Özünü şax tut!
Uçrumlar, yarğanlar çıxar qarşına, Ağlına gəlməyən gələr başına, Özünü şax tut!
Qəfil qasırğalar, sərt ildırımlar, Sinəndə açsa da min cür şırımlar, Özünü şax tut!
Qorxunun axırı əsarət olar, Qorxunu qorxudan cəsarət olar, Özünü şax tut!
Əyilən günahkar, əyən günahkar, İnsan ürəyinə dəyən günahkar, Özünü şax tut!
Ağrını, azarı candan uzaq tut, Haqqın yanında ol, haqlını haqq tut, Özünü şax tut!
Şax dursan, düz olsan, ər oğlu ərsən, Əyilsən, düşməni sevindirərsən, Özünü şax tut!
2005, 16 dekabr