Övladlarıma
Əlli illik ömrümün dörd çiçəyi, dörd barı, Deyəcəklər sizlərə “şairin övladları”. Bəhlulum, Şəhriyarım, Aygünümlə, Günayım, Yaradanın qisməti, Tanrıdan gələn payım. Təbiət dörd fəsildi, mənim dörd fəslimsiniz, Dan yerim, səhər çağım, gələcək nəslimsiniz. Mən sizi böyütmüşəm layla üstə, saz üstə, Mən sizin eşqinizlə, Ömrüm boyu ötmüşəm şirin bir avaz üstə. Hərəniz bir sətirdə dörd misralıq bayatım, Bayatı qədər şirin ömrüm, günüm, həyatım. İki oğul – qoşa dağ, iki qız – qoşa çiçək, Dağ söykənmək üçündür, çiçək qoxlamaq üçün. Bilirəm hər biriniz imtahan verirsiniz, Atanın vüqarını məğrur saxlamaq üçün. Ruhumuz hardan uçub, kökümüz hardan gəlib, Eşqimiz mayalanıb, hansı diyardan gəlib. Duyğuları, hissləri, Hər gün başınız üstdən yağıştək ələmişəm, “Dədə Qorqud”, “Koroğlu”, “Əsli-Kərəm”, “Alpamış” – Sizi nağıla büküb, dastana bələmişəm. Qorquddan danışmışam, nədir ağsaqqal olmaq, Nədir sözü-söhbəti şəkər olmaq, bal olmaq? Koroğludan demişəm, nədir bu qəhrəmanlıq? Qəhrəmanlar yurduna heç vaxt gəlməz qaranlıq. Əsli kimi alışıb, Kərəmtək yanmaq nədir? Sevgiyə bir qul olub, eşqə inanmaq nədir? Nədir Aşıq Qəribi qürbətə salan istək? Niyə Tahir deyirdi: “Zöhrə kimi bir çiçək?” Bir belə qətiyyəti Fərhad hardan tapırdı? Hansı gülün eşqinə qayaları çapırdı? Boşuna söz deyilməz, hər söhbətin canı var, Xalqımın yaratdığı, Nağıllar, əfsanələr, laylalar dünyasında Bir ucalıq timsalı, böyüklük nişanı var. Zaman nəyə bənzəyir? Şütüyüb əldən çıxan qızılı bir balığa. Mən sizi çağırmışam, Həmişə böyüklüyə, hər zaman ucalığa! Daşı-dağı görməyən nə bilsin bulaq nədir, Əlini-ayağını daş, çınqıllar əzməyən, Zirvələri dolaşıb, ətəkləri gəzməyən, Nədən bilsin, nə bilsin, aran nə, yaylaq nədir. Min bir naxış güllərin arasında gizlənən, Gül görüb ətirlənən, qar görüb təmizlənən, Qaynar bulaqlar görüb, gözyaşıtək durulan, Yerdəki çiçəklərə, göydəki ulduzlara, Düzdə qaralan şuma, Səhrada yanan quma Məcnun kimi vurulan, Bilir, çox gözəl bilir, Allah nə, Yaradan nə, Tanrı nədir, Haqq nədir! Bələd olur həyatın dəymişinə, kalına, Allahını sevən kəs uymur dünya malına. Qara daşı ləl bilir, Nəyi necə sevməyi bilir, çox gözəl bilir! Mən sizə danışmışam, Savalanın başında əriməyən qar nədir! Mən sizə tanıtmışam, Kimlər əyib Vətənin əyilməyən qəddini! Dərbənd niyə aralı? Təbriz niyə yaralı? Niyə Borçalının da Rəngi-ruhu bozarıb, yarpaq kimi saralı? Mən sizə danışmışam, Kim vurdu birdən-birə Göyçə kimi maralı. Mən sizə danışmışam, İki yüz ildən artıq, Bir millətin çəkdiyi bu qədər ah-vay nədir, Niyə ulu Şəhriyar şeir oxuyan zaman Sızıldayır damarda yetmiş iki damarı. Özü demiş, “görəsən, Biz niyə uduzmuşuq oyunda bu qumarı?” Ay mənim balalarım, Eşqim, sərvətim, varım! Kövrələn qəlbinizə, körpə ürəyinizə Sevincdən daha artıq, daha çox dərd vermişəm, Dərsimi ata kimi bir az da sərt vermişəm. Sehrləmişəm sizi saz gələndə sinəmə, Mən sizi çağırmışam oylağıma, binəmə. Demişəm, fikir verin “Misri” nədir, “Cəngi” nə, Gümüşü tellər üstə tellərin ahəngi nə? Hansı hava hayqırıb Vətən deyir, “Sarıtel” nə danışır, “Sultanı” nədən deyir? İgidlərmi qocalır, gözəllərmi zarıyır, “Zarıncı” zar-zar olub, niyə belə zarıyır? Kərəm niyə əritmir Ərzurumun qarını, “Ruhani” hara çəkir ruhun qanadlarını? “Qaraçı”nı çalanda, Fikir vermisinizmi niyə belə gərginəm? Mən bu məqamlarımda, Vurulub döyülmüşəm, qaçqınam, didərginəm. Açın qulağınızı, mənim gül balalarım, Eşidin min illərin fəryadını, səsini, Açın bu vaxta qədər hələ də açılmamış, Sazın fəlsəfəsini, sözün fəlsəfəsini! Yarım əsri yaşadım, artıq yaşım əllidir, Ölüm nə vaxt gələcək? Onu Yaradan bilir, Son günüm, son saatım yalnız ona bəllidir. Dediklərim gün kimi sizlərə bəlli olsun, Uca tutun sözümü, Bu ucalıq sizlərə ən xoş təsəlli olsun! Mən köçəndə dünyadan, Daşıyın mənim kimi, Xalqın – elin-obanın nisgilini, qəmini. Bir az asta tərpənin, Şair atanız küsər, Sındırmayın sazını, qırmayın qələmini, Sığal çəkin sazıma, tel dilində danışın. Çevrilin hər biriniz Süleyman peyğəmbərə, Təbiət ləhcəsində, quş dilində danışın. Yer üstündə gəzənlər, Qoy, heç vaxt unutmasın yer altında yatanı, Oğlu əsil bir oğul, qızı əsil qız olsa, O, qəbir evində də sevindirər atanı.
2001, 20 may