Ömür istəmə
Olub-keçənləri gətirmə yada, Qəlbini buz kimi saxla deyirsən. Dövran sür, doyunca yaşa dünyada, Yüzü, yüz əllini haqla deyirsən.
Eşqimiz alovlu, ömrümüz qısa, Mən necə saxlayım qəlbi buz kimi. Nəyimə gərəkdi işıq yaymasa, Qaranlıq gecəyə bir ulduz kimi.
Min insan ömrünü yola salır daş, Nəyə nəfəs verir, nəyə can verir. Bir ürək qaynayıb coşanda, qardaş, Min qəlbə ruh verir, həyəcan verir.
Qoy yansın köz kimi duyğular üstə, Qəlbi daş istəmə, dəmir istəmə. Bir günlük mənalı yaşamaq istə, Yüz günlük mənasız ömür istəmə.
1975, 19 fevral