Payızda
Dolu budaq salxımlanar, sallanar, Meyvələrin zədə yeri xallanar. Qızıl alma şəkərlənər, ballanar, Nar dənəsi noğullanar payızda.
Dağ döşündə haray çəkən sel olmaz, Yurd yerində oba qalmaz, el olmaz. Qəlb oxşayan, könül açan gül olmaz, Yazın ömrü nağıllanar payızda.
Əli yetməz öz ömrünün yazına, Həsrət gülər çiçəklərin nazına. Çaylar dönər Aşıq Qərib sazına, Dəli sular ağıllanar payızda.
1977, 4 fevral