Ölmək şair üçün qorxulu deyil
Od olub Günəşdə, Ayda yaşayar, Su olub dənizdə, çayda yaşayar, Özləri ölsə də, sözləri ölməz, Dünyada belə bir qayda yaşayar – Ölmək şair üçün qorxulu deyil!
Adı nəsillərin sözündə qalar, Qəlbində, ruhunda, gözündə qalar. Nəfəsi torpağın bərəkətində, İşığı göylərin üzündə qalar – Ölmək şair üçün qorxulu deyil!
Zamanın yazından, qışından keçər, O, qışdan adlayar, qış ondan keçər. Dönməz əqidəli, sönməz inamlı, Məsləki yolunda başından keçər Ölmək şair üçün qorxulu deyil!
Qəm onu yaralar, dərd onu çapar, Beynində qovğalar, tufanlar qopar. İnadı dağıdar daş zindanları, Lap ölümdə belə, ölməzlik tapar – Ölmək şair üçün qorxulu deyil!
Gah zildə danışar, gah enər pəsə, Ömürdür nəğməyə, qanaddır səsə. Yenidən başlasa Nuhun tufanı, İsrafil surunu çalmaq istəsə, Ölmək şair üçün qorxulu deyil!
Üstünü fəlakət alsa dünyanın, Danışan dilləri lalsa dünyanın, Sözü yaşatmağa bu yer üzündə, Bircə danışanı qalsa dünyanın – Ölmək şair üçün qorxulu deyil!