Əsas məzmuna keç

Heca şeiri

Ölümə səsləniş

Zəlimxan Yaqub

2

O tərəfə gedən yolun qapısını aç, oynama, Öz işimi özüm billəm, yollarımdan qaç, oynama. Ey köhnənin oyunbazı, mənlə gizlənqaç oynama, İblis kimi qaş oynadıb, göz eləmə, gəlirsən, gəl!

Məni Allah qorumasa, qoruyammaz mal canımı, İndi fürsət səninkidir, daşdan-daşa çal canımı. Ölən mənəm, öldürən sən, çək qılıncı, al canımı, Can almaqda nə naz-qəmzə, naz eləmə, gəlirsən, gəl!

Bahar vaxtı şaxələnir, bir əlimiz yüz əl olur, Payız vaxtı hara baxsaq hər yanımız xəzəl olur, Sevgi ilə gələn ölüm həyat qədər gözəl olur, Sifətini sərt eyləmə, boz eyləmə, gəlirsən, gəl!

Kaman sənin, sinə mənim – at oxunu, oxla məni, Yoxdu sənə etirazım, nə vaxt desən haqla məni. Mən ki uca yaranmışam, ucalıqda saxla məni, Yıxa-yıxa dağlarımı düz eləmə, gəlirsən, gəl!

Təkə doğru yol gedirəm, başım üstə Allahdı tək, Gözü qapa, dili bağla, qəlbi susdur, tətiyi çək. Mən gedəndə bilirəm ki, mənsiz qalan üşüyəcək, Nəfəsini qar eyləmə, buz eyləmə, gəlirsən, gəl!

2009

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.