Oynama, bala!
Mən sazın ruhundan qopan adamam, Mən sazın ruhuna hopan adamam, Mən sazı özündə tapan adamam, Sən mənim sazımla oynama, bala!
Günəş parçasıdı, bulud layıdı, Könüldən-könülə gedir, qayıdır. Az-çox nə varımsa, Tanrı payıdı, Çoxumnan, azımnan oynama, bala!
Çiçəyin ətridi, gülün nazıdı, Loğman təbiətin gülən yazıdı, Nə desəm, avazım haqq avazıdı, Coşan avazımnan oynama, bala!
Yolsuzlar həmişə yoldan azandı, Düzü tərsə çəkən, tərsə yozandı, Alnımda yazılan Allah yazandı, Sən alın yazımnan oynama, bala!