Əsas məzmuna keç

Qoşma

Ölüm sahillərə yan almaqdadı

Zəlimxan Yaqub

1

Heyifdir bu ömür, heyifdir bu gün, Kül kimi sovurub küləyə vermə. Bir göz qırpımından tez keçir illər, Onu küyə vermə, kələyə vermə.

Doğan günəşi var, yanan şamı var, İçməyə həmişə şirin camı var. Gör Haqqın nə qədər xoş kəlamı var, Dili şikayətə, gileyə vermə.

Səndən ətir umur, çiçək istəyir, Həqiqət gözləyir, gerçək istəyir. Sevgi zor istəmir, ürək istəyir, Gücü ürəyə ver, biləyə vermə.

Ölüm sahillərə yan almaqdadı, Qan töküb, qan salıb, qan almaqdadı. Fələk addımbaşı can almaqdadı, Canı tez-tələsik fələyə vermə.

2004, 18 fevral Kislovodsk

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.