Özünə qayıdır xalqa qayıdan
Yığır ürəyinə sərvəti, zəri, Gözünə köçürür gözəllikləri. Üz-gözü öyrəşir çöl havasına, Nəfəsi qarışır el havasına. Verir ürəyini, verir qəlbini Sazın, muğamatın bal havasına. Sazda telə dönür, tarda sim olur, Sağlam özül olur, dərin him olur. İnsanlar arıdı, xalq arıya şan, Özünə qayıdır xalqa qayıdan.
Çıxır zirvələrə, qalxır diklərə, Gül olub döşənir çəmənliklərə. Daşda çiçək olur, qayada mamır, Şeh kimi süzülür, bal kimi damır. Unluqda urvadı, dənlikdə dəndi, Zəmidi, tarladı, çöldü, çəməndi. Quran ayəsitək müqəddəs olan, Avaza qayıdır, səsə qayıdır. Geyir ayağına dəmir çarığı, Götürür əlinə əsa, qayıdır. Meyə-meyxanəyə, toya-nişana, Kədərə, matəmə, yasa qayıdır. Can içində ruhdu, ruh içində can, Özünə qayıdır xalqa qayıdan.
Doğan günəş kimi nurnan, işıqnan, Dolan bulud kimi yağışnan gəlir. Ruhu silkələnir, qalxır, oynayır, Dünyaya təzə bir baxışnan gəlir. Öpür ulduzların ağ yanağından, Torpağın ətrini canına çəkir, İlahi fikirlər, uca duyğular Ruhumu Tanrının yanına çəkir. Əli çənəsində, gözü üfüqdə, Ömrüylə-günüylə haqq-hesab çəkir. Harda sağ yeridi, harda büdrədi, Gah rahatlıq tapır, gah əzab çəkir. Qayıdır qəlbinin həqiqətinə, Düzünə qayıdır xalqa qayıdan. Duru çeşmələrin, saf bulaqların, Gözünə qayıdır xalqa qayıdan, Özünə qayıdır xalqa qayıdan.
Bilir, bu tayfa nə, bu bəşər nədir, Bilir, Allah nədir, peyğəmbər nədir, Bilir, cənnət nədir, cəhənnəm nədir, Bilir, cəhənnəmdə olan qəm nədir. Bilir, ruhda nə var, bədəndə nə var, Bilir, kəfən adlı Vətəndə nə var. Avandını görür, tərsini görür, Dünyanın hər cürə dərsini görür. Keçdiyi yollara bir də boylanır, İzinə qayıdır xalqa qayıdan. Tapır Tanrısını xalqın içində, Özünə qayıdır xalqa qayıdan. Oduna, külünə, qığılcımına, Közünə qayıdır xalqa qayıdan, Özünə qayıdır xalqa qayıdan.
2005, 13 iyun