Pekində görüş
7 mart. Doludur könlüm maraqla, Coşan vədəsidir damarda qanın. Pekin sarayında bir təmtəraqla, Himni qanadlanır Azərbaycanın!
Goru nurla dolsun Əhməd Cavadın, Qəbri nurla dolsun Üzeyir bəyin. Ritmini, səsini nə gözəl tapıb, Ağlın, düşüncənin, qəlbin, ürəyin.
Bəstəkar eşqinin, şair qəlbinin, Nə yerdə, nə göydə sərhədi yoxmuş. Allah qüdrəti var sözün canında, Sözün qarşısında Çin səddi yoxmuş!
Baxıram, sevincdən gözlərim dolur, Ruhumda, könlümdə uşaq heyrəti. Ən uca zirvələr fəth etmək olar, Səfərbər olanda xalqın qeyrəti!
Səsim dalğalanır, sözüm səslənir, Göyün sinəsində, yerin təkində. Xalqıma ən böyük hörmət bəslənir, Bakı havası var bu gün Pekində!
Sevgiylə doluyam başdan-ayağa, Yaylım atəşiyəm, marş sədasıyam. Mən bu sevincimlə verib səs-səsə, Bütün əsrləri, qərinələri, Bütün nəsilləri oyadasıyam!
Eheey! Qarı düşmən, ayıl, fikirləş, Baxma Azərbaycan od içindədir! Onun ağsaqqalı qalxıb ayağa, Dünən Londondaydı, bu gün Çindədir!
Seçilir gurlayan səslər içində, Demə ki, əriyib batır səsimiz. “Hər sözün siqləti dönür bir tona!” Parisə, Dehliyə, Vaşinqtona, Pekinə, Şanxaya çatır səsimiz! Demə ki, əriyib batır səsimiz!
Bu səsdən güc alıb, Azərbaycanın Dərdini dən kimi üyütmək olar! Bu yurdun mənəvi sərhədlərini Dünyanın ən uzaq nöqtələrində, Dünyanın üzütək böyütmək olar!
Bu səs min illərin dərinliyindən, Torpağın ən dərin qatından gəlir. Qədim bir millətin qədimliyindən, Əslindən, kökündən, zatından gəlir!
Ey bu gün mənimlə dost olan ölkə, Döndər yollarını Çin ipəyinə. Ürəkdən inanım mən bu dostluğun, Nurlu sabahına, gələcəyinə!
Düşməni çox olan bir məmləkətin, Dostu da həmişə çox olmalıdır. Sevgilər, istəklər qucaqlaşanda, Arada Çin səddi yox olmalıdır!
Siyasət elmində sərkərdələr var, Yeni qat qaldırır, təzə lay açır. Oğul var, dünyanın qapılarını, Dünyanın üzünə taybatay açır!
Allaha yaxındır şairin səsi, Sən bu qapıları bağlama, Tanrım! Dost-düşmən içində sındırıb bizi, Sonra bizdən ötrü ağlama, Tanrım!
Qartalam dünyanın xəritəsində, Fikrimə, arzuma sınmaz qanad ver. Sinəm dar gələndə duyğularıma, Eşqimə hüdudsuz bir kainat ver!
Şairin qüdrəti dahiliyində, Sözün ləyaqəti kəsərindədir. Min illik heykəli Çin gözəlinin, Dahi Nizaminin əsərindədir!
Yatmır dahiləri qoca dünyanın, İlham zaman-zaman iş başındadır. Bu ulu torpaqla Azərbaycanın, Dostluğu tarixin yaddaşındadır!
Uzaqdan çağırdı ziyarətinə, Qədim məbəd bizi, qara daş bizi. Yenidən bağladı bir-birimizə, Nizamidən gələn bu yaddaş bizi!
Çin səddi yol verdi öz sinəsindən, Keçilməz keçidlər keçilən oldu. Min görüşə dəydi bir görüş günü, Bütün görüşlərdən seçilən oldu!
Atılan imzalar, sıxılan əllər, Duyğular selində aşıb-daşırdı. Hər sözün başında iki məmləkət, İki qardaş kimi qucaqlaşırdı!
Alışır qoynunda alın-qumaşın, Bu yer başdan-başa sərvətdi, zərdi. Çinin ipəyini yollara sərsən, Dünya başdan-başa ipəkləşərdi!
Gözüm işıqlandı bu mənzərədən, Gördüm qələmimdə güc, hərəkət var! İlhamın gözüylə baxdım dünyaya, Harda ilham varsa, orda sənət var!
“Susma, nə durmusan, din” – dedi mənə, “Sözün Qıratını min” – dedi mənə. Ən böyük hikməti Çin dedi mənə, Gördüm dünya boyda bir səltənət var!
Torpaqda zəmidi, sünbüldə dəndi, Nəfəsim yerlərə, göylərə təndi. Dilimin əzbəri yurddu, vətəndi, Dediyim hər sözdə bar-bərəkət var!
Eşqim qanadlansın şair sözündə, Yurdum naxışlansın rəssam gözündə. Qoy dünya görsün ki, bu yer üzündə, Azərbaycan adlı bir məmləkət var!
Pekin-Şanxay-Bakı, 1994, mart