Olsun
Qoynuna baharla qoşa gəlmişəm, Dağlar, yanaqların yansın, al olsun. İzin ver, eşqinə bir hava çalım, Hər bulaq sazımda şirin xal olsun.
Duruşun döndərsin qəlbimi dağa, Dolanım üstümə nur yağa-yağa. Sarı çiçəklərin dönsün qaymağa, Gül pətək olanda, şeh də bal olsun.
Sevinc yaşlarımı duy gilə-gilə, Yanğımın üstünə sərinlik çilə. Hüsnün dilsizi də gətirsin dilə, Sənə bu gözəllik qoy halal olsun!
1976, 28 fevral