Əsas məzmuna keç

Qoşma

Ömrə yazılan dəqiqələr

Zəlimxan Yaqub

3

Çiçəyi sayrışan, gülü ballanan, Vədəsi yaz olan dəqiqələrdi. Nəğməylə dodağın, qızla bulağın, Arası saz olan dəqiqələrdi.

Bu dəmlə hər saat görüşmək çətin, Ola, ya olmaya bir də qismətin. Amanı qırılıb qəmin, həsrətin, Pərəni pozulan dəqiqələrdi.

Kaman xoş dillənib, ney xoş olubdu, Yerin söhbətindən göy xoş olubdu. Şair eşqə düşüb, meyxoş olubdu, Heyf ki, az olan dəqiqələrdi.

Qapımı kəsməyə qış tələsməsin, Başdaşım olmağa daş tələsməsin, Zəlimxan, ötməyə yaş tələsməsin, Ömrümə yazılan dəqiqələrdi.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.