Əsas məzmuna keç

Heca şeiri

Ölüm məndən vaz keçdi

Zəlimxan Yaqub

1

Zaman axdı aramsız, Bahar gəldi, yaz keçdi. Töküldü gözlərimdən, Kür gəldi, Araz keçdi.

Yum deyir, gözünü yum, Əcəl ömrə son hücum. Batil oldu orucum, Qıldığım namaz keçdi.

İli uzun, ayı bol, Göz yaşının çayı bol. Yaman günün payı bol, Yaxşı günüm az keçdi.

Şumladılar – şum oldu, Sovurdular – qum oldu, Yumşaltdılar – mum oldu, Ömür nataraz keçdi.

Haqdan xeyir... yazıram, Tanrı deyir, yazıram. Gördü şeir yazıram, Ölüm məndən vaz keçdi.

2004, 20 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.