Əsas məzmuna keç

Müxəmməs

Pəri

Aşıq Ələsgər

1

Qafil pəncərədən baxdın, Elədin yüz qan, a Pəri! Qaşlarının təhərini Bənzətdim kamana, Pəri! Neçə-neçə aşıqlara Çəkdirdin aman, a Pəri! Şah kimi taxtda əyləşib, Eylərsən divan, a Pəri! Yerə, göyə hökmün işlər, Sənsən Süleyman, a Pəri!

Başında bir dəstə gözəl Bağçanı seyran elədin; Nərgiz ilə bənövşəni Qəddinə heyran elədin; Sallandın məclisimdə, Bir dəli dövran elədin; Çəkib almaz kirpiyini Bağrımı şan-şan elədin; Öz əlinlə, gəl, yarama Sən eylə dərman, a Pəri!

Geyinibsən yeddi qələm, Bürünübsən şalı göyçək; Tumanın darayıdandı, Kəmərçinin alı göyçək; Yanaqların güldən təzə, Zənəxdanın xalı göyçək; Qoynun əttar dükanıdı, Ləblərinin balı göyçək; Qənd əzilib dilə, dişə, O qönçə dəhana, Pəri!

Gəlməyib yer üzünə Belə yaman bəla, bilin; Onu görən kimsələr Düşər yüz xəyala, bilin; Gözləri qan salıbdı Böyük bir mahala, bilin; Tökülüb şahmar zülfü Çin-çin qəddi dala, bilin; Boyundan xəcalət çəkir Sərvi-xuraman, a Pəri!

Gözəl xanım, pişvazına Neçə-neçə can yeridi; "Əhsən, əhsən!" deyib, yerdə Səf çəkib insan yeridi; Göydə huri, pəri, mələk, Behiştdə qılman yeridi; Cümləsi gül qədəminə Olmağa qurban yeridi; Belə də mürvət olarmı, Baxmadın qurbana, Pəri!

Süzürsən sona kimi Yaylıq alıb ələ, gəlin! Qurşanıb gümüş kəmər Nazik, incə belə, gəlin! Götürüb şirmayı şana, Sığal verdin telə, gəlin! Çoxunu Məcnun elədin, Saldın çöldən-çölə, gəlin! Bir bu qədər zülm eləmə Nahaqdan insana, Pəri!

Ələsgər aşiq olubdu Qaşının tağına sənin; Laləni xəcil eyləyən Gülgəz yanağına sənin; Kim dözərdi, mən dözürəm Dərdü fərağına sənin; Şəfa deyin ümid bildim, Gəldim ayağına sənin; Mərhəmət eylə, "get" demə Mən qərib mehmana, Pəri!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.