Payızı geydim əynimə
Qara saçım gümüşlədi, Sazımın telləri kimi. Gələn günlər qəm gətirər Payızın yelləri kimi.
Gözümdən bulaq tökülər, Gözümə torpaq tökülər. Üstümdən yarpaq tökülər Ömrümün illəri kimi.
Ölümüm gəlmir eynimə, Payızı geydim əynimə. Yarpaqlar qonur çiynimə Anamın əlləri kimi.
Dərd olub neyə, çəkilləm, Hopub hər şeyə, çəkilləm. Nur olub göyə çəkilləm, Göyün qəndilləri kimi.
2001, 2 yanvar