Əsas məzmuna keç

Qoşma

Ömrümüz

Zəlimxan Yaqub

2

Çopur, boz tikanlar diddi, dağıtdı, İpək ömrümüzü, tül ömrümüzü. Gül kimi yaşamaq istəsək də biz, Qanqallar daladı gül ömrümüzü.

Xırdalar əlində irilər öldü, “Ölülər” içində dirilər öldü. Hürülər saraldı, pərilər öldü, Yedi qarışqalar fil ömrümüzü.

Ömrə qiymət kəsib, mərc eylədilər, Borc verib, borc alıb, borc eylədilər. Dəyərə-dəyməzə xərc eylədilər, Para ömrümüzü, pul ömrümüzü.

Baş aça bilmədik vaxtdan, zamandan, Göz aça bilmədik çəndən, dumandan. Günah palçıq kimi yapışdı candan, Durulda bilmədik lil ömrümüzü.

Şeytan düşmənimiz, hiylə torumuz, Çatladı qəbrimiz, yandı gorumuz. Keçdi ocağımız, söndü qorumuz, Küləklər apardı kül ömrümüzü.

2007, 7 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.