Ömrün uzun olsun
Mənim ömrüm göz qırpımı, Sənin ömrün uzun olsun. Hər nemətin bir dadı var, Sənin də öz duzun olsun.
Açsın gülün, yağsın qarın, Fikir kövrək, misra narın. Üz qoynunda misraların, Haqdan gələn ruzun olsun.
Əyilmə, dərd taxta çıxsa, Ərit, yola şaxta çıxsa. Bircə sözün saxta çıxsa, Tale qarın, buzun olsun.
Öz axarın, öz bayatın Duy qəlbini bu həyatın. Nuruna dön Kainatın, Öz Ayın, ulduzun olsun!