Ömrüm boyu
Ömrüm boyu yol yeriyəm, yol gedəm, Arzularım dağdan-dağa boylana. Axar çaya, gur bulağa baxanda, Duyğularım dənizlənə, çaylana.
Ömrüm boyu qələm tutam, saz çalam, Pərdələrdə barmaqlarım ballana. Sazı duyan, sözü sevən kəslərin Sevincindən yanaqları xallana.
Ömrüm boyu işıq verəm, nur yayam, Baxışımdan barsız budaq barlana. Nəfəsimdən daş üstündə gül bitə, Quru səhra həyat tapa, varlana.
Ömrüm boyu körpü salam, yol çəkəm, Əməllərim nəğmə kimi səslənə. Hər yolçuya çıraq tuta əllərim, Hər könüldə məhəbbətim bəslənə.
Ömrüm boyu çeşmə olam, çay olam, Nəfəs verəm çəmənimə, çölümə. Nə qədər ki dirilik var əlimdə, Hazırlaşam bir şərəfli ölümə!