Əsas məzmuna keç

Qoşma

Ölü basdırırıq hər gün ürəkdə

Zəlimxan Yaqub

1

Ölü basdırırıq hər gün ürəkdə, Yalan diriləndə həqiqət ölür. Ölən həqiqətin qırxı çıxmamış, Dalınca min cürə xoş adət ölür.

Qurub çadırını, yasxanasını, Tuturuq ölənin beş gün yasını. Ürək var, ölüm də yumur pasını, O, diri qaldıqca ləyaqət ölür.

Görür ki, nahaqdan düşəcək qana, Abır yavaş-yavaş çəkilir yana. Elə ki, xəyanət girir meydana, Çürüyür içindən, cəsarət ölür.

Məkr, dedi-qodu, hiylə, daşqalaq, Yüz yerdən peyvənddi, min yerdən calaq. Yığılır üstünə qəm qalaq-qalaq, Dərdin tufanında təravət ölür.

Allahı, tanrını salmır yadına, Gedir fitnələrin, gedir badına. Çağırsan, Allah da çatmır dadına, Göz açıb görürsən bir millət ölür.

2002, 13 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.