Oyatdın
Hüseyn Arif, Göyçə dindi dilində, Zodda Zodu, Cildə Cili oyatdın. Yurd itirmək qorxusu var ellərin, Yurdda yurdu, eldə eli oyatdın.
Bulağım var, sularından içilməz, Yollarım var, çən-dumandan seçilməz. Bizdən bizə uçurumlar keçilməz, Gözlərimdən axan seli oyatdın.
Bu həsrətdən az yanmadı bağrım, az, Necə deyim canım sağdı, ağrım az. Bu nisgildən kimin qəlbi ağrımaz, Qəlbimdəki hər nisgili oyatdın.
Neçə-neçə həqiqətim nağıldı, Çox ocaqlar yandı, söndü, dağıldı. Ürəyimdə dərd təzədən doğuldu, Zildə bəmi, bəmdə zili oyatdın.
Daşınmasa bu qayğılar, bu yüklər, Gözümüzdə xırdalanar böyüklər. Lələ köçüb, Kərəmsizdi gədiklər, İtən səsi, batan dili oyatdın.
Yada düşdü dostum, yadım, ay ustad, Təmiz eşqim, halal adım, ay ustad. Şəhriyarı xatırladım, ay ustad, Bu sahildə o sahili oyatdın.
Haqqa tapın, ömür vermə qəmlərə, Zaval yoxdu özüllərə, himlərə. Yana-yana mizrab çəkdin simlərə, Lal pərdəni, susan teli oyatdın.
Borçalım da Göyçəm kimi yaralı, Ovçu vurub, qan aparır maralı. İstəyimdən aralıyam, aralı, Ürəyimdə yatmış fili oyatdın.
Zəlimxanam, var meydanım, var atım, Susa bilməz daha “Cəngi”m, “Heyratı”m. Mənzil kəsdi, dağlar aşdı Qıratım, Koroğlunu, Çənlibeli oyatdın.