Pərdədə
Aşıq, bir qaydalı “Kərəmköçdü” çal, Duyğular alışsın neçə pərdədə. Amandı, dilbilməz saza dəyməsin, Endirər havanı heçə pərdədə.
Saxlasın aşiqin dolu dilləri Göydə durnaları, yerdə selləri. Elə göynədəsən gərək telləri, Kərəm yanğısını keçə pərdədə.
Fürsət tez keçəndə az düşür ələ, De görüm, dağlarda neyləyir lələ. “Şah pərdə” şahını gözləsin hələ, Yandır Zəlimxanı “Beçə pərdə”də.
1975, 3 oktyabr