PAPİROS
Papiros çəkənəm, mən onu çoxdan çəkirəm, fufff... Qış, yaz gecə-gündüz, yenə hər an çəkirəm, fuff...
Ən əvvəl uşaqlıqda çəkərdim azı-azə, Sonra yol açıb tüstü nəfəsgahə boğazə, Var öskürəyim, bircə nəfəs versə icazə, On qat daha artıq çəkərəm tazə-ba-tazə. «Kazbek», «Belamor»la yek-u «Balkan» çəkərəm, fufff.
Qoymuşsa da papiros məni hər növ yeməkdən, Şadəm yeməyənlər qurtarır pulsizlikdən, Papiros çəkərəm, sözlərini mən bəzəməkdən, Sən də yorul ey şanlı həkim «çəkmə» deməkdən, Bu çəkmə sözün gər desə Loğman çəkərəm, fufff.
Gündə iki-üç-dörd qutu çəkmək qədərimdir. Qara cigərimdən də qara ağ ciyərimdir. Həm cib zərərim, həm bilirəm can zərərimdir, Gəlməz nəfəsim, az qalıb axır səfərimdir. Ölsəm də bu yolda verərəm can çəkərəm, fufff
Papiros elə etmiş nəfəsim yollarını dar, Baxma belə saətdə bir az-maz nəfəsim var, Bu halıma Əzrail əgər olsa xəbərdar, Cansız diriyəm, tez gəlib eylər məni murdar, Qəbr içrə də tapsam əgər imkan çəkərəm, fufff.
Papiros, odur aləmdə fəqət nəşəi-can, çək! Tərk etmə Şəfai, onu hər vaqt, hər an çək, Evdə, küçədə, işdə tənəffüsdə dayan çək, Olsa nə qədər ömrə zərər, canə ziyan çək, Bir paprosa yüz can ola qurban, çəkərəm, fuff Ay can çəkərəm fuf, hər an çəkərəm fuff Gər olmasa papros, qəlyan çəkərəm fuff.