Əsas məzmuna keç

Müxəmməs

Pərişan halin oldum, sormadın hali-pərişanım

Məhəmməd Füzuli

1

Pərişan halin oldum, sormadın hali-pərişanım, Qəmindən dərdə düşdüm, qılmadın tədbiri-dərmanım, Nə dersən, ruzigarım böyləmi keçsin, gözəl xanım! Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım!

Əsiri-dami-eşqin olalı, səndən vəfa görmən, Səni hər qanda görsəm, əhli-dərdə aşina görmən, Vəfavü aşinalıq rəsmini səndən rəva görmən, Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım!

Dəgər hər dəm vəfasız çərx yayından mənə bir ox, Kimə şərh eyləyim kim, möhnətü ənduhü dərdim çox, Sənə qaldı mürüvvət, səndən özgə hiç kimsəm yox, Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım!

Gözümdən dəmbədəm bağrım əzib yaşım kimi getmə! Səni tərk etməzəm çün mən, məni sən dəxi tərk etmə! Ikən həm zalım olma, mən kimi məzlumi incitmə! Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım!

Qatı könlün nədən bu zülmilə bidadə raqibdir, Gözəllər nisbəti olmaz cəfa, səndən nə vacibdir? Sənin tək nazəninə, nazənin işlər münasibdir, Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım!

Nəzər qılmazsan əhli-dərd gözdən axıdan seylə, Yamanlıqdır işin üşşaq ilə yaxşımıdır böylə? Gəl, Allahı sevirsən, aşiqə cövr etmə, lütf eylə, Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım!

Füzuli şiveyi-ehsanın istər, bir gədayindir, Dirildikcə sənin kuyin yolunda xaki-payindir, Gərək öldür, gərək qoy, hökm – hökmün, rə’y – rə’yindir, Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım!

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.