Əsas məzmuna keç

Heca şeiri

Onda ölmüş bil məni

Zəlimxan Yaqub

1

Axar çaya dönməsə Məhəbbətim, həvəsim. Zirvələrin qarını Əritməsə nəfəsim, Özünə tay bilməsə Ocaq məni, kül məni, Onda ölmüş bil məni.

Dodaqlarda gül açıb, Dillərdə oxunmasa, Sözüm ürəkdən gəlib, Xalıtək toxunmasa, Yersiz işləmiş olsam Bir naxışı, ilməni, Onda ölmüş bil məni.

Hava üstə köklənib, Saz eşqinə ötməsəm, İstəyimə qovuşub, Diləyimə yetməsəm, Özündən ayrı salsa Mizrab məni, tel məni, Onda ölmüş bil məni.

Vətən, könül sərvətin, Könül varın olmasam, Nəğmələrə çevrilən Nəğməkarın olmasam, Dəftərindən qarala, Yaddaşından sil məni, – Onda ölmüş bil məni, Onda ölmüş bil məni.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.