Ölüm Allah işidirmi?
“Ölüm Allah işidi” – deyənlərə
Allahı çəkmə ortaya, Ölüm Allah işidirmi? İnsafın daş, rəhmin qaya, Ölüm Allah işidirmi?
Yarı bölür, tən kəsirsən, Nə kəsirsən, sən kəsirsən, Hər gün ömrümdən kəsirsən, Ölüm Allah işidirmi?
Gözlərdə çən, saçlarda dən, Dərdlərimiz dağlara tən, Ölən mənəm, öldürən sən, Ölüm Allah işidirmi?
Allahı da saymır adam, Azalarmı qayğım, qadam, Sən Əzrayıl, mən cəlladam, Ölüm Allah işidirmi?
Qəlbimizdə qəhər varsa, Dilimizdə zəhər varsa, Zəhərlənmiş şəhər varsa, Ölüm Allah işidirmi?
Nə qədər ki, tamahı var, Bəndənin min-min ahı var, Allahın nə günahı var, Ölüm Allah işidirmi?