Əsas məzmuna keç

Qoşma

Ömür min sorğudan-sualdan keçir

Zəlimxan Yaqub

1

Ömür neçə dəfə sınaqdan keçir, Yaz dövrü, yay dövrü, qış dövrü varmış. Əkən də, səpən də, biçən də insan, Hər kəsin dən dövrü, xış dövrü varmış.

Bir tərəfdə sevinc, bir tərəfdə qəm, Gözlərdə alov var, kirpiklərdə nəm. Hər gün əlimizdə işləmir qələm, Onun da bir qızğın iş dövrü varmış.

Bir gün dilli gəlir, bir gün lal gəlir, Hər dərddən adama bir zaval gəlir. Bədbəxtlik gələndə dalbadal gəlir, Qəlbin əzablara tuş dövrü varmış.

Quşdu, havalanıb gəzəndə insan, Daşdı, daşlığını sezəndə insan. Sevgidən əlini üzəndə insan, Taleyin buz dövrü, daş dövrü varmış.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.