Əsas məzmuna keç

Heca şeiri

Ömür yaman gödəkdi

Zəlimxan Yaqub

1

Gözü gözdü dünyanın, odunu, alovunu, Əldə tuta bilmədi bəxtinin cilovunu, Zaman ovçuya döndü, tez ovladı ovunu, Həyat çox oğulların başında bostan əkdi, Ömür yaman gödəkdi.

Ağzın aşa yetməmiş, başın başa yetməmiş, İllər göz qırpımında gəlib başa yetməmiş, Harayın nə oğula, nə qardaşa yetməmiş, Başımızda turp əkən gözümüzdə od əkdi, Ömür yaman gödəkdi.

İnsan qurar, yaradar dişiylə, dırnağıyla, Döyüşər ömrü boyu həyat adlı yağıyla. Layla ilə başlanan sona çatar ağıyla, Bu dünya başa kimi kimin nazını çəkdi? Ömür yaman gödəkdi.

Allaha tək desək də, hökm onda, fərman onda, Verən də O, alan da, dərd onda, dərman onda. Bizim heç nəyimiz yox, mülk onda, cahan onda. Nəyi var ki, insanın, o da tək oğlu, təkdi, Ömür yaman gödəkdi!!!

2002, 3 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.