Əsas məzmuna keç

Gəraylı

Ölümdən sonra həyat var

Zəlimxan Yaqub

1

Dilim sözümdən başlanıb, Sözüm dilimin davamı. Qələm əldən sonra gəlir, Barmaq əlimin davamı.

Çeşməyə nur, arxa suyam, Səsəm, sözün arxasıyam. Bəmdən zilə qalxasıyam, Bəmdi zilimin davamı.

Ölənləri kim yaşadıb, Pərdə dinib, sim yaşadıb. Çölümü içim yaşadıb, İçim çölümün davamı.

Kimi cılız, kimi şişman, Gedən peşman, qalan peşman. Qara gün ağ günə düşmən, Ağ gün zülümün davamı.

Qat içində neçə qat var, Yer var, göy var, Kainat var. Ölümdən sonra həyat var, Həyat ölümün davamı!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.