Ovçu da var, ovçu da
Mən də kişiləndim, ovçuyam deyə, Özümə şahintək ov alan dedim. Dolan bu yerləri, qır bu tilsimi, Könül, nə yatmısan, havalan, dedim.
Dolandım həvəslə çölü-çəməni, Səsimi qoynuna yüz dərə çəkdi. Qartal ucalara səslədi məni, Cüyür xəyalımı düzlərə çəkdi.
Dərəyə səs düşdü tərpənəndə əl, Hürkütdüm ovumu, kiriyəmmədim. Tüfəngim açıldı vaxtından əvvəl, Ovçu yerişini yeriyəmmədim.
Ovçu ov axtarıb, dolanar dağı, Qarğanı, sərçəni ov sana bilməz. Düşsə də qüvvətdən əli-ayağı, Sevdiyi sənətdən ovsana bilməz.
Dumanlar endirdi gözümə pərdə, Pusquda, bərədə dura bilmədim. Şirlə pəncələşdi babam bu yerdə, Mənsə bir çaqqalı vura bilmədim.
1975, 28 yanvar