Əsas məzmuna keç

Qoşma

Özündən küs

Zəlimxan Yaqub

1

Özündən küs, məndən niyə küsürsən, Nə dildəsən, nə ağızda, nə dişdə. Yandığını, söndüyünü görmədim, Nə közdəsən, nə kababda, nə dişdə.

Yanğı yoxsa, səda olmur, ün olmur, Buz ürəkdə kölgə olmur, gün olmur, Bar-bəhrəsiz ömür olmur, gün olmur, Nə sözdəsən, nə əməldə, nə işdə.

Tez açılıb, tez sönəndi baxtımız, Gec qurulur, tez yıxılır taxtımız, Bu dünyada beş-üç gündü vaxtımız, Nə birdəsən, nə üçdəsən, nə beşdə.

Ölü gördüm, heç görmədim sağ səni, Tanımadı dövran səni, çağ səni. Xatırlamaz aran səni, dağ səni, Nə yoldasan, nə yamacda, nə döşdə.

İnkar etdin hər məzhəbi, hər dini, Daşımadın bir kimsənin dərdini. Oynamadın bu dünyanın nərdini, Nə yekdəsən, nə beşdəsən, nə şeşdə.

2011, 5 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.