Əsas məzmuna keç

Qoşma

Ömrüm

Zəlimxan Yaqub

3

Çəkməlisən, çək yükünü dünyanın, Şair ömrüm, ozan ömrüm, hac ömrüm. Ömrü boyu qəm sarıdan gözü tox, Bu dünyanın sevincinə ac ömrüm.

Kimdi qalan bu dünyada əbədi, Məhəbbətdi insanlığın məbədi. Qəmli könlüm məndən ötrü Kəbədi, Öz dərdiylə dərdlilərə tac ömrüm.

Vaxtımızı qovur saat, qovur an, Vaxt özüdü ömrü göyə sovuran. Öz içimi öz yağımda qovuran, Kösöv ömrüm, ocaq ömrüm, sac ömrüm.

Dada çatmır Məkkə, Məşhəd, Kərbəla, Harda olsa məni tapır hər bəla. Məndən ötrü göy bəladı, yer bəla, Heç almadım bu dünyadan bac, ömrüm.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.