Ömrüm
Gün yandırıb qızardıb, Külək vurub bozardıb, Bir ovuc qumdu ömrüm.
Döyüb dolu, ildırım, Açıb min yerdən şırım, Qapqara şumdu ömrüm.
Daşların arasında, Torpağın qarasında İtən toxumdu ömrüm.
Nur olub yayılmaram, Say olub sayılmaram, Yatdımsa, ayılmaram, Şirin yuxumdu ömrüm.
2006, 23 fevral