Əsas məzmuna keç

Qoşma

Olmaz, olmaz

Aşıq Ələsgər

1

Aşıq olan eşqə düşər, dərd çəkər, Mənim kimi dərdi yüz olmaz, olmaz. Hər ağacdan sandal, hər yarpaqdan gül, Hər torpağın tamı duz olmaz, olmaz.

Sözün yeri gəldi, qoy deyim barı, Eşidənlər məni görməsin karı. Aşığın nisyəsi, kürdün ilqarı Desələr, inanma, düz olmaz, olmaz.

Zikirsiz mömini şeytan aldadar, Sayqısız iyidi düşman aldadar, Ağılsız cahalı kirşan aldadar, Günü keçmiş qarı qız olmaz, olmaz.

Görməmişəm öküz yeriyə yorğa, Gədədən bəy olmaz, dəlidən darğa. Suda çimmək ilə sağsağan, qarğa, Göldə silkələnib qaz olmaz, olmaz.

Ələsgər, sərrafsan, gövhəri tanı, Dosta qurban olsun düşmənin canı. Comərdin kisəsi, mərdlərin nanı, İnşallah, ölüncə az olmaz, olmaz.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.