərər fələk. Daşlar gül bitirər, qayalar çiçək, Qum üstə bar olar, Allah istəsə!

Milyonlar can atar bir haca doğru, Hac adlı bir eşqə, bir taca doğru.

Möminlər ucalar meraca doğru, Kafirlər xar olar, Allah istəsə!

Zərrəni bir dünya, daşı zər eylər, Yerlərə, göylərə şad xəbər eylər, Yetim bir uşağı peyğəmbər eylər, Yarsıza yar olar, Allah istəsə!

Elə bu əsərlə vurar möhrünü, Zəlimxan var olar, Allah istəsə! Yeri gülzar olar, Allah istəsə!!!

0.0.20

ŞƏRHLƏR

1. Peyğəmbər (s.ə.s.) Hz.Əbu Bəkri “Siddiq” (doğru danı- şan) adlandırırdı. 2. Əbu Süfyan – Peyğəmbərə düşmən olan Məkkə müşrik- lərinin başçısı idi. 3. Əbu Ləhəb – Peyğəmbərin əmisi olsa da, onunla düşmən olanların məşhurlarındandır. Əsl adı Əbd əl-Üzzədir. Qurani-Kərimin “Əbu Ləhəb” surəsinin 1-ci ayəsində belə qarğanmışdır: “Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” 4. Əbu Cəhl – Məkkə müşrikləri arasında Peyğəmbərin ən böyük müxaliflərindən biri. 5. Müaviyə – Əməvi xəlifəsidir. Əbu Süfyanın oğludur. 6. Mərvan – I Mərvan nəzərdə tutulur. Əməvi sülaləsin- dəndir. Hz.Hüseynə qarşı zor tətbiq edilməsi barədə vali Ütbəyə göstəriş vermişdir. 7. Yezid (Yəzid) – Əməvi xəlifəsidir. Müaviyənin oğludur. Hz.Hüseynin qətlinə fərman vermişdir. 8. Hüdeybiyyə müqaviləsi hicrətin 6-cı ilində Hz.Məhəmməd və Sühməl b. Əmr arasında imzalanmışdır. 1 maddədən ibarətdir. Qurani-Kərimin “əl-Fəth” surəsi Hz.Peyğəmbər Hüdeybiyyədən qayıdarkən nazil olmuşdur. 9. Hicrətin 2-ci ilində Bədr savaşında Peyğəmbərə verdiyi vədi pozan bəni-Qüreyrə qəbiləsi nəzərdə tutulur. 1. Hicrətin 3-cü ilində Ühüd dağında baş vermiş tarixi savaşa işarədir. 1. Hicrətin 8-ci ilində 3 minlik müsəlman ordusunun 2 minlik düşmən ordusuyla savaşının nəticəsinə işarədir. 1. Hicrətin 6-cı ilində Peyğəmbərə sadiq olacağına söz verən bəni-Qüreyrə qəbiləsi Xəndək savaşında da Allahın elçisinə dönüklük etdi. 1. Hicrətin 7-ci ilində baş verən hadisələrə işarədir. 1. “Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Səni şaşqın (uşaq vaxtı Məkkə vadisində azmış) vəziy-

yətdə tapıb yol göstərmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!” (“əz-Zuha” surəsi, 6-8-ci ayələr). 1. “(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnət- dəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik!” (“əl-Kövsər” surəsi, 1-ci ayə). 1. “(Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adın çəkil- dikdə isə həmişə salavat deyiləcəkdir!)” (“əl-Kövsər” surəsi, 3-cü ayə). 1. “(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında sən- dən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur)” (“əl-İxlas” surəsi, 1-ci ayə). 1. Bilal – ilk müəzzindir. Həbəşdir. İslamı ilk qəbul edən- lərdən biri olub. 6 il yaşayıb. Məzarı Hələbdədir. 1. “Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyir- lidir!” (“əl-Qədr” surəsi, 3-cü ayə). 2. Qurani-Kərimdə Hz.İbrahimin dilindən söylənmiş duaya işarə olunur: “(Onlar yenə dedilər: ) “Ey Rəbbimiz! Onla- rın (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Quranı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin! Həqiqə- tən, Sən yenilməz qüvvət, hikmət sahibisən” (“əl-Bəqərə” surəsi, 129-cu ayə). 2. “Hədisi-Şərif”: “Anamın da röyasıyam ki, mənə hamilə olduğu zaman yuxusunda özündən bir nurun çıxdığını görmüşdü”. 2. Təbərinin bildirdiyinə görə, Hz.Peyğəmbərimiz doğu- larkən səcdə halında dünyaya gəlmişdir. 2. Hz.Peyğəmbərimizə Süveybə xanım süd vermişdir. Süveybə xanım Hz. Həmzənin də süd anası olub. 2. Hz.Peyğəmbərin başqa bir süd anası Həlimə xanımdır. Həlimə xanım bəni-Sad qəbiləsindəndir. 2. Əbdülmüttəlib (Əbd əl-Müttəlib) – Hz.Peyğəmbərin babası.

