Əsas məzmuna keç

Qəsidə

Onun nəcabətinə, hüsnünə salınca nəzər

Məhəmməd Füzuli

1

Onun nəcabətinə, hüsnünə salınca nəzər, Kamal göyündəki parlaq aya dedim bənzər.

Təmam bədr kimi yüksəlib uca üfüqə, Cəlal sahibinin qüdrətinədir məzhər.

O qara xal ilə, o qırmızı yanaqi ilə Kəmali-hüsnü edib cəm özündə ol dilbər.

Nə misl var, nə bərabər ona bu aləmdə, O qəddü qamətə sərv oxşayırmı zərrə qədər?

Ona bu hüsnü əta eyləmiş böyük yaradan, Təbarəkallah, onundur bu binəzir hünər.

Yeganədir özünə xas olan məlahətdə, Onun bərabəri yoxdur cahanda bircə nəfər.

Həmişəlik özünə yer tapıb könüllərdə, Bu ölkələrdə yox ondan səvay bir sərvər.

O pak ruhu özü hifz eyləsin xaliq Ki, yetməsin o lətif cismə bədnəzərdən əsər.

Vəbaldən onu Həqq saxlasın, sönər yoxsa Fəzayi-hüsndə dünyayə nur saçan əxtər.

Kəmali-şövq ilə oldum camalına aşiq, Malımla canımı qurban dedim ona yeksər.

Ümid edərdim onun vəslinə olam nail, Tükəndi səbrim, ümidim bu yolda oldu hədər.

Sual edəndə sualım mənim fəqət onadır, Gözüm görər onu yalnız, könül onu düşünər.

Ömür əzab ilə keçdi onun havasində, Günüm qaraldı, gecəm görmədi işıqlı səhər.

Xəyalına verərək yer bu saf qəlbimdə, Vüsal ümidi ilə istədim keçə günlər.

Mən onda gördüm inadkar bir təbiət kim, Vüsal yollarına daim çəkərdi çəpər.

Onu sevənlərə qarşı kəsildi bir düşmən, Söz ilə aşiqinin qəlbinə vurar xəncər.

Könül verib ona hər kəs, alıb ağır yaralar, Baxışlarında var oxdan daha ziyadə kəsər.

Görəndə dostunu üz döndərər inad ilə, Məhəbbət axtarar, öz düşmənini görsə əgər.

Yaxınlaşar ona kim, hiylədir işi, peşəsi, Fəsad əhlini dost zənn edər o məhpeykər.

Nəsihət etsən əgər səndən inciyər, lakin Yamanlıq istəyənin fitnəsindən etməz həzər.

Olub müsahibi ancaq rəzillər, alçaqlar, Maralla sanki tapıb ixtilat quduz itlər.

Danışdıranda, inadla məni edir inkar, Qəmində olmuş işim ahü nalə şamü səhər.

Acıqlananda sözümdən kədərlənir qəlbi, Kədərli könlümə bundan qonur əlavə kədər.

Danışdım hər nə qədər, ol nigar dinləmədi, Su səpmədi, alışıb yandı eşq odunda ciyər.

Rizasi ziddinə getmək böyük müsibətdir, Uzatma gəl sözünü, ey Füzuliyi-müztər.

Nə istəsə edəcək, ixtiyar onundur, çün Əyilmək olmaz o yoldan ki, göstərir rəhbər.

Lüğət: Bədr – on dörd gecəlik ay. Məhəmmədin müharibələrindən birinin adı; Məzhər – bir şeyin zahid olduğu yer; Əta – bəxşiş; Sərvər – başçı; Fəzayi – behişti-sürur – şadlıq behiştinin fəzası; Əxtər – ulduz; Nigar – şəkil; gözəl; Müztər – çarəsiz N

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.