Əsas məzmuna keç

Qoşma

Ölməz ustad

Zəlimxan Yaqub

1
Ölümündən iki ay əvvəl ölümsüz ustadımız Aşıq Hüseyn Saraçlı telli sazın təkrarolunmaz sahibi Aşıq Əmrah Gülməmmədovun xəstə yatdığını eşidib sənət dostuna baş çəkməyə gəlir. Əmrah kişini ölüm döşəyində görən, özü də xəstə olan Hüseyn əmi dərindən köksünü ötürüb deyir: Əmrah kişi, bu yazı sağ-salamat başa vura bilsək, daha bizə ölüm yoxdu. Tale elə gətirdi ki, Borçalı mahalının əvəzsiz sənət ağsaqqalları elə həmin yaz fəslində dünyadan köçdülər. 1987-nin aprelində Aşıq Əmrahın qırxı Aşıq Hüseynin dəfn gününə düşdü.

Bizdən ötrü ağır gəldi bu bahar, Söz ürəkdə, saz köynəkdə qalıbdı. Bir mahalın mahal boyda dərdi var, Qəlb ağrıda, can köynəkdə qalıbdı.

Getdi daha şirin ləhcə, xoş avaz, Nə danışsın yasa batmış pərdələr. İndən belə hər dinəndə telli saz, Başım üstdən qəm səpələr, dərd ələr.

Bir bağçanın güllərini döydü qar, Bir bülbülün ötən səsi qırıldı. Gümüş tellər haray çəkər, hay salar, Ulu sazın şah pərdəsi qırıldı!

On barmağı on bir telə bağladı, Ovsunuyla görün nələr yaratdı. Zili bəmə, bəmi zilə bağladı, Xatırlandı, xatirələr yaratdı!

Ellər çəkdi sənətkarın nazını, “Sənətində kişi şahdı”, – dedilər. Bir xalından tanıdılar sazını, “Qulaq asın, o Əmrahdı!” – dedilər.

Bir məclisə Əmrah gəlib deyəndə, Uçmaq üçün yeldən qanad taxardıq. Bu şad xəbər qapımızı döyəndə, Evdən evə, eldən elə axardıq.

Duyğuları döndərərdi gur çaya, Kamil ustad keçirəndə toyları. Bəylə gəlin sığışmazdı dünyaya, Bir qarış da ucalardı boyları!

Əmrah kimdir? Əsrlərdən gələn səs, Tel gücünü sel gücünə döndərən. Əmrah kimdir? Qaynar çeşmə, od nəfəs, Öz eşqini sabahlara göndərən!

Əmrah kimdir? Yerin yeddi qatından Şirə çəkən, mayalanan kökümüz. Ucalığı çıxmaz elin yadından, Ayrılığı dağdan ağır yükümüz!

Əl tərpəndi, qüdrətini duyurdun, Hər barmağın bir cür xalı varıydı. Dədələşən övladıydı bu yurdun, Hər xalında bir Borçalı varıydı!

Can əriyib harayında, ünündə, Göz yaşını tökənləri görmüşəm. Əmrah kimi ölməzlərin önündə Gəlib dizə çökənləri görmüşəm.

Mənim qəlbim necə dözsün bu yasa, Yatan yatıb, heyif, daha ayılmaz. Onun səsi qulağımda qalmasa, Mənim səsim yer üzünə yayılmaz!

Əmrah ömrü ömürlərə paylanan, Ölməz olan bir sənətin ömrüdür. Gündən-günə çeşmələnən, çaylanan Bir danılmaz həqiqətin ömrüdür!

Öz ləngəri, öz sevinci, öz qəmi, Bu həqiqət Kamandarda yaşayır. Zaman-zaman bir-birinin həmdəmi, Saz kamanda, kaman tarda yaşayır!

Deməyin ki, vaxtı başa yetirdik, Döş çiçəksiz, zirvə qarsız qalmasın. Aman ellər, xan Əmrahı itirdik Saz dünyası Kamandarsız qalmasın!

Sənət üçün çox qartallar bəsləyər, Dayazlara bir ötərki səs deyər. Oğulları ucalığa səsləyər Telli sazda Aşıq Əmrah zirvəsi!

Yüksələnə yüksəklikdən pay verər, Ürək verər, nəfəs verər, hay verər. Çox boyalara öz boyundan boy verər, Telli sazda Aşıq Əmrah zirvəsi!

Başı üstdə Günəş doğar, gün durar, Sərt tufanlar bata bilməz, gen durar. Dədə Qorqud zirvəsiylə tən durar, Telli sazda Aşıq Əmrah zirvəsi!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.