Əsas məzmuna keç

Heca şeiri

Ölüm də bir zarafatdı

Zəlimxan Yaqub

1

Biz dünyaya gələn gündən Başımızın üstündədi, Acı-acı gülməyi var, Şirin canın qəsdindədi. Gəzəndə qol-boyun gəzdi, Yatanda qol-boyun yatdı, Yenə tutdu bildiyini, – Ölüm də bir zarafatdı.

Aradabir bizə sarı Göz vurmağı yaman olur. Salıb səhra tufanına, Toz vurmağı yaman olur. Bir də gördün silkələdi, Beşiyi məzara qatdı, – Ölüm də bir zarafatdı.

Ahımız Arazlı, Kürlü, Göz yaşımız dürlü-dürlü. Hədəfin nişanı bəlli, Dərd naxışlı, qəm möhürlü, Ağına, bozuna baxmaz, Qışına, yazına baxmaz, Əli kimə çatdı, çatdı, – Ölüm də bir zarafatdı.

Adı birdi, növü min bir, Ucuz ölüm, baha ölüm. Nə bir yalvarışa baxar, Nə ağrıya, aha ölüm. Zərrə qədər fərq qoymadı Nə qula, nə şaha ölüm. Bəndənin hökmündə deyil, Təslimdi Allaha ölüm. Öz malı, öz müştərisi, Kimi harda satdı, satdı, – Ölüm də bir zarafatdı.

2003, 19 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.