Özünü öldürmək istəyən adam
Cahillə alimin arasındadı, Zülümlə zalımın arasındadı, Ölümlə qalımın arasındadı Özünü öldürmək istəyən adam.
Beynində dumanlı səhər gəzdirir, Qəlbində qəm çəkir, qəhər gəzdirir, Cibində xəlvəti zəhər gəzdirir Özünü öldürmək istəyən adam.
Qara qış gətirir yaşıl yazına, Dözmür, ağrıların dözmür nazına. Bir kəndirə baxır, bir boğazına Özünü öldürmək istəyən adam.
Çəkir əllərini yar ağacından, Üzür ümidini bar ağacından. Qurtuluş gözləyir dar ağacından Özünü öldürmək istəyən adam.
Dünya nə, karvan nə, köç nə, istəmir, Günah nə, savab nə, suç nə, istəmir. Ölümdən savayı heç nə istəmir Özünü öldürmək istəyən adam.
Yıxır küməsini, yıxır damını, Yandırmaq istəmir sönən şamını. Özü hazırlayır öz edamını Özünü öldürmək istəyən adam.
Ağlar ürəyini güldürə bilmir, Dərdini heç kəsə bildirə bilmir, Öldürüm desə də, öldürə bilmir Özünü öldürmək istəyən adam.
2006, 2 mart