Əsas məzmuna keç

Qoşma

Osman Sarıvəlli ilə

Zəlimxan Yaqub

1

Zəlimxan Yaqub

Gəl çıxaq gəzməyə, ay Osman qağa, Gözləyir yaylaqda gözəllər səni. Şair hanı deyib yollara baxır, O yerlər çox görüb əzəllər səni.

Osman Sarıvəlli

Quzeydə ağaran qayamı, qarmı, Yaşıl yaylaqların heç tayı varmı? Üç günlə, beş günlə doymaq olarmı, Dağlardan doymağa yüz illər gərək.

Zəlimxan Yaqub

Min dəfə görsə də doymamış, baxan, Şeirindi dağlardan süzülən, axan. Kimdi qocalığı başına qaxan, De niyə kövrəldir xəzəllər səni?!

Osman Sarıvəlli

Qonardı xəyalım Qoşqar dağına, Quş kimi qalxardım yar oylağına. Ömür bağçasına, könül bağına, Vaxtsız düşməyəydi xəzəllər gərək.

Zəlimxan Yaqub

Çiçəklər döşənib sən gələn yola, Qışda da inanma saralıb sola. Təbiət zamanla verib qol-qola, Yaşadar qəlbində yüz illər səni.

Osman Sarıvəlli

Daha səməndimin ağarıb yalı, Sökülüb dırnağı, tökülüb nalı. Dağlara çıxmağa qalmayıb halı, Gedəydim o yerə əzəllər gərək.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.