Öyrən
Könül, seyr eyləsən uca dağları, Kənardan seyr eylə, uzaqdan öyrən. Arının sirrini pətəkdən soruş, Bülbülün eşqini budaqdan öyrən.
Səslimi, səssizmi, sakitmi, lalmı, Kəlmələr ucunda dəymişmi, kalmı, Acımı, şirinmi, zəhərmi, balmı, Dilin ləzzətini dodaqdan öyrən.
Sən yana bilməzsən tüstün olmasa, İnamın hər şeydən üstün olmasa, Yaşamaq alovun, istin olmasa, Alışıb-yanmağı ocaqdan öyrən.
Çəkir şirəsini güldən-çiçəkdən, Götürür rəngini tüldən, ipəkdən, Duruluq istəyir şeir ürəkdən, Süzülüb axmağı bulaqdan öyrən.
Ucalmaq həvəsi, bir arzuya bax, Göydə Günəşə bax, göydə Aya bax. Aydınlıq istəsən, axar suya bax, Qəlbi təmizliyi uşaqdan öyrən.
Həyatda mənasız bir qayğı çəkmə, Əl vurub ağacın gözünü tökmə, Palıd toxumunu qum üstə əkmə, Harda bitirməyi torpaqdan öyrən.
1976, 14 dekabr