Əsas məzmuna keç

Heca şeiri

Ölümə səfərbər olmayan kişi

Zəlimxan Yaqub

1

Ölümə səfərbər olmayan kişi, Ölüm öz işini görəndə necə? Özü istədiyi gündə, saatda, Gəlib öz barını dərəndə necə?

Qaça bilirsənmi bircə günündən? Qaça bilirsənmi bircə anından? Qaça bilirsənmi vaxtın, zamanın Ən ağır, ən çətin imtahanından?

Sorğuya-suala hazır olmasan, Vaxt sənin üstündən qara xətt çəkər. Ölümə səfərbər olmayan kişi, Ölüm qarşısında xəcalət çəkər.

Tale bu milləti çəkir sınağa, Sözünü kim ötkəm, kim yavaş deyir. Hərə bir arzunun sevdasındadı, Kim barış istəyir, kim savaş deyir.

Savaş istəyənin içində hünər, Barış istəyənin içində qorxu. Qələbə hansının payına düşər, Görək kim birinci hoppanır arxı.

Ölümə hazır ol, çəkilsin geri, Əzrayıl yaxına gələ bilməsin. Ölümə hazır ol, yağı tamahı Gəlib torpağını bölə bilməsin. Ölümə hazır ol, çax şimşək kimi, İçində qəzəbin selləri daşsın. Göylər elə yansın, elə parlasın, Heyrətdən düşmənin gözü qamaşsın.

Vicdanın əzabı şırımlar açar, Ürəkdə, beyində, üzdə, sifətdə. Ölümə səfərbər olmayan kişi, Gərək yaşamasın bu məmləkətdə.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.