Əsas məzmuna keç

Qoşma

Oxu

Zəlimxan Yaqub

2

Aşıq, şirin eylə söz-söhbətini, Şirindən kəlmə kəs, şirindən oxu. Bas yenə bağrına telli sazını, Canı yanmışların birindən oxu.

Bir düşün nələr var səsdə, avazda, Min aləm var olub bir telli sazda, Əgər oğulsansa üzmə dayazda, Baş vur dərinlərə, dərindən oxu.

Könlümün evini uçurma, yıxma, Qəlbimi göynətmə, canımı sıxma, Kövrələn vaxtımda çox zilə çıxma, Havanı asta çal, sərindən oxu.

Yaddaşa yazılmaz qəlbə yatmayan, Ürəyə yol tapmaz beynə batmayan, Vaxtında Fərhada əli çatmayan, Yarası qan verən Şirindən oxu.

Gör sənə nə deyir gözümdəki yaş, Qarpızdı əslinə əyilməyən baş, Köhnə kişiləri yad elə, qardaş, Kamil ustadların pirindən oxu.

Ruhu cana qaytar, bədənə qaytar, Arını çiçəyə, çəmənə qaytar, Qəribi qürbətdən Vətənə qaytar, Dastanın ən şirin yerindən oxu!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.