Əsas məzmuna keç

Sərbəst şeir

Oxuyuram Nazim Hikməti

Zəlimxan Yaqub

2

Qəbri Vətənindən aralı, Qəlbi Vətən sarıdan yaralı. Cəbri hədsiz, səbri sərhədsiz. Dodağı nəğməli, şərqili, Sözünün əvvəli, axırı, Şərq sözü, Şərq eli. Həsrəti gözünün içinə qədər yeriyən, Əriyə-əriyə bərkiyən, Bərkiyə-bərkiyə əriyən. İliyinə, qanına qədər, Torpağına bağlı. Millətinin döyünən ürəyi, Kökünə, budağına bağlı. Qəlbində Sokrat amalı, Spartak qətiyyəti, Oxuyuram Nazim Hikməti!

Başımın üstündə zamanın şimşəyi, Qəlbində, Dənizə dönməyin tükənməz istəyi. Qulağında zindan gözətçisinin, Addımlarının səsi, Bir də Pol Ropsonun nəğməsi. Gözündə yazmaq eşqi, Yaratmaq həvəsi. Beynində inqilabın dalğası, Azadlığın havası. Başında Həqiqətə arxalanan xəyal. “Biləyində qızıl bilərzik kimi gəzdirdiyi” qandal. Əyə bilmir, Şərqin yenilməz oğlunu, Ağrının əzabı, vərəmin illəti, Oxuyuram Nazim Hikməti!

Qanadını qırırlar, Qara buludları yarmaq istəyən, Zirvə arzulu bir quşun. Yolu bağlanır səadətin, Önü kəsilir qurtuluşun. Cilovlanır imkanları, Ağlın, idrakın, huşun. Boğazına qurğuşun tökülür Həqiqəti deyənin, qurğuşun! Gəzəndə, duranda, Yeri dar olsa da, Yatanda altı buz, Üstü qar olsa da, Həmdəmi, sirdaşı, Dörd divar olsa da, Dayanmır bircə an yerində, Fikrin, düşüncənin, Xəyalın vüsəti, Oxuyuram Nazim Hikməti!

Kəsib qapıların ağzını, Haqsız ölümlər, yersiz işgəncələr. Xalqın gününü göy əsgiyə büküb, Yırtıcı vəhşiliklər, qara pəncələr. Şeir deyənin dilini kəsiblər, Şəkil çəkənin əlini. Neçə ocaq söndürüblər, Göyə sovurublar, Doğru danışanın külünü. Qanla, qarğışla, günahla, Ev dolu, eşik dolu, xana dolu. Qovrulub dərd içində, İstanbul, Ərzurum, Anadolu. Kirpiyiylə od götürüb, İstəkli anası – Ayişəsi. Bir də canından çox istədiyi, “İnfarkt”ım dediyi məmləkəti, Oxuyuram Nazim Hikməti!

Şöhrəti dağlarla yanaşı dursa da, Bir ömür nə qədər gödəlib Bursada! Yatanda Gözünün yuxusu gəlməyib. Duranda, burnuna Bir gülün, çiçəyin Qoxusu dəyməyib. Üşüyüb şaxtada, Titrəyib sazaqda. Nəfəsi ocağın Oduna çatmayıb. Əlləri sevdiyi Qadına çatmayıb. Vətənin dadına çatmaq istəyib, Vətəni bircə gün dadına çatmayıb. Dözülməz, çəkilməz bir dərd olub, Xalqın faciəsi, Şairin müsibəti, Oxuyuram Nazim Hikməti!

“Sevilən bir kitab üstündə səhəri açan”, Nurunu Oxuduğu kitab kimi hər yana saçan, Ulduzların altında Yatmağı xoşlayan, Hər gecə təzə bir, Nəğmə başlayan, Zindan döşəməsində Yastığını daş edən, Dünyanın taleyini Öz alovlu qəlbinə Əbədi sirdaş edən, Ucaldıb şeirin bayrağını Odlu nəfəsi, üsyankar sənəti, Oxuyuram Nazim Hikməti!

Heyf! Uzada bilmədi, İllərin ömrünü. Son ucu Sofiyada, Parisdə, Moskvada, Keçən bir ömür. Ancaq bəşərin Bir gözəl təsəllisi var – Ölməz olan kəslərə, Heç kəs “öldü” demir. Sözü yazılır ürəklərə, Nuru köçür bəbəklərə. Tay olur, yoldaş olur, Nəsimilərə, Babəklərə! Kəndə, şəhərə çevrilir, Dönür bir dan ulduzuna, Nurlu səhərə çevrilir. Sözünü deyir axırda Əsrin sınağı, zamanın həqiqəti, Oxuyuram Nazim Hikməti!

Sənətin qədrini bilənlər, Şairin yurdundan gələnlər, “Nazimə Türkiyə sovqatı” gətirir Kimisi bir ovuc torpaq götürür, Kimisi bir ağız bayatı gətirir. Məsləkin, əqidənin, Dönməz əsgərinə, Hər gəliş ölməzlik bəxş edir, Dirilik həyatı gətirir. Qələm əlimdə, dəftər qabağımda, Bu misralar səslənir dodağımda: “Mən yanmasam, Sən yanmasan, Biz yanmasaq Necə çıxar Qaranlıqlar aydınlığa!” Girişmişəm işə, Fikrimi bir yerə yığa-yığa. Mənə təzə şeir yazdırır, Nazim həsrəti, Nazim məhəbbəti, Oxuyuram Nazim Hikməti!!!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.