2. Nur dağındakı Hira mağarasında Hz. Peyğəmbərə “əl- Ələq” surəsinin ilk beş ayəsi nazil olmaqla Qurani-Kərim yer üzünə müjdələnmişdir: “(Ya Peyğəmbər! Qurani- Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi”. 2. Əbrəhə – Yəməndə həbəş valisi idi. Hz.Məhəmmədin dünyaya gəldiyi ildə (5 və ya 571-ci il) Məkkəyə hücum edib Kəbəni dağıtmaq istəmişdi. Ordusunda fillər olduğuna görə, bu il tarixdə “Fil ili” adı ilə məşhurdur. Qurani-Kərim bildirir ki, Allah Əbrəhənin qoşununun üstünə qatar-qatar Əbabil quşları göndərmiş və bu quşlar onlara bişmiş gildən düzəldilmiş daşlar atmışdı. 2. “Əl-Adiyat” surəsinin 3-cü ayəsinə işarə olunur. 2. Abbasqulu ağa Bakıxanov 1846-cı ildə həcc ziyarətindən qayıdarkən “Vadeyi-Fatimə” adlanan ərazidə Haqqa qovuşmuş və elə orada da dəfn edilmişdir. 3. Əbülhəsən Raci 1876-cı ildə həcc ziyarətindən geri qayıdarkən Qırmızı dənizdə batmışdır. 3. Hz.Məhəmmədin zahiri görkəmini təsvir edərkən M.A.Köksal İbn İshaqa, İbn Sada, Tirmiziyə və b.-na istinad edir (Mustafa Asim Köksal, “İslam tarixi”, cild 8, səh. 300). 3. Hz. Xədicənin köləsi olmuş Zeydə işarədir. Hz.Peyğəmbər Zeydi köləlikdən azad edərək onu oğulluğa götürmüşdür. 3. Qüreyş müşrikləri aylı bir gecədə Hz.Peyğəmbərdən möcüzə istəmişdilər. Hz.Peyğəmbər barmağı ilə Aya işarə etmiş, Ay ikiyə bölünüb şəhadət gətirmiş və yenidən bütövləşmişdi. 3. Məhəmmədə hələ peyğəmbərlik verilməzdən öncə mək- kəlilər Kəbəni təmir etmişdilər. Təmir zamanı Həcərül- Əsvədi (qara daş) yerinə kimin qoyacağı məsələsində qəbilə başçıları arasında mübahisə yaranmışdı. Məxzum qəbiləsindən qoca bir kişi Qüreyş başçılarına təklif edir ki, bu məsələdə Babus-Səlamdan daxil olan ilk şəxsin

hökm verməsinə razılaşsınlar. Onun təklifi qəbul edilir. Qapıdan ilk daxil olan qüreyşilərin əl-Əmin adlandır- dıqları Məhəmməd olur. Beləliklə də o, əbasını yerə sərir. Qara daşı onun üzərinə qoyurlar. Sonra isə hər qəbilədən bir nəfər ağsaqqal əbadan yapışaraq onu Kəbənin diva- rının yanına gətirirlər. Sonda isə Məhəmməd daşı götürüb öz yerinə qoyur. 3. Həcərül-Əsvədin əvvəllər bir mələk olması qənaəti din tarixində yayğın bir fikirdir. 3. Buraq – Peyğəmbəri meraca aparan at. 3. Tuba – Cənnətdə bir ağacdır. Xoşbəxtlik rəmzi kimi tanınır. 3. Kəbədə olmuş büt adları. 3. Kəbədə olmuş büt adları. 4. Kəbədə olmuş büt adları. 4. Əbdürrəhman ibn Mülcəm – hicrətin 40-cı ilində Rama- zan ayında Hz.Əlini məsciddə zəhərli qılıncla ölümcül yaralamış xarici. 4. Əbuzər – ilk müsəlmanlardan biridir. Təqvası ilə məş- hurdur. 4. Salman Farsi – əslən isfahanlıdır. Atəşpərəstlər nəslin- dəndir. Sonralar xristian olmuşdur. İslam dinini qəbul edəndən sonra misilsiz islam böyüklərindən birinə çev- rildi. Hz. Məhəmməd onun haqqında “Salman biz əhli- beytdəndir” deyib. 4. “Əl-Qələm” surəsinə işarədir. 4. Burada Əbülqazı Bahadur xanın “Şəcəreyi-türk” əsərinə istinad olunub. 4. Bu hədis Mahmud Kaşğarlının “Divani-luğət-it türk” əsərində verilib. 4. Burada böyük türk alimi Fuad Köprülünün “Türk ədəbiy- yatında ilk mütəsəvvüflər” kitabına istinad olunub.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.