Oxuyur
Nə şirin məclisdi, nə xoş gecədi, Ozanlar səs-səsə verib oxuyur. Kim Ərəbzəngidi, kim Şah İsmayıl, Ər kimi meydana girib, oxuyur.
Çağlayan çeşməyəm, kükrəyən çayam, Dirilik suyundan yoğrulub mayam. Elə bil cənnətin ortasındayam, Ruhum meyvəsini dərib, oxuyur.
Ürək ağrılıdı, can təlaşlıdı, Qürbətə uzanan yollar daşlıdı. Tiflisdə Şahsənəm gözü yaşlıdı, Deyəsən, Hələbdə Qərib oxuyur.
Kəsilməz Allahın verdiyi qismət, Canlara dərmandı, ruhlara zinət. Zəlimxan eşqinə Ana təbiət, Çəmən süfrəsini sərib, oxuyur.
2002, 7 aprel