Əsas məzmuna keç

Heca şeiri

Örtül, göz qapaqlarım

Zəlimxan Yaqub

1

Nə bir yarpaq tərpənir, nə bir əsim külək var, Hara baxırsansa bax, ancaq gül var, çiçək var. Sənə bu sakitliyi heç yerdə verməz həyat, Örtül, göz qapaqlarım, bir az dincəl, bir az yat.

Daşı çox, kəsəyi çox, yollar çox hamar olmur, Başımız ağrı çəkir, saçımız tumar olmur, Həmişə təbiətdə bu sakit damar olmur. Aramla vur, ürəyim, rahat ol, bir az rahat, Örtül, göz qapaqlarım, bir az dincəl, bir az yat!

Uyu, əsəbim mənim, soyu, qəzəbim mənim, Ağrım-acım, yoxa çıx, qurtar, əzabım mənim, Çatmır bu qədər yükə, dözümüm, tabım, Bir yox, yeddi yerindən ürəyim çat verir, çat Örtül, göz qapaqlarım, bir az dincəl, bir az yat.

Həmişə bahar olmur qış gəlir, qardan keçir, Ömür çaxnaşmalardan, qasırğalardan keçir. İşimiz addımbaşı sınaqdan, dardan keçir, Zəhər qatdığın yetər, bir az ruhuna bal qat, Örtül, göz qapaqlarım, bir az dincəl, bir az yat.

Nə olsun ki, dünyanın əşrəfisən, zərisən, Hər nə var əbədidir, təkcə sən gedərisən. Tez yanıb kül olarsan, belə yansan, ərisən, Onsuz da son zəngini çalacaq bir gün həyat, Ruhum, beynim, düşüncəm, bir az dincəl, bir az yat!

2002, 2 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.