Ötgil, fəraqi
Əlinə yığıbsan dünya zinətin, Elinə bəxş edib ötgil, Fəraqi. Pünhan qılma yaxşı-yaman, sərvətin, Elinə bəxş edib ötgil, Fəraqi.
Qeyri el zar olub ətrafdan baxsın, Ceyhun bəhri coşub, Gürgənə axsın, Sənin gözəl elin qəflətdən çıxsın, Elinə bəxş edib ötgil, Fəraqi.
Neylərsən, çox namərd xəta eylədi, Mürüvvət qıldılar, səda eylədi, Cəm olub, ərənlər fatə eylədi, Elinə bəxş edib ötgil, Fəraqi.
Ümidvar olma sən xəsis malına, Vabəstə eyləgil mərdin yoluna, Cəza vermə, tutmaz, namərd qoluna, Elinə bəxş edib ötgil, Fəraqi.
Əşk töküb didədən, qılmagil ərman, Tərk edib vətəni olmagil rəvan, Mey içib, bəzm edib, qıl canın qurban, Elinə bəxş edib ötgil, Fəraqi.
De varın, olarsan göftari-süxən, Lütf eylə elinə, qılmagil pünhan, Dediyin dür olsun, əcəb cavidan, Elinə bəxş edib ötgil, Fəraqi.
Sübhü şam könlünü eyləgil xəndan, Türki, bulğar, parsı olsunlar heyran, Gül bitirən hər dəm sərvi-xuraman, Elinə bəxş edib ötgil, Fəraqi.
Ədna olma bir iş gəlsə başına, Əncümən eyləgil eli dışına,
Dilxah istə, firdövs gələr qaşına, Elinə bəxş edib ötgil, Fəraqi.
Dilin olsun daim izhari-göftar, Sərəfrazsan, olmaz sərində azar, Vəz-züha eyləyib, vurarsan bazar, Elinə bəxş edib ötgil, Fəraqi.
Mərhəba, alnında «zəyyən əs-səma», Firavan elinə kövsəri-aba, Gözəl dastan vergil elə mərhaba, Elinə bəxş edib ötgil, Fəraqi.
Alimsənsə miskinləri unutma, Əfzəl deyib, namərdlərə baş qatma, Ərk istəyib, əcəb dastanın satma, Elinə bəxş edib ötgil, Fəraqi.
Elə yağma gəlsə, çıx sən döyüşə, Koroğlu tək qoru yurdu həmişə, Bundan qeyri füzun qılma bir işə, Elinə bəxş edib ötgil, Fəraqi.
Elini eyləgil cahan sərfəraz, Qolunda olsun qoy daim bəhri-baz, Qıldığın çox işlər hamısı bəyaz, Elinə bəxş edib ötgil, Fəraqi.
Bostanın bitirən İrəm nihalı, Mahi-taban ruyi cənnət misalı, Siyah zülf «vəl-leyli» qaşı hilalı, Elinə bəxş edib ötgil, Fəraqi.
Məxdumqulu, indi qoca qalıbsan, Yaxşılara hər dəm həmra olubsan, Zəbərdəst ərlərdən fatə alıbsan, Elinə bəxş edib ötgil, Fəraqi.