Oxu təbiətin nəğmələrini
Ətirli bahar ol, çiçəkli yaz ol, Dillənən kaman ol, tellənən saz ol. Təpədən-dırnağa eşq ol, avaz ol, Çiçəklə, qönçəylə, yarpaqla danış, Torpağı danışdır, torpaqla danış. Oxşa çiçəklərin təzə-tərini, Oxu təbiətin nəğmələrini!
Arxalan palıda, dirsəklən daşa, Ver bu qayalarla yenə baş-başa, Sel ömrü, çay ömrü, dağ ömrü yaşa. Səs ol, hərəkət ol, sükuta sığma, Yağış ol, leysan ol, buluda sığma, Qəlbinə od versin suyun sərini, Oxu təbiətin nəğmələrini!
Gülə bax, zərifləş, körpə uşaq ol, Məxmərdən sığallı, tüldən yumşaq ol. Suya bax, dumduru qaynar bulaq ol, Oxu, dağ yerinə səda düşəndə, Oxu, cavanlığın yada düşəndə. Oxu, bir gözəlin baxışlarında, Bir oğul ürəyi oda düşəndə. Sev, ilham dediyin nazlı pərini, Oxu təbiətin nəğmələrini!