Əsas məzmuna keç

Heca şeiri

Örtülmə, örtülmə, göz qapaqlarım

Zəlimxan Yaqub

1

Yuxu bir ölümdü, yumar gözümü, Bağlayar dilimi, kəsər sözümü. Qırılar hardasa misra düzümü, Sətirlər sərvətim, misralar barım, Örtülmə, örtülmə, göz qapaqlarım.

Oğul toy gözləyir, qız xınayaxdı, Muraza yetənin qızıldı baxtı. Bir az geriyə çək vədəni, vaxtı, Çox şeylər yarımçıq, çox şeylər yarım, Örtülmə, örtülmə, göz qapaqlarım.

Yaram var, məlhəmi özün tap, sarı, Zərif bir ağ üstən incə sap sarı. Çəmənlər yamyaşıl, güllər sapsarı, Qoy çəksin ətrini çiçəkdən arım, Örtülmə, örtülmə, göz qapaqlarım.

Yad ovçu əlində bir ov var hələ, Əsir var, qaçqın var, girov var hələ. Vətənin saçında qrov var hələ, Varlığım narahat, əsəbim tarım, Örtülmə, örtülmə, göz qapaqlarım.

Yatdığım gecənin çoxu düşmənim, Sancar ürəyimə oxu düşmənim. Yatmaq Əzrayılım, yuxu düşmənim. Puç olar zəhmətim, heç olar varım, Örtülmə, örtülmə, göz qapaqlarım.

Qazancdı nə qədər dünyaya baxsan, Baxa bilərsənsə, haqsan ki, haqsan. Onsuz da bir axşam qapanacaqsan, Solacaq sevgilim, susacaq yarım, Örtülmə, örtülmə, göz qapaqlarım.

2000, 8 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.