Əsas məzmuna keç

Heca şeiri

Ömrün yolları

Zəlimxan Yaqub

2

Allah! Ömrün yolları nə daşlı-kəsəklidi, Addımbaşı yolumda qar gördüm, şaxta gördüm. Sinələrin altına diqqət ilə baxanda, Çoxlarının qəlbini daş gördüm, taxta gördüm.

İnsan sınır, alçalır, sərt ehtiyac olanda, Şah kimi fərman verir başında tac olanda. Dünyanın zillətini lüt, yoxsul, ac olanda – Dünyanın ləzzətini məzəsi toxda gördüm.

Od özümün olsa da, özgələr isindilər, Həyalılar susdular, həyasızlar dindilər. Yalançılar doğrunu heyvan kimi mindilər, Haqqın belində palan, başında noxta gördüm.

Yasım yas üstə gəldi, toyumu çaldıranda, Düşmən gəlib başımı ayağa saldıranda. “Haqqımı verin deyib” səsimi qaldıranda Yolların sinəsində qanımı laxta gördüm.

Hər adamın ürəyi el yolunda şam deyil, Bütöv gördüklərim də bütöv deyil, tam deyil. Dünyaya gələnlərin hamısı adam deyil, İnsanın azını saf, çoxunu saxta gördüm!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.